Qadın sahibkarlığın inkişafında biznes

Xaçmazda yerləşən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində “Qadın sahibkarlığının inkişafında biznes inkubatorların rolu” mövzusunda seminar keçirilib.

İqtisadiyyat Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, tədbirdə İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının nümayəndələri, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun iştirakçıları, Xaçmaz şəhərində fəaliyyət göstərən qadın sahibkar və menecerlər iştirak edib.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Prezident İlham Əliyev tərəfindən ölkəmizdə qadın sahibkarlığının inkişafına, qadınların sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə, qadınların məşğulluğunun təmin edilməsinə və sosial problemlərinin həllinə böyük diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb.

Qeyd edilib ki, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə qadınlar üçün biznes inkubatorların yaradılması barədə müəyyən edilmiş istiqamətə uyğun olaraq, 2017-ci ildə İqtisadiyyat Nazirliyi tərəfindən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində və Yevlax şəhərində yerləşən Aran Regional İnkişaf Mərkəzində qadınlar üçün biznes inkubatorlar yaradılıb. Bu məqsədlə Almaniya, Finlandiya, Slovakiya, İtaliya, Türkiyə, Cənubi Koreya, Rusiya kimi ölkələrin qabaqcıl təcrübəsi öyrənilib, ölkəmizdə tətbiqi imkanları araşdırılıb, biznes inkubatorların normativ sənədləri və fəaliyyət proqramı hazırlanaraq təsdiq edilib, müvafiq infrastruktur yaradılıb. Qadınlar üçün biznes inkubatorların yaradılmasının təşviqı istiqamətində görülən işlərdən danışan S.Məmmədov nazirlik tərəfindən 2017-ci ilin 9 ayı ərzində Bakı şəhərində və regionlarda bu sahədə 20-dən çox maarifləndirici tədbirin keçirildiyini bildirib. Diqqətə çatdırılıb ki, Quba-Xaçmaz və Aran Regional İnkişaf mərkəzlərində yaradılmış biznes inkubatorlar üçün qadın iştirakçılarının seçilməsi məqsədilə müsabiqə elan edilib və bu barədə KİV-də müvafiq elanlar yerləşdirilib. Namizədlərin müəyyən edilməsi prosesinin hazırda da davam etdiyini vurğulayan S.Məmmədov təşəbbüskar qadınları biznes inkubatorlarda fəal iştiraka dəvət edib.

Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bu cür tədbirlərin regionlarda sahibkarlıq fəaliyyətinin genişlənməsində, iqtisadi aktivliyin yüksəldilməsində, qadınların fəallığının artırılmasında, eləcə də innovativ və perspektivli biznes sahələrinin inkişafında əhəmiyyətli olacağını qeyd edib.

Tədbirdə qeyd olunub ki, biznes inkubatorlarda treninqlərin, beynəlxalq ekspertlərin iştirakı ilə seminarların, müsabiqələrin və digər tədbirlərin keçirilməsi, davamlı olaraq məsləhət xidmətlərinin göstərilməsi və s. tədbirlər biznes inkubator iştirakçılarının sahibkar kimi formalaşmasında əhəmiyyətli rol oynayır. Bildirilib ki, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun 2 qadın iştirakçısı hazırda xalq sənəti məhsulları istehsalının təşkili üzrə fəaliyyət göstərir. Xalçaçılıq üzrə təşkil edilmiş Tədris Mərkəzinə artıq region üzrə xalçaçılıq sənətini öyrənmək istəyən 12 qadın cəlb olunub. Biznes inkubatorda xalq sənəti olan xalçaçılığın sirlərinin dərindən öyrənilməsi üçün hər cür şərait yaradılıb, tədris üçün zəruri avadanlıqlarla təchiz olunmuş işçi sahəsi ayrılıb. Hazırda Tədris Mərkəzinin dinləyiciləri xalçaçılıq sənətinin sirlərini öyrənməklə yanaşı, xalçaçılıq məhsullarının istehsalı ilə də məşğul olurlar. Biznes inkubatorun digər rezidenti - gənc əlil qadın isə dekorativ sənət və rəssamlıq məhsullarının istehsalı üzrə fəaliyyət göstərir. Dekorativ sənət və rəssamlıq məhsullarının satışa çıxarılması nəzərdə tutulur.

İştirakçılar təşəbbüskar qadınların hərtərəfli diqqət və qayğı ilə əhatə olunduğunu, onların yaradıcılıq və məşğulluq təşəbbüslərinin dəstəkləndiyini, aparılan davamlı islahatlar qadınların sahibkarlıqla daha fəal məşğul olması üçün yeni imkanlar yaradır.

Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun məzunları və iştirakçıları çıxış edərək onlara yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Tədbirdə regionlarda qadın sahibkarlığın inkişafı, qadınların məşğulluğunun artırılması və bu sahədə sahibkarlığın rolunun gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Sonda tədbir iştirakçıları Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan inzibati rayonlarda yaşayan gənc qadınların əl işlərindən ibarət sərgi ilə tanış olublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR