Azərbaycan prezidenti: İslam sülh və qardaşlıq dinidir

Azərbaycan prezidenti: İslam sülh və qardaşlıq dinidir
00:22 7 Aprel 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 01:16 ]

"Biz İslam həmrəyliyinin gücləndirilməsi üçün daha çox çalışacağıq"

Bakı-APA. "İslamı dünyaya təhlükə kimi təqdim etmək istəyənlərə imkan verməmək üçün biz daha çox çalışmalıyıq, səylərimizi birləşdirməliyik".

 

APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni tərəfindən Azərbaycan dövlət başçısının şərəfinə verdiyi naharda deyib.

 

Azərbaycan prezidenti bir gün əvvəl Səudiyyə Ərəbistanının Kralı, İki Müqəddəs Ocağın Xadimi ilə ikitərəfli münasibətlərə dair bir çox məsələləri və regional prosesləri müzakirə etdiyini bildirib: “Biz tərəfdaşlığımızın strateji xarakterini bir daha təsdiqlədik. Səudiyyə Ərəbistanı və Azərbaycan qardaş və dostdurlar. Bütün beynəlxalq təsisatlarda hər zaman bir-birimizi dəstəkləyirik və dəstəkləməkdə davam edəcəyik. Eyni zamanda, dünən ölkənizin nazirləri ilə görüşlər zamanı iqtisadi və siyasi əməkdaşlığa dair müxtəlif layihələri, qarşılıqlı ticarətin həcminin artırılması imkanlarını müzakirə etdik. İqtisadi tərəfdaşlığımızı siyasi əməkdaşlığımız səviyyəsinə qaldırmalıyıq. Gələn ay ölkəmizə səfər edəcək Səudiyyə Ərəbistanının iş adamlarından ibarət böyük nümayəndə heyəti və noyabr ayında sizin ölkəyə yollanacaq bizim nümayəndə heyətimiz, fikrimcə, iqtisadi əməkdaşlıq üçün çox məhsuldar format yaradacaq”.

 

Azərbaycan prezidenti qeyd edib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi olduqca fəal rol oynamağa və dünyada İslam həmrəyliyi işinə töhfə verməyə çalışır: “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında qeyri-daimi üzv olduğumuz zaman biz BMT ilə İƏT arasında əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirirdik və beləliklə, təşkilatımızın fəaliyyətinə daha çox diqqətin cəlb edilməsinə nail olduq. Fürsətdən istifadə edərək, ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlük üçün Azərbaycanın namizədliyinə verdiyi güclü dəstəyə görə İslam Əməkdaşlıq Təşkilatına təşəkkürümü bildirmək istəyirəm. Həmin vaxt mən çox aydın şəkildə bəyan etdim ki, əgər seçilərsə, Azərbaycan nəinki özünü, eləcə də bütün müsəlman aləminin ölkələrini təmsil və müdafiə edəcək”.

 

Dövlət başçısı bildirib ki, Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi üçün daha çox çalışacağıq: “Azərbaycan 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını qəbul edəcək. Bu, həmçinin birliyimizə verilən töhfədir. Çünki Oyunlar təkcə idman yarışı olmayacaq, eyni zamanda, birliyimizin, müsəlman aləmində gənc nəsillərimizin həmrəyliyinin günləri olacaq. Biz qardaşlıq ənənələrimizi bizi əvəzləyəcək gənc nəsillərə ötürməliyik. Nəzərə almaq lazımdır ki, bu gün media, qloballaşma və gündəlik həyatımızın digər elementləri müxtəlif aspektlər baxımından öz rolunu oynayır. Əfsuslar ki, onlar bəzən köklərimizi, ənənələrimizi sual altında qoyaraq, mənfi rol da oynayır. Qloballaşma özlüyündə yaxşı bir prosesdir. Lakin o bəzən kökləri, ənənələri, dini, bayramları və dəyələri yaddan çıxarmaq mənasını daşıyırsa, onda biz bu cür qloballaşmanı dəstəkləmirik. Bu səbəbdən, müsəlman aləminin gənc nəsilləri milli, ənənəvi dəyərlərimizə əsaslanaraq tərbiyələndirilməlidirlər”.

 

Prezident İlham Əliyev bildirib ki, müsəlman aləminin mədəniyyətini nümayiş etdirmək, İslamı sülh, qardaşlıq və tolerantlıq dini kimi təqdim etmək məqsədilə dünyanın müxtəlif yerlərində bir çox konfranslar, sərgilər və digər mədəni tədbirlər təşkil edilib: “İslamı dünyaya təhlükə kimi təqdim etmək istəyənlərə imkan verməmək üçün biz daha çox çalışmalıyıq, səylərimizi birləşdirməliyik. İslam sülh və qardaşlıq dinidir. Biz bunu bilirik. Hər kəs bunu bilməlidir. Dəyərlərimizi təşviq etmək və keçmişimizi, bu günümüzü və gələcəklə bağlı planlarımızı düzgün şəkildə çatdırmaq üçün daha fəal olmalıyıq. Hesab edirəm ki, hazırda aparıcı beynəlxalq təşkilatlardan birinə çevrilmiş İslam Əməkdaşlıq Təşkilatı ilə öz məqsədlərimizə nail olacağıq”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378623

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR