İslamı təhlükə kimi göstərirlər

İslamı təhlükə kimi göstərirlər
01:56 7 Aprel 2015
51 Ölkə
Ölkə mətbuatı
A- A+

"Biz İslam həmrəyliyinin gücləndirilməsi üçün daha çox çalışacağıq. Azərbaycan 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını qəbul edəcək. Bu, həmçinin birliyimizə verilən töhfədir. Çünki Oyunlar təkcə idman yarışı olmayacaq, eyni zamanda, birliyimizin, müsəlman aləmində gənc nəsillərimizin həmrəyliyinin günləri olacaq".

ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Ciddədə İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni tərəfindən Azərbaycan dövlət başçısının şərəfinə verdiyi naharda deyib.

İlham Əliyev bildirib: "Biz qardaşlıq ənənələrimizi bizi əvəzləyəcək gənc nəsillərə ötürməliyik. Nəzərə almaq lazımdır ki, bu gün media, qloballaşma və gündəlik həyatımızın digər elementləri müxtəlif aspektlər baxımından öz rolunu oynayır. Əfsuslar ki, onlar bəzən köklərimizi, ənənələrimizi sual altında qoyaraq, mənfi rol da oynayır. Qloballaşma özlüyündə yaxşı bir prosesdir. Lakin o bəzən kökləri, ənənələri, dini, bayramları və dəyələri yaddan çıxarmaq mənasını daşıyırsa, onda biz bu cür qloballaşmanı dəstəkləmirik.

Bu səbəbdən, müsəlman aləminin gənc nəsilləri milli, ənənəvi dəyərlərimizə əsaslanaraq tərbiyələndirilməlidirlər. Əlbəttə, Səudiyyə Ərəbistanının bu baxımdan oynadığı rol çox əhəmiyyətlidir. Azərbaycan da öz növbəsində dəyərlərimizi təşviq etmək üçün əlindən gələni edir. Biz müsəlman aləminin mədəniyyətini nümayiş etdirmək, İslamı sülh, qardaşlıq və tolerantlıq dini kimi təqdim etmək məqsədilə dünyanın müxtəlif yerlərində bir çox konfranslar, sərgilər və digər mədəni tədbirlər təşkil etmişik".

Prezident deyib ki, islamı dünyaya təhlükə kimi təqdim etmək istəyənlərə imkan verməmək üçün biz daha çox çalışmalıyıq, səylərimizi birləşdirməliyik: "İslam sülh və qardaşlıq dinidir. Biz bunu bilirik. Hər kəs bunu bilməlidir. Dəyərlərimizi təşviq etmək və keçmişimizi, bu günümüzü və gələcəklə bağlı planlarımızı düzgün şəkildə çatdırmaq üçün daha fəal olmalıyıq.

İştirak etdiyimiz bütün beynəlxalq forum və təşkilatlarda müsəlman qardaşlarımızı dəstəkləməkdə davam edəcəyik, öz məqsədlərimizə nail olacağıq, müsəlman aləmində hamımız üçün çox zəruri olan daha güclü tərəfdaşlıq və birlik quracağıq. Hesab edirəm ki, hazırda aparıcı beynəlxalq təşkilatlardan birinə çevrilmiş İslam Əməkdaşlıq Təşkilatı ilə öz məqsədlərimizə nail olacağıq".
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=336273

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR