Azərbaycan Qırğızıstanda keçirilən beynəlxalq seminarda təmsil olunub

Azərbaycan Qırğızıstanda keçirilən beynəlxalq seminarda təmsil olunub
02:28 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Bişkekdə Dünya Poçt İttifaqının (ÜPİ) strateji regional layihələri çərçivəsində “Avropa və MDB-də xidmətin keyfiyyəti və logistika şəbəkəsinin təkmilləşdirilməsi” mövzusunda 2-ci beynəlxalq seminar, Regional Rabitə Birliyinin (RRB) Poçt Komissiyasının və Poçt Operatorları Şurasının birgə iclası keçirilib.
Beynəlxalq seminarda Azərbaycan nümayəndə heyəti ilə yanaşı, RRB-nin üzvü olan ölkələrin (Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan) poçt administrasiyalarının əməkdaşları, həmçinin ÜPİ-nin layihə rəhbəri Yuriy Spiriyev, ekspertləri Akileş Matur, Karmen Bernardino, Yan Boynanski və digər rəsmi şəxslər iştirak ediblər.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə müzakirə edilən mövzu ilə bağlı üzv ölkələrin məlumatları dinlənilib. Azərbaycan Poçt Administrasiyasının nümayəndələri çıxış edərək son illərdə ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
RRB-nin Poçt Komissiyasının və Poçt Operatorları Şurasının birgə iclasında isə ÜPİ-nin 25-ci konqresinin qərarlarının həyata keçirilməsi sahəsində birliyin üzvü olan poçt administrasiyalarının fəaliyyətləri və ittifaqın gələcək strategiyasına həsr edilən “dəyirmi masa”ya hazırlığın vəziyyəti müzakirə olunub.
Eyni zamanda, aprelin 13-14-də ÜPİ-nin Cenevrədə keçiriləcək strateji konfransına hazırlıq, RRB-nin poçt sahəsi üzrə işçi qruplarının gördükləri işlər barədə hesabatlar, poçt mütəxəssislərinin hazırlanması üçün regional tədris mərkəzinin açılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Qirgizistanda_kechirilen_beynelxalq_seminarda_temsil_olunub-844105

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR