Beynəlxalq Gözdən Əlillər Günüdür - 13 noyabr

Bu gün dünyada Beynəlxalq Gözdən Əlillər Günü kimi qeyd edilir.

Metbuat.az-ın məlumatına görə, bu tarix fransız pedaqoqu Valentin Qayuinin doğulduğu tarixdir. 1745-ci il noyabrın 13-də anadan olan Valentin Qayuin dünyada ilk dəfə öz hesabına gözdən əlillər üçün qabarıq şriftlər yaradıb. 1784-cü ildə isə o, öz evində görmə qüsuru olan işçilərin emalatxanası adlı məktəb açıb və ixtira etdiyi şriftlərdən istifadə etməklə onlara təlim keçib. 30 mindən çox görmə qüsurlu şəxs olan Azərbaycanda isə 2002-ci ildən etibarən Gözdən Əlillər Cəmiyyəti fəaliyyət göstərir.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək pensiyası ilə təmin olunanlardan 8575 nəfəri gözdən əlillərdir. Onlara ödənilən əmək pensiyasının orta aylıq məbləği 286,4 manat təşkil edir. Əmək pensiyası almaq hüququ olmayan gözdən əlillər isə aylıq sosial müavinətlə təmin edilirlər.

Eyni zamanda, əmək pensiyası hüququ olmayan ümumi səbəblərdən I qrup əlilliyi olan şəxslərə, o cümlədən I qrup gözdən əlillərə aylıq sosial müavinətlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri də ödənilir.

Cari ildə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərdə tam sığorta əsaslı pensiya təminatı prinsipinin tətbiqi zamanı da əlilliyə görə əmək pensiyasının I qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilməsi əksini tapıb. Həmçinin Qanunun 13.3-cü maddəsinə I qrup əlillərə təyin olunmuş əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilməsini nəzərdə tutan ikinci bənd əlavə edilib. Eyni zamanda Qanuna 01.07.2017-ci il tarixdən edilmiş dəyişikliklərə əsasən həmin tarixdən sonra pensiya təyin edilmiş I qrup gözdən əlil olanların əmək pensiyasının sığorta hissəsinin üzərinə 110 manat əlavə hesablanması nəzərdə tutulub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR