Güclü təsiredici maddə satan şəxs

Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsi tərəfindən paytaxtda fəaliyyət göstərən apteklərdə güclü təsir edən dərmanların qanunsuz satılmasına dair yayılmış məlumatlarla əlaqədar zəruri tədbirlər həyata keçirilməkdədir.

Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsindən Metbuat.az-a verilən birgə məlumata görə, “Best Pharma” MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 148 ünvanında fəaliyyət göstərən aptekdə işləyən Natiq İsmayılovun həkim resepti olmadan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən tramadol 225 mq-lik tərkibli “Royal” adlı və preqobalin tərkibli “Paden” adlı 7 ədəd həbi qanunsuz satmasında əsaslı şübhələr müəyyən edildiyindən noyabrın 11-də Bakı şəhər prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 240.2.2-ci (təkrarən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma) maddələri ilə cinayət işi başlanmışdır.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri zamanı qeyd edilən aptekə baxış keçirilərkən 42 ədəd hər biri 300 mq olan “Lyrica pfizer” həbləri, güclü təsir edən dərmanların dövriyyəsi ilə bağlı qeydiyyat dəftərləri, təhlükəsizlik kamerasının yaddaş qurğusu aşkar edilərək maddi sübut kimi götürülmüşdür.

İstintaqla həmçinin, aptekdə güclü təsir edən dərman vasitələrinin ayrıca satıldığı, həmin dərmanların pulunun ayrıca yığılması, qeyd olunan dərman vasitələrinin aptekdə xüsusi hazırlanmış gizli yerdə saxlanılması müəyyən olunmuş və həmin yerdən 40 min manatdan artıq dəyəri olan müxtəlif tərkibli güclü təsir edən maddələr aşkar edilərək götürülmüşdür.

N.İsmayılov iş üzrə Cinayət Məcəlləsinin 240.3.2-ci (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma, külli miqdarda törədildikdə ) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona qeyd edilən maddədə nəzərdə tutulan ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

Bundan başqa, aptekin faktiki rəhbəri İlham Yusifovun Cinayət Məcəlləsinin 308.1 və 240.3.2-ci maddələri ilə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş, lakin sonuncu istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilmişdir.

Hazırda güclü təsir edən maddələrin qanunsuz dövriyyəsində iştirak edən digər şəxslərin dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qaçqın və məcburi köçkünlərə ŞAD XƏBƏR - 50 faiz artırıldı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR