ABŞ-ın nüfuzlu qəzetində Azərbaycan Dağ Yəhudiləri İcmasının sədrinin məqaləsi dərc olunub

10:17 7 Aprel 2015
45 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 10:10 ]

Bakı – APA. ABŞ-ın böyük yəhudi qəzetlərindən olan, Los Ancelesdə buraxılan “Jewish Journal”ın 6 aprel, 2015-ci il tarixli sayında Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayevin geniş məqaləsi dərc olunub.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, “Azərbaycan və ABŞ yəhudiləri: müstəsna əlaqələri qeyd edərkən” başlıqlı məqalədə müəllif Azərbaycanda və Los Ancelesdə yaşayan yəhudilər arasında qurulmuş münasibətlərdən, Azərbaycanın tarixi tolerantlıq ənənələrindən bəhs edir və ölkəmizdə yaşayan dini icmalara, o cümlədən yəhudi icmasına göstərilən diqqətdən söz açır.   

 

M.Yevdayev 2015-ci ilin fevral ayında Los Ancelesin yəhudi icması tərəfindən Azərbaycan Dağ Yəhudiləri İcmasına Tövratın (Sefer Torah) hədiyyə edilməsini tarixi hadisə hesab edərək, bu hadisə nəticəsində ABŞ ictimaiyyətinin Azərbaycanda dini etiqadlara göstərilən ehtiram barədə bir daha məlumatlandığını qeyd edir. O bildirir ki, dağ yəhudiləri 2000 ildən çoxdur, Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşayır. Yəhudi icmasına göstərilən qayğıdan bəhs edən müəllif qeyd edir ki, dünyəvi müsəlman ölkəsi olan Azərbaycanda yəhudilərin dinc şəraitdə, daim hörmət görərək yaşamalarının və dini etiqadlarına azad şəkildə əməl etmələrinin qarantı Azərbaycan hökuməti və xalqıdır.  

 

Eyni zamanda, M.Yevdayev bildirir ki, Azərbaycan tolerantlığı ilə bütün dünya üçün gözəl nümunədir. “Azərbaycan, öz müsbət nümunəsilə müsəlman, yəhudi və xristianların sülh, qarşılıqlı hörmət və ehtiram şəraitində birgə yaşamasının mümkünlüyünü sübut edir”, - deyə müəllif qeyd edir.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378646

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR