Azərbaycanda 1543 diabet xəstəsi uşaq var

14 noyabr Ümumdünya Diabet Günüdür (ÜDG).

Metbuat.az-ın məlumatına görə, ömür müddətinin azalmasının səbəbi olan bu xəstəliyə cəmiyyətin diqqətini cəlb etmək üçünə Dünya Səhiyyə Təşkilatının və Beynəlxalq Diabet Federasiyasının tövsiyələri ilə 1991-ci ildən 14 noyabr Ümumdünya Diabet Günü kimi qeyd edilir.

2006-cı il dekabrın 20-də BMT Baş Məclisi tərəfindən qəbul edilmiş qətnaməyə görə, Ümumdünya Diabet Günü 2007-ci ildən BMT-nin rəsmi günü elan edilib. 14 noyabr Frederik Bantinqin doğum günüdür. Bu alim 1922-ci ildə Çarlz Best ilə birlikdə insulini kəşf edərək, bu xəstəlikdən əziyyət çəkənlərin müalicəsində yeni dövr açıb. Şəkərli diabetə qarşı ümumdünya mübarizə gününün əsas məqsədi bu xəstəlik, onu törədən səbəblər və əlamətləri barədə əhalini məlumatlandırmaqdır. Dünya Diabet Gününün (DDG) emblemi olan mavi dairə şəkərli diabet ətrafında hamının birləşməsini simvolizə edir.

Dünyada hər 10 saniyədən bir iki adama şəkərli diabet diaqnozu qoyulur, bir adam isə şəkərli diabetin fəsadlarından dünyasını dəyişir. Dünya ölkələrinin çoxunda ürək-damar və onkoloji xəstəliklərdən sonra ölüm səbəbləri arasında üçüncü yeri şəkərli diabet tutur. Hazırda dünyada şəkərli diabetə tutulmuş təxminən 422 milyon xəstə var. Bu xəstəlik vaxtında müalicə olunmayanda, çox ciddi fəsadlar törədir.

Dünya Səhiyyə Təşkilatının (DST) proqnozlarına görə, diabetdən əziyyət çəkənlərin sayı 2040-cı ilə qədər artaraq 642 milyon nəfərə çata bilər. Statistik məlumatlar göstərir ki, təəssüf ki, dünya ölkələrinin çoxunda olduğu kimi, Azərbaycanda da bu xəstəliyə tutulanların sayının artması müşahidə olunur. 2017-ci ilin sentyabr ayının əvvəli üçün respublikanın müalicə-profilaktika müəssisələrində qeydiyyata alınan diabet xəstələrinin sayı 241 min 223 nəfər təşkil edib ki, onların da 73 min 367 nəfəri Bakı şəhəri sakinidir. II tip şəkərli diabetdən 29 min 830 adam (1683 nəfəri Bakı sakini), I tip diabetdən 211 min 493 adam (71 min 684 nəfəri Bakı sakini) əziyyət çəkir. Bundan əlavə, Azərbaycanda diabet xəstəsi olan 1543 uşaq rəsmi olaraq qeydə alınıb ki, onların da 556 nəfəri paytaxt sakinidir. II tip şəkərli diabetdən 21 uşaq (2-si Bakıda), I tip diabetdən 1522 uşaq (554-ü Bakıda) əziyyət çəkir.

DST qeyri-yoluxucu xəstəliklərin profilaktikası və onlara nəzarət edilməsi üçün Qlobal Fəaliyyət Planını təsdiq edib. Fəaliyyət Planında 2025-ci ilə qədər əldə edilməli olan doqquz qlobal məqsəd müəyyən olunub. Hazırda dünyada 199 milyondan çox qadın diabet xəstəsidir. Diabetdən əziyyət çəkən hər beş qadından ikisi, yəni 60 milyondan çox qadın reproduktiv yaşdadır. Diabet qadınlar arasında ölüm hallarının doqquzuncu aparıcı səbəbidir. Hər il 2,1 milyon qadın bu xəstəlikdən dünyasını dəyişir. II tip diabeti olan qadınlar ürəyin işemik xəstəliyindən 10 dəfə çox əziyyət çəkir. I tip diabeti olan qadınlarda erkən uşaqsalma, yaxud inkişaf qüsurlu uşaqların doğulması riski var.

Günay Elşadqızı \ METBUAT.AZ

Putin: “Bu məsələdə Türkiyə ilə razıyıq” - Prezidentlərin görüşü

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR