Bərdə, 7 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Bu il Bərdə rayonunun Kürboyu ərazilərində 90 hektar sahədə yeni meşəliklər salınacaq.
Bərdə rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən AZƏRTAC-a bildiriblər ki, yeni meşələrin 30 hektarının yaz mövsümündə, 60 hektarının isə payızda salınması nəzərdə tutulur. Artıq yazlıq meşə əkinləri başa çatmaq üzrədir. Oğlan baba, Aslan Əyricə, Bərdə, Gülbalı meşəbəyliklərində salınan yeni meşələrə əsasən qoz, akasiya, iydə və digər növlərdən olan ağaclar əkilir. Bundan başqa, sahəsi ümumilikdə 170 hektar olan meşəliyə mexaniki xidmət göstərilib, 560 hektarda suvarma işləri həyata keçirilib. Kökləndirmək üçün 1 hektar sahədə 50 min ədəd qələm basdırılıb. 1 hektar ərazidə sərv, tuya və şam ağaclarından ibarət böyütmə sahəsinin yaradılması, 2 hektar sahədə akasiya ağaclarından ibarət tinglik səpilməsi də yaz mövsümündə həyata keçiriləcək.