Argentina Milli Xəbərlər Agentliyi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məqaləyə görə Azərbaycandan üzr istəyib

11:22 7 Aprel 2015
45 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 11:17 ]

Bakı – APA. Azərbaycanın Argentinadakı səfirliyinin müraciətindən sonra bu ölkənin Telam agentliyində Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı erməni tərəfinin mövqeyini əks etdirən məqalə agentliyin internet səhifəsindən çıxarılıb.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 18-23 mart tarixlərində Ermənistanda keçirilmiş beynəlxalq mediaforumun bəzi iştirakçılarının Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri təşkil olunub. Həmin iştirakçılar arasında Telam - Argentina Milli Xəbərlər Agentliyinin jurnalisti Maria Laura Karpineta (Carpineta) da olub və qanunsuz səfərdən sonra argentinalı jurnalistin Telamın internet saytında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı erməni tərəfinin mövqeyini əks etdirən məqaləsi yerləşdirilib.

 

Məsələ ilə bağlı Azərbaycanın Argentinadakı səfirliyi Telam agentliyinin rəhbərliyi ilə əlaqə saxlayıb. Səfirlik tərəfindən jurnalistin Azərbaycanın işğal olunmuş ərazilərinə icazəsiz səfər etdiyi, bununla Azərbaycanın müvafiq qanunlarını pozduğu və buna görə də Azərbaycanda "arzuolunmaz şəxslərin siyahısı"na daxil ediləcəyi bildirilib, habelə yazının agentliyin rəsmi internet saytında yerləşdirilməsinin qəbuledilməz olduğu diqqətə çatdırılıb. Səfirlik tərəfindən Telam agentliyinə Ermənistanın Azərbaycana qarşı işğalı ilə bağlı ətraflı məlumat da təqdim olunub.

 

Bundan dərhal sonra həmin məqalə Telam agentliyinin rəsmi səhifəsindən çıxarılıb. Agentliyin rəhbərliyi tərəfindən Azərbaycan səfirliyinə rəsmi üzrxahlıq məktubu da göndərilib.

 

Məktubda Telamın rəhbərliyi təəssüfləndiyini bildirib ki, agentliyin internet saytında yerləşdirilmiş məqalədə BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrində qeyd olunduğu kimi, Dağlıq Qarabağın Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisi olması və Ermənistan tərəfindən işğal olunması fikri aydın şəkildə əks olunmayıb. Qeyd olunub ki, sonradan aparılmış araşdırma nəticəsində məsələ ilə bağlı bir sıra səhvlərə və qeyri-dəqiqliklərə yol verildiyi aşkarlanıb və bu səbəbdən də məqalə agentliyin internet saytından çıxarılıb. Telam rəhbərliyi bu kimi anlaşılmazlıqların gələcəkdə təkrarlanmaması üçün müvafiq iş aparılacağını bildirib. Məktubun sonunda Argentina Milli Xəbərlər Agentliyinin rəhbərliyi Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə birmənalı hörmətini ifadə edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378664

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR