Sığorta şirkətinin əməkdaşını qətlə yetirən şəxsə hökm oxundu

Sığorta şirkətinin əməkdaşını qətlə yetirən şəxsə hökm oxundu
16:43 9 Yanvar 2015
168 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir Anar Əliyev/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Tərlan Tahirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Tərlan Tahirov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

2014-cü il iyulun 11-də Bakıxanov küçəsi, 50 ünvanında yaşayan 31 yaşlı Natəvan Əliyevanın evində qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Dərhal hadisə yerinə gələn Nəsimi rayon Polis İdarəsi və prokurorluq orqanlarının əməkdaşları istintaq əməliyyat tədbirlərinə başlayıb.

Hadisə yerinə baxış zamanı qətlin tamah məqsədilə törədilməsi müəyyən olunub. Peşəkarlıqla həyata keçirilmiş istintaq əməliyyat tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Quba rayonunda anadan olmuş 26 yaşlı Tərlan Tahirov saxlanılıb. Tərlan Tahirov əməlini etiraf edərək qətli tamah məqsədilə törətdiyini bildirib.
Məlum olub ki, Tərlan Tahirov təxminən 1 il əvvəl Natəvan Əliyevanın evində mətbəx mebeli quraşdırıb. Tərlan Tahirov qadının külli miqdarda pulu olacağını ehtimal edərək ünvanı yadda saxlayıb və hədə-qorxu ilə pul almaq qərarına gəlib. İyulun 11-də axşam saat 19 radələrində özü ilə bıçaq da götürən Tərlan Tahirov Natəvan Əliyevanın evinə gəlib.

O, mebelin yarımçıq qalmış hissəsinin ölçüsünü götürmək adı ilə evə daxil olub. Tərlan Tahirov əvvəlcə ev sahibəsindən ölçü üçün qələm və kağız istəyib. Qadın otağa keçdikdə isə onun arxası ilə gəlib və bıçaqla qorxudaraq pul, qızıl tələb edib. Bu zaman Natəvan Əliyeva qışqırmağa başlayıb. Tərlan Tahirov ona əvvəlcə sinəsindən 1 bıçaq zərbəsi endirib. Sonra yerə yıxılan qadına bədəninin müxtəlif nahiyələrindən bir neçə zərbə vurub.

Ev sahibəsinin öldüyünü görən Tərlan Tahirov mənzildə axtarış aparıb. O, Natəvan Əliyevaya məxsus qızıl-zinət əşyalarını talayaraq hadisə yerindən qaçıb. Bıçağı isə özü ilə götürərək metronun “Həzi Aslanov” stansiyası yaxınlığında zibil qutusuna atıb.

Qeyd edək ki, Natəvan Əliyeva “Qarant Sığorta”-nın əməkdaşıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR