Bakıda “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” V respublika elmi konfransı keçirilib

12:23 7 Aprel 2015
142 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, Tərgül Ağayeva, AZƏRTAC
Aprelin 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” V Respublika elmi konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycanın ilk peşəkar arxeoloqu və muzeyşünası Davud bəy Şərifovun anadan olmasının 130 illiyinə həsr edilib.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək mövzunun əhəmiyyətini, tariximizin öyrənilməsində muzeylərin xüsusi rolunu vurğulayıb. N.Vəlixanlı Davud bəy Şərifovun muzeyin inkişafındakı xidmətlərindən danışaraq bildirib ki, o, 1923-cü ildə Azərbaycan Dövlət Tarix Muzeyinə müdir təyin edilib. Onun rəhbərliyi müddətində muzeydə zəngin arxeoloji və etnoqrafik fondlar yaradılıb.
Davud bəy Şərifovun səyi nəticəsində Tblisi, Moskva, Sanq-Peterburq muzeylərində saxlanılan Azərbaycana məxsus yüzlərcə nadir və dəyərli maddi mədəniyyət nümunələri vətənə geri qaytarılıb. Onların içərisində mis, gümüş və qızıldan zəngin sikkə kolleksiyaları, yüksək zərgərlik məmulatı, Azərbaycan xanlıqlarının rəmzləri, silah və bəzək nümunələri, vaxtilə mahir azərbaycanlı sənətkarları tərəfindən toxunmuş xalılar və digər sənət əsərləri olub. 1927-ci ildə görülən işlər nəticəsində muzeydə toplanan eksponatların sayı 50 minə çatıb.
Konfransda “Davud bəy Şərifovun Tarix Muzeyinin inkişafında rolu”, “Gəncənin XIX-XX əsr ənənəvi toxuculuq məmulatlarının tədqiqində yerli muzey eksponatlarının mənbəşünaslıq dəyəri”, “Muzey tarixin güzgüsüdür”, “Azərbaycan tarixinin təbliğində muzeylərin təhsil müəssisələri ilə qarşılıqlı əlaqələri” və digər mövzularda məruzələr dinlənilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_Azerbaycan_tarixinin_oyrenilmesinde_muzeylerin_rolu_V_respublika_elmi_konfransi_kechirilib-844170

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR