Ali məktəblərdə gənc alimlərin və tədqiqatçıların rolu və sayının artırılması üçün xüsusi proqram hazırlanacaq

12:52 7 Aprel 2015
47 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 12:46 ]


Bakı. Könül Kamilqızı - APA. Azərbaycanın ali təhsil müəssisələrində gənc alimlərin  və tədqiqatçıların rolu və sayının artırılması üçün xüsusi proqram hazırlanacaq.

 

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov Doktorantların və gənc tədqiqatçıların XIX respublika elmi konfransında çıxışında deyib ki, bu proqram dövlət təhsil müəssisələri üçün orta və uzunmüddətli hədəflər müəyyənləşdirilməlidir. Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən ali təhsil sahəsinin maliyyələşdirilməsinə dəstək veriləcək. Nazir qeyd edib ki, özəl ali məktəblər bu təşəbbüsə könüllü şəkildə qoşula bilərlər: “Əsas məqsəd professor-pedaqoji heyətin  tərkibində gənc tədqiqatçıların yaş faizinin keyfiyyətcə artırılmasıdır. İstənilən gənc alimin aşkar edilməsi onun fəaliyyətinə rəhbərlik edən peşəkarların, elm xadimlərinin fəaliyyətindən, karyeranın artırılması  mexanizmlərindən asılıdır. Ali təhsil müəssisələrinə rəhbərlərinə demək istəyirəm ki, universitetlərin daxilində gənc kadrların elmə cəlbi və müəyyən vəzifələrə təyin edilməsi daha sistemli şəkildə həyata keçirilməlidir. Kafedralarda olan müəyyən vəzifələr və onlar üzərində rəhbərlik ali məktəblərdə çalışan və ya dövlət qulluğundan fəaliyyət göstərən həmkarlar tərəfindən tutulur. Amma bu işlərə gənc tədqiqatçıların cəlb edilməsi üçün dəyişik mexanizmin axtarılıb tapılması zəruridir”.

 

M. Cabbarov deyib ki, ölkədə gənc alimlərin dünya elminə inteqrasiya üçün mühüm tədbirlər həyata keçirilir: “Kənarda tədqiqatlarını başa vuran gənc tədqiqatçıların ölkəyə inteqrasiyası mühüm və zəruridir. Burada dövlət qurumlarından da müəyyən məsələlər asılıdır. Bu sahədə olan formal tənzimləmə müzakirə olunmalıdır. İstənilən tədqiqat mövzusunu xaricdə həyata keçirmək üçün mövzu üçün razılıq alınmalıdır. Praktik əngəllərin sadələşdirilməsinə birgə işləyərək nail olmaq olar”.

 

Təhsil naziri ali məktəblərlə bağlı bəzi məqamlara da aydınlıq gətirib. Nazir deyib ki, say tərkibinə, tarixinə görə daha yeni olan özəl ali məktəblər bəzi hallarda beynəlxalq elmi tədqiqat proqramlarında daha çox iştirak edir, nəinki dövlət ali təhsil müəssisələri: “Ancaq dövlət ali təhsil müəssisələrinin tarixi və potensial böyükdür və bundan da istifadə olunmalıdır”.

 

M.Cabbarov doktorantura pilləsi üzrə ingilis dilinin vacibliyinin qaçılmaz olduğunu da qeyd edib: “Azərbaycan Milli Elmlər Akademiyasının bu istiqamətdə son təşəbbüsü alqışlanır. Ali təhsil müəssisələrində də bu məsələ öz həllini tapmalıdır”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378685

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR