Play Store

“Tolerantlıq bizim həyat tərzimizdir” - ADU-nun dekanı

Bu gün Beynəlxalq Tolerantlıq Günüdür. Beynəlxalq Tolerantlıq günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib. Məqsəd qurumun da nizamnaməsində qeyd olunduğu kimi, dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır.

Qeyd etmək lazımdır ki, Azərbaycan indi bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Prezident İlham Əliyevin dindarlarla keçirdiyi görüşlər, Ramazan bayramlarında ənənəvi olaraq din xadimləri ilə iftar süfrələrində birgə iştirakı və bu mərasimlərə Azərbaycanda mövcud digər dini icmaların nümayəndələrinin də qatılması ölkədə tolerant düşüncənin artıq tam bərqərar olduğunun göstərir. Prezident dindarlarla görüşlərində islam dininə elmi yanaşmanı, islam elminin və fəlsəfəsinin öyrənilməsini mühüm şərt kimi səciyyələndirir.

Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin dekanı Bənövşə Məmmədova bildirib ki, Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir: “Hər bir şəxsin fərqli ifadə tərzinə hörmətlə yanaşmaq, ziddiyyət təşkil etməsinə baxmayaraq, onun fikirlərinə dözümlü münasibət nümayiş etdirmək tolerantlıqdır.

Tolerantlıq fərdin özü kimi düşünməyənlərə qoşulmaq, öz dəyərlərindən uzaqlaşmaq deyil, əksinə, onları olduğu kimi qəbul edərək, yaxşı davranmağı bacarmaqdır. Unutmaq lazım deyil ki, bizim üçün qəbuledilməz olan başqası üçün dəyər ola bilər. Tolerantlıq fərqliliyi zənginliyə, müzakirələri inkişafa, iğtişaşları sülhə, fərdiyyətçiliyi harmoniyaya aparan əsas amildir. Müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgə yaşayışında ən uğurlu formul tolerantlıqdır. Və təsadüfi deyil ki, birlik içində yaşamağa çağırış olaraq 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibəti ilə Beynəlxalq Tolerantlıq Günü təsis edilib. Qurumun nizamnaməsində qeyd olunduğu kimi, məqsəd dünyada hamının bir-birinə dözümlülük nümayiş etdirməsinə çağırış etməkdir.

Məişətimiz, həyatımız çoxmədəniyyətlilik, müxtəliflik, tolerantlıq prinsipləri üzərində kök atdıqca multikulturalizm dövlətimizin başlıca prioritetlərindən birinə çevrilib. Müstəqilliyin ilk illərində Heydər Əliyev Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçərək öz siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib, onu keyfiyyətcə yeni müstəviyə - siyasət müstəvisinə keçirib. Ulu Öndər haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. Və bu gün Azərbaycan bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər və Azərbaycanın müxtəlif milli və mədəni dəyərlərin qovuşma və qorunması uğrunda atdığı addımlar danılmazdır. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Tolerantlıq Azərbaycan cəmiyyətini səciyyələndirən bir ənənəyə çevrilib. Bu, əsas qanunda da öz əksini tapıb. Konstitusiyanın 48-ci maddəsinə əsasən, hər kəsin vicdan azadlığı var.

İndi əksər ali təhsil müəssisələrində multikulturalizmlə, tolerantlıqla bağlı mühazirələr oxunur, fənlər tədris olunur. Azərbaycan Dillər Universiteti tolerantlıqla bağlı silsilə tədbirlər keçirən ali təhsil ocaqlarındandır. Universitetdə keçirilən tədbirlərdə xarici tələbələr də iştirak edir ki, bu da bizdə tolerantlığın bütün sahələrə nüfuz etdiyindən xəbər verir. Tarixi mənbələrə nəzər salanda Azərbaycan xalqının bütün dövrlərdə tolerantlığa böyük önəm verdiyini görmək mümkündür. Ölkə başçısı İlham Əliyevin dediyi kimi, tolerantlıq bizim həyat tərzimizdir. Bu, əvvəl də belə olub, indi də belədir, gələcəkdə də belə olacaq. Çünki xalqımız hər zaman bütün millətlərin adət-ənənəsinə, dəyərlərinə hörmətlə yanaşıb. Həqiqətən də tolerantlıq bizim həyat tərzimizdir!”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR