Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elan etdiyi müsabiqələrin test imtahanı mərhələsi yekunlaşıb

17:12 9 Yanvar 2015
234 Digər
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 17:04 ]


Bakı. Fərid Mirzəyev - APA. 26 sentyabr, 17 oktyabr, 4 və 14 noyabr 2014-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 81 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun 922 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqələrin test imtahanı mərhələsi başa çatıb.

 

Komissiyadan APA-ya verilən xəbərə görə, müsabiqədə iştirak etmək üçün 2 min 586 nəfəri qadın namizəd olmaqla 7 min 769 namizəd qeydə alınıb. Qeydə alınmış namizədlərin ortalama 76,59 faizini gənclər təşkil edib. Namizədlərdən 2 min 593 nəfəri (33,38 faiz) test imtahanında iştirak etməyib.

 

Test imtahanı mərhələsində iştirak edən 5 min 176 namizəddən 32,55 faizi qadın, 76,20 faizi gənc namizəd olub. Test imtahanı mərhələsini 551-i qadın namizəd olmaqla 1720 namizəd uğurla başa vurub. Test mərhələsini uğurla keçənlərin ortalama 81,28 faizini gənc namizədlər təşkil edib. Test mərhələsini uğurla başa vuran namizədlərdən 585 nəfəri 5-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb. 767 nəfər 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını yığıb.

 

368 nəfər 5-ci təsnifat inzibati vəzifələrə iddia etsə də, bu vəzifələr üzrə keçid balını toplamaya bilməsələr də, 6-cı və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə müsahibə mərhələsində iştirak edə bilərlər. Onlardan 169 nəfəri bu hüquqdan istifadə edib.

 

Hər bir namizədə test imtahanı qurtaran kimi dərhal onun nəticələrini əks etdirən arayış təqdim edilib. Eyni zamanda, nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdirilib.

 

Ən yüksək rəqabət Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın İnsan resurslarının idarə edilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsində vakant olan aparıcı məsləhətçi vəzifəsi (327 namizəd), Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin Sığorta fəaliyyətinə nəzarət şöbəsində vakant olan məsləhətçi vəzifəsi (252 namizəd), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Kadr və kargüzarlıq şöbəsində vakant olan məsləhətçi vəzifəsi üzrə (169 namizəd), test imtahanı mərhələsində ən çox uğur qazanan namizəd Ekologiya və Təbii Sərvətlər Nazirliyi (207 nəfər), Maliyyə Nazirliyi (178 nəfər) və Dövlət Sosial Müdafiə Fondu üzrə (155 nəfər) olub.

 

Müsabiqənin müsahibə mərhələsi 10 dekabr 2014-cü il tarixdən başlayıb. Səhiyyə Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Milli Televiziya və Radio Şurası, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Şirvan Apellyasiya Məhkəməsi üzrə keçirilən müsahibələr başa çatıb.

 

Qeyd olunan 5 dövlət orqanı üzrə müsahibə mərhələsində iştirak etmək üçün 44 namizəd qeydə alınıb. Onlardan 13-ü müsahibədən uğurla keçib.

 

Digər dövlət orqanları üzrə müsahibə mərhələsi davam edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR