"Rusiya elə başa düşürdü ki, Ermənistan yalnız onun məşuqəsidir"

"Rusiya elə başa düşürdü ki, Ermənistan yalnız onun məşuqəsidir"
13:57 7 Aprel 2015
76 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan prezidenti Serj Sərkisyan Rusiya və Avropa İttifaqından qisas almaq üçün Çinlə əlaqələrindən istifadəyə cəhd edəcək.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi "Qarabağ saatı"nda deyib.

Onun fikrincə, Çin əksər dövlətlərə özünün xüsusi münasibətini nümayiş etdirmək strategiyasını reallaşdırmağa başlayıb. Bu məqsədlə də Sərkisyanı Pekinə dəvət etdilər: “Səfəri xarakterizə edən ən əsas sənəd Çin Xalq Respublikasının sədri Si Tsizipinlə prezident Sərkisyan arasında imzalanmış bəyannamədir. Bəyannamədə “erməni soyqırımı” mövzusundan başqa hər şey öz əksini tapır. Sərkisyan digər tədbirlərdə də “erməni soyqırımı” mövzusuna toxunmadı. Amma həmin sənəddə həm Çinin ərazi bütövlüyünə, həm də ümumilikdə ərazi bütövlüyü prinsipinə dəstək öz əksini tapıb.

Birgə bəyannamədə Tayvanın Çinə məxsusluğu dönə-dönə qeyd olunur. Amma Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında tənzimlənməsi tövsiyə olunur. Bəyanatın mətnində beynəlxalq hüquq prinsipindən yalnız ərazi bütövlüyü prinsipinə dəstək verilməsi Çinin təhtəlşüurunda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün ərazi bütövlüyü prinsipini nəzərdə tutduğunu demək olar. Hərbi və atom sənayesi sahəsində əməkdaşlıq məsələləri birgə bəyannamədə yer alıb və bu xüsusi diqqət çəkir. Hər iki məsələ Ermənistan-Çin münasibətərində yeni perspektiv yarada bilər”.

Politoloq hesab edir ki, Ermənistanın ənənəvi müttəfiqləri Rusiya və Qərbdir. Lakin silahlanma məsələsində Ermənistan həm Qərbdən, həm də Rusiyadan narazıdır: “Rusiya Azərbaycana birbaşa milyardlarla ən müasir silahlar satır, Qərb Azərbaycanın varlanmasında və müasir texnologiya ilə təmin olunmasında iştirak edir. Qərb və Rusiya Ermənistana Azərbaycana qarşı durmaq üçün lazım olan miqdarda silah və pul vermir. Belə vaxtda Ermənistanın Çinə üz tutması həm antirusiya, həm də antiqərb kimi başa düşülməlidir. Amma antirusiyaçılıq daha çox görünür. Çünki vaxtilə Ermənistan özünü bu keyfiyyətdə Çinə təklif etmişdi və Azərbaycanın ərəb dövlətlərinin birindən əldə etdiyi Rusiya mənşəli “Smerç”ləri neytrallaşdırmaq məqsədilə Rusiyadan analoji silahları istəmişdi. Rusiya o zaman, bəlkə də maliyyə məsələlərinə görə həmin “Smerç”ləri Ermənistana vermədi. Ermənistan Çindən 8 ədəd “Smerç”in analoqunu aldı. Ermənistan mətbuatında, o cümlədən “Reqnum” İA da vaxtaşırı bu silahlar təbliğ olunurdu. Hətta Rusiyanın “Smerç”lərindən güclü kimi göstərilirdi. İndi də Çinin bu yöndəki Ermənistana yardımı Ermənistan tərəfdən daha çox antirusiyaçılıq kimi qəbul ediləcək”.

M.Əhmədoğlu bildirib ki, atom sahəsində əməkdaşlıq məsələsində də Ermənistan rəhbərliyi həm Avropadan, həm də Rusiyadan istədiyini əldə edə bilmir: “Aİ Metsamor AES-in dərhal bağlanmasını tələb edir. Ermənistandan yeni AES-in tikintisi üçün şərt tələbləri irəli sürür. Rusiya Metsamor AES-in fəaliyyətini daha 10 il müddətə uzatmağa yardım etsə də, yeni AES-in tikintisində Ermənistana güzəştə getmir. İndi Sərkisyan düşünür ki, Çin AES tikintisində Ermənistanın şərtlərini qəbul edəcək. Eləcə də Sərkisyan Çin investorlarını İran-Ermənistan dəmir yolunun tikintisini maliyyələşdirməyə dəvət etdi. Bu da Rusiyadan yayınmaq xarakterli tədbirdir”.

Mərkəzin direktoru qeyd edib ki, Sərkisyanın qatı antirusiyaçılığı üçün yeni istiqamət yaratması, təbii ki, cavabsız qala bilməz: “Çinin Xəzərin Qərb sahilinə keçmək niyyəti çoxdan bəllidir. Xəzərin Qərb sahilinə keçməkdə əsas səlahiyyət Azərbaycanla münasibətlərdədir. Çin ya Azərbaycanı aktivləşdirmək, ya da Dağlıq Qarabağ münaqişəsinin tənzimləməsində Ermənistanın mövqeyini dəyişməklə Azərbaycanla münasibətlərdə yeni resurs yaratmaq niyyətindədir. Çin buna çox yaxındır. Çin üçün Ermənistanın əhəmiyyəti bundan başqa heç bir şey ola bilməz. Çin rəhbərliyi əvvəlcə bundan da üstün münasibəti Azərbaycan Prezidentinə göstərmişdi.

Eləcə də Sərkisyandan cəmi bir neçə gün əvvəl Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov Çində səfərdə idi. Çinin Gürcüstanla əlaqələri aktiv, dinamik vəziyyətdədir. Ona görə Ermənistanın Cənubi Qafqaz regionunda Çinin rolu artdıqca birinci skripkada oynaması qeyri-realdır. Çinin hazırladığı planı qəbul etməklə Sərkisyan Rusiyanın əleyhinə iş aparmağa istənilən qüvvə ilə əməkdaşlıq etməyə hazır olduğunu nümayiş etdirdi. Çünki birgə bəyannamədə “erməni soyqırımı”na eyhamın belə olmaması göstərir ki, Türkiyə Mərkəzi Asiya regionu ilə bağlı məsələlərdə Çin üçün vacib dövlətdir.

Avropa Çinin ən böyük ticarət tərəfdaşlarındandır. Çinin Avropa ilə də münasibətlərində gərginlik yaratmaq niyyəti yoxdur. Çin yalnız Rusiyanı Mərkəzi Asiya-Xəzər regionundan sıxışdırıb çıxarmaq niyyətindədir. Bu məsələdə Qərb-Rusiya qarşıdurması Çinin bu planının reallaşmasına münbit zəmin yaradır. Ermənistan Çinin bu planında iştirakçıya çevrilir”.

Politoloqun sözlərinə görə, hadisələrin gedişi göstərir ki, Ermənistan Rusiyanın tərkibinə quberniya statusunda daxil edilməlidir: “Rusiya elə başa düşürdü ki, Ermənistan yalnız onun məşuqəsidir. İndi Rusiya erməni adlı məşuqəsini cilovlamaq üçün qapını bağlayır. Ermənistan digər məşuqlarını pəncərədən və yaxud damdan buraxır. Eləcə də Ermənistan elə məşuqdur ki, ənənəvi və qeyri-ənənəvi bütün variantlardan istifadə edir. Rusiya belə Ermənistanın harasına və necə nəzarət etməyin yolunu tapanadək Ermənistan Rusiyanın cibini boşaldacaq, düşmənlərini artıracaq. Belə bir dövrdə Sərkisyanın antirusiyaçılığının yalnız bir çarəsi var: Ermənistan Rusiyanın tərkibinə quberniya statusunda daxil edilməlidir. Görünür, hadisələr elə bu istiqamətdə də gedir”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/333244.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR