Azərbaycan Silahlı Qüvvələrində bir sıra vəzifələrin icrasına mülki şəxslərin cəlb olunması prosesi sürətlənib

13:02 7 Aprel 2015
66 Sosial
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 13:55 ]


Bakı. Ağa Cəfərli-APA. “Son bir ildə Daxili Qoşunlarda bir sıra xidmət, qulluqetmə vəzifələrinin icrasına mülki şəxslərin cəlb olunması prosesi xeyli sürətlənib”.

 

Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mətbuat xidmətinin rəhbəri mayor Rəşad Sarıyev deyib. Rəşad Sarıyev bu prosesin 2008-ci ildən başladığını bildirib və əlavə edib ki, bir sıra xidmət, qulluqetmə vəzifələrinin icrasına mülki şəxslərin cəlb olunmasında məqsəd döyüş hazırlığını daha yüksək səviyyəyə çatdırmaqdır və bu, müsbət nəticəsini verir.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın hərbi hissələrdə bir sıra xidmət, qulluqetmə vəzifələrinin icrasına mülki şəxslərin cəlb olunması prosesi ilə bağlı sualına cavab olaraq bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, bu iş uğurla davam etdirilir: “Gələcəkdə də bu məsələlər mərhələli şəkil həll ediləcək. Mülki heyət Silahlı Qüvvələrin ştatında mövcud olan müxtəlif ixtisaslar üzrə - aşpaz, çilingər, sürücü, xadimə və sairə vəzifələrə işə götürülür. Bu, davamlı olaraq aparılan ciddi bir işdir. Bu məsələləri həll etməklə həm vətəndaşlar iş yerləri ilə təmin edilmiş olur, həm də şəxsi heyətin diqqəti sırf döyüş hazırlığına yönəldilir”.

 

Məsələyə münaibıt bildirən hərbi ekspert Üzeyir Cəfərov APA-ya deyib ki, son vaxtlar Silahlı Qüvvələr sıralarında bir sıra mütərəqqi ideya və işlər həyata keçirilib: “Bunlar sözsüz ki, cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Bunlardan biri də Müdafiə Nazirliyi sistemində və digər hərbi hissə və birləşmələrdə mülki şəxslərin işə qəbulu prosesidir”.

 

Onun sözlərinə görə, bu proses kənardan asan görünsə də, xeyli çətinlik var: “Kadrların seçilməsi və yerləşdirilməsi elə aparılmalıdır ki, sonradan hansısa ciddi problemlər yaşanmasın. Şəxsi qənaətimə görə, bu işin faydası özünü bir müddət sonra göstərəcək. Bundan sonra minlərlə əsgər və   çavuş birbaşa olaraq xidməti vəzifələri ilə məşğul olacaq, döyüş hazırlıqlarını artıracaq. Bunun nəyi pisdir ki? Həm əsgərlər üçün sırf hərbi xidmətə aid olan işlərlə məşğul olmaq qalır, həm də onlar öz xidmətlərini ən yüksək səviyyədə davam etdirmək imkanı əldə edirlər”.

 

Hərbi ekspert Tərlan Eyvazov APA-ya bildirib ki, mülki şəxslərin orduya cəlb olunması prosesi əslində Milli Ordunun yarandığı günlərdən başlayıb: “Bu istiqamətə xüsusi diqqət yetirilməsi, mülki şəxslərin hərbi birləşmələrdə işə cəlb olunması həddindən artıq müsbət hadisədir və əsgərlərin döyüş hazırlığının artmasına səbəb olur. Təqaüdə çıxmış hərbi qulluqçuların yenidən mülki şəxs kimi işə götürülməsi halları da var və bunu müsbət tendensiya kimi qiymətləndirirəm. Bu insanlar təcrübəli olduqlarından onların işə cəlb edilməsi daha yaxşı effekt verir”.

 

"Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi"indən isə APA-ya deyiblər ki, kursa 18 yaşa qədər olan şəxslər cəlb edilir və onlar kursu bitirib hərbi xidmətə yollanırlar. Kadrlar qoşun birləşmələrinin sifarişi əsasında hazırlanır: “Onlar sifariş verir, biz də saya uyğun hazırlayırıq. Sifariş olmayanda kurslar da təşkil edilmir”.

 

Qeyd edək ki, Hərbi Prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev “Azərbaycan ordusu” qəzetinə verdiyi müsahibədə də bu mövzuya toxunaraq bildirmişdi ki, əsgərlərin məişət işlərinə cəlb edilməsi, məsələn yeməkxanada əsgərin naryada çıxması bir çox halda şəxsi heyət arasında qarşılıqlı münasibətlərin pozulmasına gətirib çıxarıbı: “Əslində həqiqi hərbi xidmətə çağırılan gənclərimiz müvafiq müddətdə yalnız döyüş vərdişlərinə yiyələnməli, silah və hərbi texnikaların sirlərini dərindən öyrənməli və torpaqlarımızın keşiyində dayanan hazırlıqlı döyüşçü kimi formalaşmalıdır”.

X. Vəliyev şəxsi heyətin təsərrüfat-məişət qayğılarının mülki vətəndaşlara həvalə edilməsini çox vacib sayıb, şəxsi heyətin təsərrüfat-məişət qayğılarının mülki vətəndaşlara həvalə edilməsinin çox önəmli olduğunu vurğulayıb.

 

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulan digər hərbi birləşmələrdə mülki heyətinin sayının artırılmasına rəsmən 2006-cı ildə start verilib. Bu proses NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı (İPAP) çərçivəsində başlanıb. Keçid prosesində başlıca məqsəd Silahlı Qüvvələrdə  müəyyən hərbi əhəmiyyət kəsb edən vəzifələrin mülki heyətə ötürülməsi yolu ilə "mundirdə olanların" sayının azaldılmasıdır. Azərbaycan Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulan digər hərbi birləşmələrdə mülki heyətin sayının artırılmasına ilk mərhələdə mülki işçilərin əsasən təsərrüfat xidmətlərinə cəlb olunması ilə başlanılıb. Əvvəlcə Dövlət Sərhəd Xidmətində və Daxili Qoşunlarda mülki işçilər təsərrüfat xidmətlərinə cəlb olunublar. Müdafiə Nazirliyi isə prosesə 2013-cü ildən ciddi şəkildə start verib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378694

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR