Emin Sabitoğlunun anım günüdür

Bu gün Azərbaycanın məşhur bəstəkarı, xalq artisti Emin Sabitoğlunun anım günüdür.

Metbuat.az-ın məlumatına görə, Emin Sabitoğlu 2 noyabr 1937-ci ildə Bakı şəhərində anadan olub. Bir çox məşhur mahnının müəllifi, çox sayda Azərbaycan filminin musiqilərinin bəstəkarı olan Emin, yazıçı Sabit Rəhmanın və İsmət xanım İrəvanskinin oğludur. Musiqişünas Ceyran Mahmudovanın atasıdır. Müğənni Xədicə Abbasovanın isə həyat yoldaşıdır.

Emin Sabitoğlu 1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü. Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim işləyib. Bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edir.

O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. "Dərələr", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Dağlar", "İnsaf da yaxşı şeydir" mahnıları çoxsaylı əsərlərindən bəziləridir. Tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, sayını heç bəstəkarın özü də doğru-dürüst bilmirdi. Paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib.

Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakı şəhərində vəfat edib. Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR