Play Store

Qanun sərtləşməlidir, bu qara niyyətlilər… - Aynur Camalqızı

Azərbaycan mediasının qara yarasına çevirilən “boz mətbuat”, yaxud “reket jurnalistika” yarandığı gündən sağlam fikrə, cəmiyyətin inkişafına zərbə vurmaqla məşğul olub. “Reket jurnalistika”nın meydana gəlməsi mətbuat aləmində, peşəkar mediada böyük narahatlıq, eyni zamanda da haqlı narazılıq yaratdı. İşi-gücü onu-bunu qaralamaq, şantaj etmək olan “reket jurnalistika” həqiqətən də böyük bir bəla kimi cəmiyyətdə “at oynadırdı”.

Sözsüz ki, mediamıza zorla yamaq edilməyə çalışılan “reket jurnalistika”nın yaranması, onun meydana çıxması, hansısa şəxslər tərəfindən himayə edilməsi ekspertlər tətəfindən dəfələrlə vurğulanıb. Bu hallara qarşı Mətbuat Şurasının, eləcə də sağlam KİV-lərin apardığı çoxşaxəli mübarizə cəmiyyət tərəfindən razılıqla qarşılanır.

“Reket jurnalistika necə yarandı? O, cəmiyyətə, insanlara, KİV-in prinsiplərinə nə kimi ziyanlar vurub? “Boz media” ilə necə mübarizə aparmalıyıq ki, onları tamamilə sıradan çıxarmağa nail ola bilək?

“Gündəlik Teleqraf” MMC-nin direktoru, sabiq millət vəkili Aynur Camalqızı açıqlamasında bildirib ki, reket jurnalistika keçən əsrin sonlarından yaranmağa başlayıb. Onun sözlərinə görə, “reket jurnalistika”nın yaranma səbəbi yüngül qazanc məqsədilə dələduzların jurnalist adından istifadə etməsidir:

“Dələduzların necə yaranması əsas deyil, əsas olan jurnalistikaya ayağ açan və “reket jurnalist” ifadəsinin meydana çıxmasına rəvac verən bu şəxslərin qarşısını almaqdır. Təəssüflər olsun ki, bu gün Azərbaycanda qəzet təsis etmək, sayt üçün domen almaq həddən artıq asandır. Və insanları aldatmaqla, şantaj etməklə pul qazanmaq istəyən dələduzlar heç bir maneə ilə üzləşmədən qəzet aça, sayt yarada bilir, bu da analoji problemin meydana çıxmasına səbəb olur”.

A.Camalqızı qeyd edib ki, media ilə bağlı qanunvericilikdə boşluqlar var və o boşluqlar media haqqında təsəvvürü olmayan, media adından sui-istifadə etmək istəyən adamın bir domen qeydiyyatdan keçirib, evdən çölə çıxmadan “sayt yaratdığını” elan etməsinə imkan tanıyır. Bundan sonra isə həmin təsadüfi adamlar insanların şərəf və ləyaqətini alçaldan yazılarla, hədə- qorxularla şantaj yolunu tuturlar:

“Onların qara niyyətli fəaliyyətindən hər kəs əziyyət çəkir. Onu da deyim ki, “reket jurnalistika” yalnız Azərbaycanda deyil, bütün dünyada var. Bu yolu tutan dələduzlar istənilən şəxsin üstünə “media” vasitəsilə şər-böhtan ata bilir, onu təhqir edir. Bu iş onlar tərəfindən qadınlara qarşı daha asanlıqla həyata keçirilir”.

“Teleqraf Holdinq”in rəhbəri “reket jurnalistika” adı ilə tanıdılan dələduzların qarşısının alınma imkanlarını da açıqlayıb:

“Düşünürəm ki, media ilə bağlı qanunvericilik təkmilləşdirilməli və sərtləşdirilməlidir. Onlayn media, bütün dünyada olduğu kimi, Azərbaycanda da kütləvi informasiya vasitələrinin yeni bir növüdür, həyatımıza təzə daxil olub. Klassik mediadan çox fərqlənir”.

Bu gün informasiya və internet əsrində yaşadığımızı xatırladan A.Camalqızı bildirib ki, mövcud qanunları mediadakı yeni informasiya sürətinə mütləq mənada uyğunlaşdırmalıyıq:

“Yəni biz imkan verməməliyik ki, hər yerindən duran bir media orqanı yaradıb özünü “baş redaktor”, “jurnalist” elan etsin. Bəyəm Tibb Universitetini bitirməyən, təcrübə qazanmayan bir adam həkim-cərrah ola bilir? Düşünürəm ki, jurnalistikaya aidiyyəti olmayan adamların da özlərini jurnalist kimi təqdim etmələrinə qanunvericiliklə qadağa qoyulmalıdır. Bu cur hallara qarşı mübarizədə media qurumları arasında ciddi həmrəylik, fikir birliyi də olmalıdır. Mətbuat Şurası yarandıqdan sonra “reket media”ya qarşı davamlı, düşünülmüş və ağıllı bir mübarizə prosesi başlandı. Bunun nəticəsində “reket jurnalistika”nın qarşısını almağa, onların fəaliyyətini məhdudlaşdırmağa yönəlik xeyli işlər görülüb və görülür. Ancaq düşünürəm ki, cəzalar olmayana, qanunlar sərtləşdirilməyənə qədər biz bunun qarşısını tamamilə ala bilməyəcəyik. Bunun yolu nədən keçir? Azərbaycan qanunlarına görə, vətəndaşlar asanlıqla televiziya kanalı yarada, aça bilmirlər. Yəni bir domen adını qeydiyyatdan keçirib sayt yaratmaq nə qədər asandırsa, televiziya yaratmaq bir o qədər çətindir. Əvvəlcə Milli Teleradio Şurasından lisenziya alınmalıdır, lisenziya almaq üçün isə yaranacaq televziyanın güclü maddi-texniki bazası, televiziya yaratmaq istəyən vətəndaşın isə əməkdaşlara əməkhaqqı vermək üçün heç olmasa bir illik büdcəsi olmalıdır və s. Amma bu tələblər onlayn və çap mediasının qarşısına qoyulmur, bu sahədə qeydiyyat çox asandır. Düşünürəm ki, televiziya yaratmaqla bağlı mövcud olan tələblər onlayn və yazılı medianın da qarşısına qoyulmalıdır. Məncə, bu qanunla tənzimlənməlidir ki, nəticəsi də olsun. Bununla “reket jurnalistika”nın qarşısını ciddi şəkildə almaq olar. Media orqanı deyəndə gözümüzün qarşısına redaksiya gəlir, onun yaradıcı və texniki heyəti gəlir. Yəni bizim gördüyümüz, tanıdığımız, qəbul etdiyimiz media bu cürdür. Amma “reket jurnalist”lərin saytı bir-iki nəfərdən ibarətdir. Onlar da evdə oturub kimi istəsələr, təhqir edə, söyə bilirlər və onlara “gözün üstə qaşın var” deyən olmur. Çünki saytlarının nə ünvanı var, nə də telefon nömrələri. Araşdırıb görürsən ki, domenin də heç jurnalistikaya aidiyyəti yoxdur. Bütün bunlar jurnalistikanı öz həyatına, taleyinə, həyat prinsipinə çevirən hər bir həmkarım üçün çox ağrılı bir məsələdir. Biz onlarla mübarizənin ən optimal yolunu tapmalıyıq. Jurnalistikanı gözdən, hörmətdən salan, jurnalist adına ləkə gətirən dırnaqarası medianı sıradan çıxarmaq üçün nə lazımdırsa, etməliyik”.//Bakı Xəbər

Azərbaycanda yenə zəlzələ oldu - Rəsmi - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR