"Bir-birimizi sevirik, amma..." - Türkiyənin məşhur aktrisası Bakıda - FOTO

"Bir-birimizi sevirik, amma..." - Türkiyənin məşhur aktrisası Bakıda - FOTO
13:47 19 Noyabr 2017
254 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur aktrisası Begüm Birgörən Bakının qonağı olub.

Milli.Az bildirir ki, musavat.com saytının suallarına cavab verən məşhur xanım paytaxtımızı çox bəyəndiyini deyib: "Bakıya aşiq oldum. Bu qədər gözəl şəhər olduğunu düşünmürdüm. Çox peşmanam ki, indiyə kimi niyə gəlməmişəm? Hara olduğunu demədən məni Bakıya gətirsəydilər, hansısa Avropa şəhəri olduğunu düşünərdim. Memari cəhətdən İstanbuldan gözəldir".

- Bakıda diqqətinizi daha çox nə çəkdi?

- Paytaxtınızı gəzmək imkanımız da oldu. İnsanlar çox istiqanlıdır. Azərbaycanda bu qədər məşhur olduğumu bilmirdim. "Ömrə bədəl", "Umuda kelepçe vurulmaz" serialları burada bəyənilərək izlənirmiş. İnsanlar küçədə mənə yaxınlaşıb, rollarım haqqında gözəl sözlər dedilər. Türkiyədəki qədər burada tanınırmışam. Xarici ölkədə tanınmaq xoşdur. Bundan əlavə burada küçədə rahat gəzirsən. Qısa ətək, dekolteli libas geyinən insanlara pis baxmırlar, söz atmırlar. Türkiyədə dekolteli libasla rahat küçədə gəzə bilməzsən. Bakı İstanbuldan daha moderndir.

- Yeməklərimizi necə bəyəndinizmi?

- 3 gündə yəqin ki, 3 kilo kökəlmişəm. Gün ərzində 4 dəfə yemək yeyirik. Yeməklərinizi bəyəndim. Düşbərə, lülə kabab yedim. Lülə kabab üçün ürəyim getdi. Paxlavanız bizimkindən fərqlidir, bizimkilərə baxanda daha yüngüldür, az kalorilidir. Damaq dadımız eynidir. Evdə gürcü köməkçim var, həyat yoldaşı azərbaycanlıdır. O bəzən mənə Azərbaycan yeməkləri hazırlayır, bəyənərək yeyirəm.  Özüm mətbəxdə məharətli deyiləm. 3-4 yemək var, onları hazırlaya bilirəm, qonağım olanda onları bişirirəm.

- Bu mövsüm sizi serial və filmlərdə görmədik. Yeni  layihələriniz olacaq?

- Bizdə işlər sezon-sezon olur. Ya sentyabrda, ya da yanvarda başlayır. Yeni layihə  ilə bağlı iclasımız olmalıdır. Ona görə Bakıdan tez qayıtmalı olacağam. Serial təklifidir. İki rol var, onlardan birini oynayacağam.

- Arzusunda olduğunuz rol varmı?

- Elə rol yoxdur. Mənfi obrazı canlandırmaq istəyirdim, onu da oynamışam. Hər zaman fərqli obrazlar canlandırdım, gözəl aktyorlarla, mükəmməl layihələrdə yer aldım. Ona görə də özümü şanslı aktrisa hesab edirəm. 6 ay Amerikada yaşadım. Artıq Türkiyəyə qayıtmışam. Davamlı başqa ölkədə yaşaya bilmirəm. Çünki işimi ən yaxşı Türkiyədə görə bilirəm.  Amma Azərbaycanda yaşaya bilərəm. Öz dilimdə danışıram, deyilənləri anlayıram, münasibət qura bilirəm. Bu çox gözəl şeydir. Kaş, bir layihə olsa, bir müddət Bakıda yaşasam.

- Azərbaycan tamaşaçısı sizi "Ömre bedel" serialından tanıyırlar. Orada həyat yoldaşı öldürülməsin deyə düşməninizin təcavüzünə susdunuz, sonra övladınızı qorumaq üçün çeşidli yollardan keçdiniz. Həyatda başınıza belə bir olay gəlsəydi, necə davranardınız?

- Çox ağır dram idi. Türkiyədə daha çox qadınlar izlədi. Küçədə məni saxlayıb deyirdilər ki, sən ağladın deyə biz də ağladıq. Sevdiyim iş idi. Həyat yoldaşımı qorumaq üçün o cür addım atacağımı düşünmürəm. Amma hələ ana olmamışam. Analıq hissindən xəbərsizəm. Uşaq sahibi olanda bir çox çətinliyə dözürsən, həyatını fəda edirsən. Yəqin ki, uşağım üçün hər şeyə göz yumardım.

- Kaprizli aktrisasınız?

- Kaprizli biri deyiləm. Əslində iş yoldaşlarım bu haqda daha düzgün danışar. Amma özümü kaprizli saymıram.

- Eski sevgiliniz, aktyor Sarp Leventoğlu ilə yenidən bir araya gəldiniz haqqında xəbərlər yayılmışdı. Hazırda münasibətləriniz necədir?

- İkimiz də eyni şəhərdə dincəlirdik. Amma bir-birimizdən xəbərimiz yox idi. İkimiz də eyni yerdən foto paylaşdığımız üçün birlikdə olduğumuzu düşünüblər. Biz bir-birimizi çox sevirik, əzizik, münsibətlərimiz yaxşıdır. Bilsəydik, orada görüşərdik. Yenidən bir araya gəlmək, evlənmək fikrimiz yoxdur. 5 illik münasibətimiz oldu, bitdi. Sevgilim yoxdur.

- Necə bəyləri bəyənirsiniz? Xarici görünüş, hansı millətdən olması sizin üçün önəmlidir?

- Mən öz dilimdə danışan biri ilə münasibət quraram. Ingilisə mən hisslərimi, fikrimi necə rahat çatdıraram? İçimdəkiləri öz ana dilimdə ifadə etməyi üstün bilirəm. Bundan başqa, mən Sezen Aksunun mahnılarını sevirəm. Mən Sezene, İbrahimə qula asıb, xəyala dalanda o heç nə anlamayacaq. Biz çox şey paylaşa bilməyəcəyik. Ona görə, o cür münasibətim olmasını istəmirəm. Xarici görünüş ilk görüşdə önəmlidir. Insanı cəlb edir. Mən uzun boylu kişiləri bəyənirəm.  Amma əsas dünyagörüşlü, əyləncəli olması önəmlidir. Xarici görünüş önəmli deyil. Qapıdan biri girər, elə səs tonu ilə danışar ki, valeh olaram. Xarizmatik olması yaraşıqlı olmasından vacibdir. Mən qarşımdakı insana heyran olmaq istəyirəm. Dostluq münasibətlərimdə də belə davranıram. Heyran olduğum insanlar ətrafımda olsun, nələri isə paylaşaq, gözəl söhbətlər edək. Maraqlı söhbət mənim üçün vacibdir.

- Baxımınız üçün nələr edirsiniz?

- Yemək yeməyi sevirəm, iştahlıyam, həddindən artıq çox yeyirəm.  Bir müddət çox yeyirəm, sonra ac qalıb idman edirəm.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/600610.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR