Fransa səfiri Avropa Oyunlarına hazırlıq işləri ilə tanış olmaq üçün Mingəçevirə səfər edib

15:42 7 Aprel 2015
54 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 15:36 ]

Mingəçevir. Elvin Yaqubov-APA. Fransanın ölkəmizdəki səfiri Paskal Monye tanışlıq məqsədi ilə Mingəçevir şəhərinə səfər edib.

APA-nın yerli bürosunun xəbərinə görə, şəhər icra hakimiyyətində təşkil olunan görüşdə Fransanın şəhərləri ilə Mingəçevir arasında təhsil, turizm və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub.

 

Səfir P. Monye energetiklər şəhərinin turizm obyektlərinə baş çəkib, görməli yerləri ilə tanış olub, sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə maraqlanıb.

 

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov isə səfirə Mingəçevir şəhərinin tarixi, əhalisi, coğrafi mövqeyi, turizm imkanları və ölkə iqtisadiyyatındakı rolu barədə ətraflı məlumat verib. O bildirib ki, Mingəçevirdə İstilik Elektrik Stansiyası, Su Elektrik Stansiyası fəaliyyət göstərir ki, bu müəssisələr Azərbaycanın energetika sistemində xüsusi çəkiyə malikdir.

 

“Bakı-2015” Avropa Oyunlarının Mingəçevirdə keçiriləcək avarçəkmə yarışlarına hazırlıqla bağlı həyata keçirilən mühüm layihələr barədə danışan icra başçısı Mingəçevirin ali təhsil ocaqları haqqında da geniş məlumat verib.

 

Mingəçevirin gözəlliyinə və müasirliyinə heyran qaldığını söyləyən fransalı səfir daha çox turizm və təhsil sahəsində birgə əməkdaşlıq haqqında düşündüklərini vurğulayıb. Səfir “Bakı-2015” Avropa  Oyunlarının Azərbaycanda keçirilməsinin mühüm hadisə olduğunu vurğulayıb. O, bu nəhəng idman tədbirinin ölkəmizin, o cümlədən Mingəçevirin dünya miqyasında tanınmasına mühüm töhfə verəcəyini bildirib.

 

Sonra Mingəçevir Su Elektrik Stansiyasına, Avropa Oyunlarında iştirak edəcək idmançıların yerləşəcəyi olimpiya kəndinə, Mingəçevir Turizm Kollecinə, “Kür” Olimpiya Tədris İdman Mərkəzinə, “Dosluq” və “Sahil” parklarına, Heydər Əliyev Mərkəzinə, Mingəçevir Gənclər Mərkəzinə, Mingəçevir Mərkəzi şəhər Xəstəxanasına baş çəkən fransalı qonaq Mingəçevirə ilk tanışlıq səfərindən məmnun qaldığını bildirib: “Doğrudan da Mingəçevirin çox gözəl turizm potensialı var. Mən burada çox mehribanlıqla qarşılandım. Mingəçevir mənə çox gözəl təəssürat bağışladı. Əsaslı təmirdən sonra bu günlərdə istifadəyə verilən Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasında yaradılan yüksək şərait məni heyran etdi. Şəhərin yaşıllığı, parkları, təmiz havası, insanların qonaqpərvərliyi, şəhərdəki səliqə-səhman, müasir binalar ürəyimcə oldu. Mingəçevir müasir Avropa şəhərlərinə oxşayır. Şəhərdə Birinci Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə aparılmasının şahidi oldum və ümid edirəm ki, yarış iştirakçıları onlar üçün yaradılan şəraitdən razı qalacaqlar”.

 

Səfir Mingəçevir Turizm Kollecinin fəaliyyətini yüksək qiymətləndirib, təhsil ocağında fransız dilinin və turizmin tədrisi üçün Fransadan müəllim dəvət edərək yerli tələbələrə təmənnasız dərs keçməsinə köməklik edəcəyini bildirib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378729

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR