İqtisadiyyat və Sənaye Nazirliyi Salyanda regional tədbir keçirib

İqtisadiyyat və Sənaye Nazirliyi Salyanda regional tədbir keçirib
16:08 7 Aprel 2015
88 Ölkə
Ölkə mətbuatı
A- A+


Salyan, 7 aprel, Mahir Babayev, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyi regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə bağlı aprelin 7-də Salyandakı Heydər Əliyev Mərkəzində regional tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə İqtisadiyyat və Sənaye, Kənd Təsərrüfatı nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Aran və Lənkəran iqtisadi rayonlarına daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri və sahibkarlar iştirak edib.
Tədbirdə iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov regionların sosial-iqtisadi inkişafına yönəlmiş dövlət siyasəti haqqında məlumat verib. Dövlət proqramlarının rayonların iqtisadi potensialının artmasında, infrastruktur təminatının, biznes və investisiya mühitinin yaxşılaşdırılmasında əhəmiyyətini vurğulayan nazir müavini qeyd edib ki, 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramının birinci ili çərçivəsində genişmiqyaslı işlər görülüb, uğurlu nəticələr əldə olunub. Bildirilib ki, bu münasibətlə keçirilən konfransda dövlətimizin başçısı tərəfindən Dövlət İnvestisiya Proqramına prioritet layihələrin daxil edilməsi və vəsaitlərin istifadəsinə ciddi nəzarət olunması, məktəb, uşaq bağçası, səhiyyə və ictimai obyektlərin tikintisi, infrastruktur layihələrinin icrası barədə konkret tapşırıqlar verilib. Sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, hər bir rayonda sənaye zonasının, iri fermer təsərrüfatlarının, “yaşıl market”lərin yaradılması, aqroparkların tikintisi prosesinin davam etdirilməsi və digər məsələlər də qarşıya qoyulan vəzifələr sırasında olub. S.Məmmədov dövlətimizin başçısının müəyyənləşdirdiyi tapşırıqların vaxtında və keyfiyyətlə icrası üçün İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Tədbirlər Planının hazırlandığını və icrasına başlandığını bildirib.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov, Kənd Təsərrüfatı Nazirliyinin məsul işçisi Firdovsi Fikrətzadə və başqaları regionların inkişafına göstərilən dövlət dəstəyindən, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasının əhəmiyyətindən danışıb, “Kənd təsərrüfatı ili” çərçivəsində görülən işləri, Aran və Lənkəran iqtisadi rayonları üzrə nəzərdə tutulan tədbirlərin icrasını diqqətə çatdırıblar.
Tədbirdə, həmçinin sahibkarların maarifləndirilməsi istiqamətində rayonlarda keçirilən tədbirlərin və biznes inkubatorların yaradılmasının əhəmiyyəti, ixtisaslaşma və bu sahədə beynəlxalq təcrübənin tətbiqi, regionlarda həyata keçirilən investisiya layihələrində Azərbaycan İnvestisiya Şirkətinin iştirak imkanları müzakirə edilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iqtisadiyyat_ve_Senaye_Nazirliyi_Salyanda_regional_tedbir_kechirib-844254

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR