Səbaildə Avropa oyunları ilə bağlı rayon müşavirəsi keçirilib

Səbaildə Avropa oyunları ilə bağlı rayon müşavirəsi keçirilib
16:09 7 Aprel 2015
261 Sosial
Ölkə mətbuatı
A- A+

Səbail rayonunda “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran ümumi vəzifələr” mövzusunda rayon müşavirəsi keçirilib. Səbail RİH-dən Lent.az-a verilən məlumata görə, rayon rəhbərliyi, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi, Bakı Avropa Oyunları Əməliyyat Komitəsi Təhlükəsizlik Departamentinin, Səbail rayon təsərrüfat xidmətlərinin və digər idarə və təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən müşavirəni giriş sözü ilə Səbail rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov açıb. Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ilə yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də digər rayon təşkilatlarının birgə fəaliyyət istiqamətləri haqqında ümumi məlumat verən A.Əsgərov 2015-ci ildə Bakı şəhərində keçiriləcək I Avropa Oyunlarına hazırlıq çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan işlər üzrə Səbail rayonu ərazisində bir sıra işlərin davam etdirildiyini nəzərə çatdırıb.

 

Qeyd olunub ki, oyunlara hazırlıq işləri çərçivəsində 2013-cü ildə Bayıl yaşayış sahəsində Su İdmanı Sarayının tikintisinə başlanılıbr. “Baku Sport City” ərazisində isə su polosu, çimərlik voleybolu və futbolu, basketbol yarışları üçün qurğular inşa edilir. Bakı İdman Sarayında da əsaslı təmir-yenidənqurma işləri başa çatmaq üzrədir. Su İdmanı Sarayının ətrafında mövcud fərdi yaşayış evləri və digər tikililər köçürülüb, Bayıl dairəsi yenidən qurulub, burada yeni yeraltı keçid inşa olunub, müasir istirahət bağı, yeni yaşıllıqlar salınıb. Hazırda Su İdmanı Sarayı yaxınlığında da yeni yeraltı keçid inşa olunur, sarayın ətrafı abadlaşdırılır.

 

Bunlarla yanaşı «Şıx» ərazisindəki «Velopark»da və Dövlət Bayrağı Meydanındakı «Kristall-Xoll»da da müxtəlif idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulub.

 

Ölkə başçısı İlham Əliyev və Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mütəmadi olaraq rayon ərazisində bu beynəlxalq yarışmaya hazırlığın gedişatı ilə şəxsən tanış olur, işlərin yüksək keyfiyyətlə görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verirlər.

 

A.Əsgərov bildirib ki, Səbail rayonunda şəhər sakinləri və şəhərimizin çoxsaylı qonaqlarının sevimli istirahət və gəzinti yerləri olan  Dənizkənarı Milli Park, «İçərişəhər» Dövlət Tarixi Memarlıq Qoruğu, Dövlət Bayrağı Meydanı, «Fəxri Xiyaban», «Şəhidlər Xiyabanı», həmçinin  3 park və 12 istirahət bağı,  48 mehmanxana, 7 teatr, filarmoniya, 2 kinoteatr, 5 kitabxana, 15 muzey, 5 mədəniyyət evi yerləşir. Qeyd olunan istirahət və əyləncə yerləri də bu böyük idman yarışına hazırlaşır və onların hər birində ilk Avropa Oyunlarınına hazırlıqla bağlı  müvafiq tədbirlər həyata keçirilir. 

 

Natiq rayondakı əsas  prospekt və küçələr boyu ərazilərdə geniş abadlıq və quruculuq işlərinin aparılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini, həmçinin yaşıllıqların salınması və sanitariya–təmizlik işlərinin görüldüyünü, rayonda aparılan təmir-abadlıq işlərinə may ayının sonunda yekun vurulacağını bildirib.

 

Daha sonra çıxış edən Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev nümayiş olunan videogörüntülər əsasında “Bakı - 2015” I Avropa Oyunlarının keçirilməsi qaydaları və təşkilati məsələlərlə bağlı məlumat verərək, bütün məsul təşkilatların üzərinə düşən vəzifələrin mükəmməl yerinə yetirilməsi üçün məsuliyyətin daha da artırılmasının zəruriliyini qeyd edib.

 

Bakı Avropa Oyunları Əməliyyat Komitəsi Təhlükəsizlik Departamenti Təhlükəsizlik əməliyyətları üzrə obyektlərin qrup meneceri Karin Halida  Avropa oyunlarına hazırlıq və keçirilməsi dövründə idmançıların və digər xarici qonaqların təhlükəsizliyinin təmini istiqamətində aparılacaq əməliyyatlar haqda əyani məlumat verib.

 

Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki İlqar Mahmudov, Dövlət Sularda Xilasetmə Xidmətinin sektor müdiri Mənsur Piriyev və başqaları Oyunlara hazırlıqla bağlı görülən işlərdən danışıblar.

 

Tədbirdə rayonun Fövqəladə Hallar Komissiyasının yerli özünüidarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin, idarə müəssisə və təşkilatlarının rayonda əhalinin və ərazinin fövqəladə hadisələrdən mühafizəsinin təmin etmək üçün mülki müdafiə işinin tədrisi, təşkili, baş verə biləcək fövqəladə hadisələrinin qarşısının alınması ilə bağlı Fövqəladə Hallar Nazirliyi və nazirliyin yerli orqanı olan Səbail Rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsi ilə daim qarşılıqlı surətdə fəaliyyət göstərərək operativ tədbirlərin həyata keçirilməsinə hər an hazır olmalarının vacibliyi vurğulanıb, həmçinin gələcəkdə bu cür əməkdaşlığın daha da məqsədəmüvafiq formada davam etdiriləcəyinə əminlik ifadə olunub.



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198507

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR