Play Store

Azərbaycan İtaliyaya fındıq, meyvə-tərəvəz ixrac edə bilər - Nazir

İqtisadiyyat naziri Şahin Mustafayev İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massarini ilə görüşüb.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan-İtaliya siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu və əməkdaşlığın uğurla davam etdiyini qeyd edib, Azərbaycan Prezidentinin indiyədək İtaliyaya rəsmi səfərlərini diqqətə çatdırıb, ölkələrimiz arasında əlaqələrin inkişafında yüksək səviyyəli rəsmi səfərlərin əhəmiyyəti vurğulayıb. Bildirilib ki, Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığa dair sənəd imzalanıb və 2014-cü ildə bu sənəddə əməkdaşlığın əsas istiqamətləri əksini tapıb.

İki ölkə arasında iqtisadi əlaqələrə gəlincə, nazir İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu, Azərbaycanda 87 İtaliya sərmayəli şirkətin fəaliyyət göstərdiyini, İtaliya şirkətlərinin ölkəmizdə həyata keçirilən layihələrdə podratçı qismində də iştirak etdiklərini qeyd edib. Ölkələrimiz enerji sahəsində də uğurla əməkdaşlıq edir, bu sahədə birgə layihələr həyata keçirilir. İtaliya Cənub Qaz Dəhlizi layihəsinin son təyinat ölkəsidir. Cənub Qaz Dəhlizi layihəsinin uğurla yerinə yetirildiyini diqqətə çatdıran iqtisadiyyat naziri layihənin icrasında TAP layihəsi üzrə İtaliya hökumətinin dəstəyinin vacibliyini vurğulayıb.

Ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edən Ş.Mustafayev sənaye, ticarət, kənd təsərrüfatı, tekstil, əczaçılıq, tranzit, turizm və s. sahələrdə əməkdaşlıq üçün imkanları vurğulayıb. Belə ki, Azərbaycan İtaliyaya kənd təsərrüfatı məhsulları, xüsusilə də fındıq, meyvə-tərəvəz ixrac edə bilər. Bununla yanaşı, İtaliyanın şərabçılıq sahəsində böyük təcrübəyə və texnologiyalara malik olmasını nəzərə alaraq, bu sahədə əməkdaşlıq imkanı diqqətə çatdırılıb. İtaliya Azərbaycanın nəqliyyat infrastrukturu və tranzit imkanlarından istifadə edə, ölkəmizdə yaradılan sənaye parklarında birgə müəssisələr yaradıla bilər.

İndiyədək ölkələrimiz arasında 10-dan çox biznes forum və işgüzar görüşün keçirildiyini xatırladan iqtisadiyyat naziri “Milan Expo 2015” Sərgisində Azərbaycanın ilk dəfə milli pavilyonla təmsil olunduğunu və ölkəmizin investisiya imkanları barədə təqdimatın keçirildiyini qeyd edib. Bildirilib ki, iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün AZPROMO və İtaliya-Azərbaycan Ticarət Palatasının iştirakı ilə geniştərkibli görüş keçirilə bilər.

İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarini Azərbaycanda fəaliyyətindən məmnunluğunu ifadə edib, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətlərini diqqətə çatdırıb. Bildirilib ki, TAP İtaliya üçün vacib və prioritet layihələrdəndir. Səfir AZPROMO və İtaliya-Azərbaycan Ticarət Palatasının iştirakı ilə görüşün təşkili barədə təklifi razılıqla qarşılayıb, Azərbaycanda daha çox İtaliya şirkətinin fəaliyyətində və layihələrdə iştirakında maraqlı olduqlarını vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR