Əsas məqsəd kənd təsərrüfatı məhsullarına olan tələbatı daxili istehsal hesabına tam ödəməkdir

Əsas məqsəd kənd təsərrüfatı məhsullarına olan tələbatı daxili istehsal hesabına tam ödəməkdir
16:48 7 Aprel 2015
67 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, Xalid Məmmədov, AZƏRTAC
Əsas hədəfimiz ölkəmizin kənd təsərrüfatı məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək və idxaldan asılılığı azaltmaqdır. 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsi bu sahənin inkişafına təkan verəcək, onun modernləşdirilməsini sürətləndirəcək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin edəcək.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Kənd Təsərrüfatı Nazirliyi Aparatının bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov deyib.
İ.Cümşüdov dövlətimizin başçısının 2015-ci il 3 aprel tarixli Sərəncamı ilə təsdiqlənən “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda qarşıya konkret vəzifələr qoyulduğunu bildirib: “Tədbirlər Planında əkinçilikdə yeni texnologiyaların və təkrar əkinlərin tətbiqinə dair təkliflərin hazırlanması öz əksini tapıb. Keyfiyyətli məhsul əldə etmək, məhsuldarlığı artırmaq, fermerlərimizin əkin sahələrindən gəlir götürməsi üçün, ilk növbədə, yeni texnologiyaların tətbiqi vacibdir. Yeni əkinçilik üsullarından, intensiv metodlardan istifadə etməklə əkin sahəsində məhsuldarlığı artırmaq ön plandadır. Bunun üçün də əkinçilikdə müasir texnologiyalar məsələn, dənli bitkilərin becərilməsində tirəli səpin texnologiyasının tətbiqi, əkin sahələrinin düzəldilməsində lazer maladan istifadə diqqət mərkəzindədir. Eyni zamanda, respublikamızın torpaq-iqlim şəraiti imkan verir ki, dən istehsalını artırmaq üçün bir təsərrüfat ilində 2-3 dəfə məhsul götürülsün. Bunun üçün də təkrar əkinlərin aparılması çox vacibdir və bu, həm heyvandarlığın inkişafına təkan verəcək, həm də respublikanın bütövlükdə dənə və dən məhsuluna olan tələbatı daxili istehsal hesabına ödəniləcək”.
Mütəxəssisin fikrincə, Aran bölgəsində suvarılan torpaqlardan arpa, buğda biçinindən sonra ikinci məhsul əldə edilməsi mümkündür. O qeyd edib ki, hər bir iqtisadi rayonun xüsusiyyəti, təbii və iqlim şəraiti nəzərə alınmaqla, kənd təsərrüfatı məhsullarının istehsalının ixtisaslaşdırılması üzrə təkliflərin hazırlanması Tədbirlər Planında əksini tapıb. “Bizim torpaq-iqlim şəraiti müxtəlifdir. Dünyada mövcud olan 11 iqlim qurşağından 9-u Azərbaycanda var. Bu baxımdan hər bir torpaq-iqlim şəraitinə uyğun kənd təsərrüfatı bitkilərinin əkilib-becərilməsini planlaşdırırıq. Yəni, hər bir bölgə təhlil olunmalı, həmin iqlimə uyğun bitkilərin əkininə üstünlük verilməlidir. Məsələn, Lənkəran-Astara bölgəsi faraş tərəvəz, subtropik və sitrus bitkiləri üçün ixtisaslaşıb. Burada bu bitkilərin əkilməsinə üstünlük vermək lazımdır. Hazırda hər bir bölgədə hansı bitkinin becərilməsi uyğundursa, onunla bağlı konkret iş aparılır və bu tövsiyələr tam hazır olduqda ictimaiyyətə açıqlanacaq”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Asas_meqsed_kend_teserrufati_mehsullarina_olan_telebati_daxili_istehsal_hesabina_tam_odemekdir-844274

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR