Qoca diktator getdi: "Timsah" hakimiyyətə gəlir - FOTO

Qoca diktator getdi: "Timsah" hakimiyyətə gəlir - FOTO
10:52 22 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

Zimbabve 37 ildən bəri fasiləsiz davam edən Robert Muqabe iqtidarından qurtulub. Dünəndən etibarən ölkənəin şəhərlərində, xüsusilə də paytaxt Hararedə yüz minlərlə insan küçələrə çıxaraq diktaturanın sona çatmağını bayram edirlər.

Milli.Az CNN-ə istinadən bildirir ki, Zimbabve parlamentinin spikeri Ceykob Mudenda dünən 93 yaşlı R.Muqabenin istefa məktubunu oxuyub.

"Mən, Robert Qabriel Muqabe, rəsmən bildirirəm ki, Zimbabve prezidenti postundan istefa verirəm. Qərarım dərhal qüvvəyə minir".

Dünən ölkə parlamenti R.Muqabenin impiçmentini müzakirə edirdi. Ölkədə iqtidarda olan Zimbabve Afrika Milli İttifaqı-Vətənpərvərlər İttifaqı (Zimbabwe African National Union - Patriotic Front, ZANU-PF) sədrinə qarşı impiçmentin təşəbbüskarı olub. Ana müxalifət partiyası olan Zimbabvedə Demokratik Hərəkatlar Uğrunda Hərəkat (The Movement for Democratic Change Zimbabwe, MDCZ) təklifi dəstəkləyib.

Hakim partiyanın nüfuzlu funksionerlərindən biri, Zimbabve Veteranlar Assosiasiyasının sədri Kristofer Mutsvanqvanın xanımı Monika Mutsvanqvanın hazırladığı qətnamə layihəsinə görə, Robert Muqabe dərhal istefa verməli idi.

Parlament binasının qarşısına yığışmış on minlərlə zimbabveli qərarı dəstəkləyiblər, Muqabenin istefasını tələb ediblər.

Qərarı Zimbabve parlamentinin Nümayəndələr Məclisi və Senatının 350 deputatı müzakirə etməliydilər.

Dünən səhər Robert Muqabe hökumətin təcili iclasını keçirmək istəsə də, nazirlər bu tələbi qulaqardına vurublar.

Bu gün səhər saatlarında Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma və Anqolanın prezidenti Juan Lorensu Harareyə yollanıblar.

Zimbabvenin sabiq vitse-prezidenti, "Timsah" ləqəbli Emmerson Mnanqaqva da ölkəyə qayıdıb. O, səhər saatlarından etibarən hakimiyyəti ələ alıb.

30 ildən bəri Muqabenin sağ əli olmuş "Timsah" noyabrın 7-də istefaya göndəriləndən sonra ölkədə narazılıq başlanmışdı. Generalların çevrilişi gerçəkləşdirmələrinin rəsmi səbəbi də elə bu istefa idi.

Robert Muqabenin şərtlərinə görə, onun və 52 yaşlı arvadı Qreys Muqabenin toxunulmazlığı təmin olunmalı, daşınmaz əmlaklarına kimsə toxunmamalıdır.

Zimbabvedə noyabrın 15-də hərbçilər hakimiyyəti ələ keçiriblər.

Robert Muqabe yenidən prezident seçilmək və 99 yaşınadək dövlət başçısı postunda qalmaq niyyətində idi.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/601502.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR