Yuliya Raskeviç: “Ukraynada hər gün metro vaqonundakı sərnişinlərinin sayı qədər insan QİÇS-ə yoluxur”

Yuliya Raskeviç: “Ukraynada hər gün metro vaqonundakı sərnişinlərinin sayı qədər insan QİÇS-ə yoluxur”
16:54 7 Aprel 2015
391 Sosial
Ölkə mətbuatı
A- A+

“Ölkəmizdə konkret regionlarda QİÇS-in daha çox yayılması həmin ərazilərdə xəstəliklə bağlı maarifləndirmə tədbirlərinin keyfiyyəti və insanların rahat müayinə olunması ilə bağlıdır. Azərbaycan QİÇS-in yayılma sürətinə görə dünyada birinci yer tutan ölkələr sırasındadır”. Bu fikirlər APA TV-də yayımlanan “Sosium” proqramının qonağı, QİÇS-lə Mübarizə İctimai Birliyinin rəhbəri Nofəl Şərifov söyləyib.

 

Qonaq xəstəliyin yoluxma yolları barədə məlumat verib: “QİÇS əsasən qanla, cinsi əlaqə ilə və anadan uşağa ötürülməklə yayılır. Azərbaycanda inyeksiya narkotik istifadəçiləri arasında HİV-in yoluxması çoxluq təşkil edir. Həmçinin tatuaj etmək, birdəfəlik şprisdən ikinci dəfə istifadə olunması qanla yoluxmaya aiddir. Cinsi yolla eyni cinslərin əlaqəsi və qorunmamış cinsi əlaqə zamanı yoluxmaq mümkündür. QİÇS anadan uşağa isə hamiləlik dövründə, yəni ciftlə, doğuş zamanı və doğuşdan sonra südlə keçə bilər”.

 

Proqrama qonaq olan “HİV-lə Yaşayan İnsanlar Şəbəkəsi”nin media əlaqələndiricisi Yuliya Raskeviç isə xəstəliklə mübarizəni çətinləşdirən məqamları dilə gətirib: “Ən böyük maneə insanların qorxmasıdır. Təxminən 20 il əvvəl belə bir şüar geniş yayılmışdı: “QİÇS XX əsrin vəbasıdır, bu xəstəliyə tutulan insanlar ölürlər”. Buna görə də bir çox insanlar testdən keçmək istəmirlər, çünki düşünürlər ki, əgər QİÇS-ə yoluxmuşamsa, bunun heç bir mənası yoxdur, onsuz da öləcəyəm. Lakin artıq QİÇS müalicə olunur. Azərbaycanda bu müalicə pulsuz, yəni dövlət hesabınadır. Bundan əlavə, düzgün müalicə nəticəsində qanda virusun miqdarı tamamilə azalır və insan nəinki normal həyata geri dönür, hətta o sağlam övlad sahibi də ola bilir və virusu heç kimə keçirmir. Bu xəstəlik qanköçürmə yolu ilə, qeyri-steril inyeksiya vasitələri ilə də keçə bilər, bir sözlə, hamının başına gələ bilər. Ona görə də heç kəs düşünməsin ki, düzgün həyat tərzi keçirirəmsə, ailəmi sevirəmsə, bu problemin mənə dəxli yoxdur. QİÇS testindən keçməyə profilaktik məqsədlə stomatoloq qəbuluna getmək kimi baxılmalıdır”.

 

Əvvəllər Azərbaycanda QİÇS-li xəstələrinin daha çox inyeksiya narkotik istifadəçiləri olduğunu deyən Nofəl Şərifov artıq bu statistikanın dəyişdiyini deyib: “Artıq bizdə QİÇS bütün dünyada olduğu kimi cinsi yolla yayılır ki, bu da bizim üçün daha təhlükəlidir. Bu o deməkdir ki, artıq ölkəmizdə də HİV-in hədəfi təkcə riskli davranışa malik olan insanlar yox, həm də normal insanlardır”.

 

Qonaq profilaktik məqsədlə insanların HİV testindən keçməsini vacib hesab edir: “Bunun problemli tərəfi odur ki, virus orqanizmdə gizlənmək imkanına malikdir və insanın HİV-ə yoluxma anını müəyyən etmək olmur. 3 ay müddətində xəstəliyin pəncərə dövrü olduğundan bu virus orqanizmdə heç bir əlamət göstərmir. Yoluxma yolları ilə bağlı riskli davranışı olan insanların 6 ay, bir il ərzində müayinə olunması məsləhətdir. Hətta heç bir riskli davranış olmasa belə, müayinə olunmaqla, xəstəliyin ilkin mərhələsində insan öz HİV statusu barədə məlumatlı ola bilər. Bu insanların vaxtında düzgün antiretrovirus terapiyası alması həm xəstələr üçün həyati əhəmiyyət kəsb edir, həm də bütün cəmiyyət üçün də profilaktik tədbirdir. Bu müalicəni alan insanın xəstəliyi yoluxdurma ehtimalı çox aşağı olur”.

 

Yuliya Raskeviç Azərbaycanda HİV xəstələrinə münasibətin görülən işin keyfiyyətinə təsir etdiyini deyib: “Mentalitet təkcə müsəlman dövlətlərində yox, bütün Qafqaz dövlətlərində ciddi problemdir. Bizdə - Ukraynada, Rusiyada, Moldovada bir çox HİV viruslu insanlar açıq statusla yaşayırlar. Hətta bizdə HİV daşıyıcılarının şəkillərinin, adının, neçə il HİV virusu ilə yaşadığının nümayiş olunduğu xüsusi kompaniyalar təşkil olunur. Bu, insanlar arasında xəstəlik və xəstəliyə münasibətlə bağlı qorxunu aradan qaldırmağa kömək edir. Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya bölgəsində yerləşir və bu ərazi HİV xəstələrinin sayına görə yox, epidemiyanın yayılma sürətinə görə hətta Afrikadan da  öndə, yəni birinci yerdədir. Ukraynada hər gün QİÇS-ə yoluxanların sayı metro vaqonundakı sərnişinlərinin sayı qədərdir. Bu isə onunla bağlıdır ki, əvvəllər insanlar müayinədən keçmirdilər, indi isə analiz nəticəsində bu aşkar olur”.

 

Nofəl Şərifov xəstəliklə mübarizədə ən böyük problemin cəmiyyətin xəstəliyə münasibəti olduğunu deyib: “İlk olaraq QİÇS homoseksuallar arasında aşkar olunduğundan bu xəstəliklə bağlı cəmiyyətdə xüsusi diskriminasiya formalaşıb. Hətta insanlar bu problemlə bağlı klinikaya getməyə ürək etmirlər. Lakin fakt ondan ibarətdir ki, biz bu problemdən nə qədər də qaçsaq, o bizə o qədər yaxın olacaq”.

 

Yuliya Raskeviç QİÇS-lə mübarizədə Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərin bir çox dövlətlər üçün örnək olduğunu deyib: “Bizdə xüsusi əməkdaşlar ekspress QİÇS testini keçirmək üçün xüsusi maşınlarla ticarət mərkəzlərində, bayramlarda insanları məlumatlandırırlar. Testə qədər və sonra insanlara xüsusi psixoloji məsləhətlər vermək lazımdır ki, nəticə müsbət olsa, insan özünə əl qaldırmaq barədə düşünməsin. Testin nəticəsi müsbət olduğu halda, insan artıq daha dərin analizlərdən keçmək üçün xüsusi mərkəzə aparılır. Biz Şərqi Avropa və Mərkəzi Asiyanın 16 dövləti ilə əməkdaşlıq edirik və bu sahədə Azərbaycanın təcrübəsini həmin ölkələrə tətbiq etmək istəyirik. Azərbaycanda QİÇS statusu müsbət olan şəxs dərhal əlillik dərəcəsi alır”.

 

Nofəl Şərifov Azərbaycanda QİÇS-lə mübarizə istiqamətində görülən tədbirlərdən danışıb: “Hal-hazırda ölkəmizdə QİÇS-in yayılmasının qarşısını almaq üçün zərərin azaldılması proqramı, əvəzedici müalicənin təyini, HİV-lə yaşayan və yataq xəstəsi olan şəxslərə xüsusi qulluğun göstərilməsi, həmçinin narkotik istifadəçiləri arasında HİV-in yayılmasının qarşısının alınmasına yönəldilmiş tədbirlər həyata keçirilir. Lakin bütün bunlara baxmayaraq, əhali bu barədə kifayət qədər informasiyaya malik deyil”.

 

Nofəl Şərifov maarifləndirmə tədbirlərinin əsasən maariflənmiş insanlar arasında aparılmasının düzgün olmadığını deyib: “Bizdə əsasən maarifləndirilmiş insanlar maarifləndirilirlər. Əsas risk qrupları arasında maarifləndirmə kampaniyaları  çox nadir hallarda keçirilir. Narkotik istifadəçiləri arasında, seks biznesi xidməti göstərən insanlar arasında bu maarifləndirmə işi daha güclü aparılmalıdır, nəinki ali məktəb tələbələri arasında. Eyni zamanda insanlar bu problemlə bağlı bir biri ilə danışmağa ehtiyat edirlər. Bizim təşkilatda özünədəstək qrupları var, HİV-lə yaşayan şəxslər özləri həftədə bir dəfə yığışıb öz problemləri ilə bağlı müzakirə edirlər, məsləhətlər verirlər, bu, kifayət qədər effekt verir”.

 

Qonaq Azərbaycanda HİV-in daha çox yayıldığı bölgələrlə bağlı da fikrini bildirib: “Şirvan, Lənkəran, Hacıqabul şəhərində HİV-lə yaşayan insanların sayının çox olmasının səbəbi bu bölgələrdə HİV-lə bağlı görülən işin keyfiyyətinə görədir. Bu bölgələrdə insanlar maarifləndirilir və müayinəyə cəlb olunurlar”.

 

QİÇS barədə maarifləndirmədə tanınmış şəxslərin yaxından iştirakının əhəmiyyətindən danışan Yuliya Raskeviç bu təcrübənin Azərbaycanda da tətbiqinin yaxşı nəticə verəcəyini bildirib: “Bu, olduqca effektiv üsuldur. Hazırda Rusiya və Ukraynada bu sahədə UNİTED-in xüsusi səlahiyyətli səfiri müğənni Vera Brejnevadır. Əvvəllər bu işi Viktoriya Bekhem də icra edirdi. Şərqdə, müsəlman dövlətlərində ətrafdakıların nə deyəcəyindən çox çəkinirlər. Ona görə də inyeksiya narkotikdən istifadə etməyən, ailəsi, uşağı olan qadınlar testdən keçmək istəmirlər. Bütün bunları aradan qaldırmaq üçün biz həm burada, həm də digər ölkələrdə “Hər şeyi vaxtında elə və qonşuna danış” adlı tədbirlər həyata keçiririk. Biz bunun sağlamlığın qeydinə qalmaq olduğunu, 20 il əvvəl olduğu kimi qorxulu olmadığını bildiririk. epidemiyanın qarşısını almağa özümüzdən başlamalıyıq. Şəkər diabeti ilə yaşayan, daim insulin müalicəsi alan və normal həyat keçirən insanlar var. Bu da onun kimidir”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198535

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR