SOCAR işçilərinin uşaqları üçün Almaniyada yay düşərgəsi təşkil ediləcək

17:17 7 Aprel 2015
306 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 18:11 ]


Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) işçilərinin uşaqları üçün E.ON şirkətinin dəstəyi ilə Almaniyada yay düşərgəsi təşkil ediləcək.

 

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, 2013-cü il sentyabrın 19-da SOCAR və E.ON şirkətlərinin uzunmüddətli əməkdaşlığı üçün geniş imkanlar yaradan qaz satışı müqaviləsinin imzalanması ilə iki şirkət arasında təkcə istehsalat əlaqələri deyil, texnologiya və innovasiya, menecment təlimi, gənc mütəxəssislərin inkişafı, tədqiqat və korporativ sosial məsuliyyət sahələrində də münasibətlər genişlənib.

 

Müqaviləyə əsasən, SOCAR və E.ON şirkəti əməkdaşlarının 12-13 yaşlı uşaqları üçün Azərbaycanın və Almaniyanın müxtəlif şəhərlərində yay düşərgələri təşkil edilir. 2014-cü ilin iyul ayında Almaniyanın Düsseldorf şəhərində ilk dəfə SOCAR əməkdaşlarının uşaqları üçün 15 günlük yay düşərgəsi təşkil olunub. 2015-ci ildə də Almaniyada yay düşərgəsi təşkil ediləcək. Bu məqsədlə müsabiqə elan edilmiş və 32 nəfərin müraciəti qəbul olunub. Müsabiqə şəffaflıq və obyektivlik prinsipləri əsasında elektron test imtahanı yolu ilə keçirilmiş və seçimdə qalib gəlmiş ilk 20 nəfər müəyyən olunub.

 

İnsan Resursları Departamentində bununla bağlı yay düşərgəsinin iştirakçısı hüququnu qazanmış 20 uşaq və onların valideynləri ilə görüş keçirilib. Görüşdə İRD-nin rəisi Asif Bəkirli valideynləri və uşaqları təbrik edib, Yay düşərgəsinin proqramı və qarşıda duran məsələlər barədə məlumat veriblər. Qeyd edilib ki, müsabiqə qalibləri Almaniyanın Düsseldorf və Münhen şəhərləri boyunca tarixi abidələrlə tanış olacaq, universitetlərə baş çəkəcək, əyləncə mərkəzlərində istirahət edəcəklər. Uşaqlar üçün BMW mərkəzi və muzeyinə, Bayern Munich futbol klubunun muzeyinə və bazasına, o cümlədən Olimpiya Stadionuna ekskursiya təşkil olunacaq. Görüş zamanı valideynləri və uşaqları maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd olunub ki, bu ilin iyul-avqust aylarında Almaniyanın E.ON şirkətinin əməkdaşlarının uşaqları üçün Azərbaycanda da yay düşərgəsi təşkil olunacaq. Almaniyalı uşaqlar Şirvanşahlar sarayına, Qız qalasına, Qobustan qoruğuna, Atəşgah məbədinə, yeni Olimpiya stadionuna, Kristal saraya baş çəkəcək, Şəki, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz şəhərlərinə səfər edəcəklər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378764

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR