“Molla Nəsrəddin” jurnalının 109-cu ildönümü qeyd olunub

“Molla Nəsrəddin” jurnalının 109-cu ildönümü qeyd olunub
17:48 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, Zərəngiz Mansurova, AZƏRTAC
Aprelin 7-də Cəlil Məmmədquluzadənin ev-muzeyində “Molla Nəsrəddin” jurnalının 109-cu ildönümünə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin foyesində ekspozisiya nümayiş etdirilib.
Muzeyinin direktoru Pərixanım Mahmudova Cəlil Məmmədquluzadənin şərəfli həyat yolundan və yaradıcılığından söhbət açıb.
Bakıdakı 189, 190,150, və Zirə qəsəbəsindəki 134 nömrəli orta məktəbin şagirdləri muzeyin ekspozisiya zalı ilə tanış olub. Sonra şagirdlərin ifasında Cəlil Məmmədquluzadə və "Molla Nəsrəddin"çilər haqqında qısa məlumatlar səsləndirilib.
Bildirilib ki, 1906-cı il aprelin 7-də "Molla Nəsrəddin" jurnalının ilk sayı Tiflisdə işıq üzü görüb. "Molla Nəsrəddin" jurnalı Azərbaycan dilində nəşr edilən satirik, populyar jurnal kimi ilk sayından sevilib. Jurnalın redaktoru və müəllifi Cəlil Məmmədquluzadə o dövr ziyalılarını tez bir zamanda öz ətrafına toplaya bilib. "Molla Nəsrəddin"in 25 il ərzində 748 nömrəsi çapdan çıxıb.
"Molla Nəsrəddin" 25 il ərzində Azərbaycandan kənarda olan mütərəqqi qüvvələri, demokratik düşüncəli insanları da öz ətrafında toplaya bilib. Jurnalda Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzə Əli Möcüz Şəbüstəri və başqa şair, yazıçı və jurnalistlər, o cümlədən, Oskar Şmerlinq, İ.Rotter, Əzim Əzimzadə kimi rəssamlar fəaliyyət göstəriblər.
Sonda şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Molla_Nesreddin_jurnalinin_109_cu_ildonumu_qeyd_olunub-844337

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR