BNA-dan "Qarabağ"ın azarkeşlərinə növbəti "zərbə" - Sərnişinlər səhv yönləndirilib

BNA-dan "Qarabağ"ın azarkeşlərinə növbəti "zərbə" - Sərnişinlər səhv yönləndirilib
11:05 23 Noyabr 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhər sakini Akşin Haqverdiyev Milli.Az-a müraciət edərək noyabrın 22-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin paytaxtımızda keçirilən "Qarabağ" - "Çelsi" oyunundan sonra Bakı Olimpiya Stadionundan çıxan azarkeşlərin nəqliyyat problemindən şikayət edib:

"Bildiyimiz kimi dünən - 22.11.2017-ci ildə "Qarabağ" milli komandamıza dəstək olmaq üçün təxminən 70 000 azarkeş Olimpiya Stadionuna yığışmışdır. Xoşbəxtlikdən oyuna baxmağa gələrkən şəxsi nəqliyyat vasitəsindən istifadə etsək də, bədbəxtçilikdən qayıdanda Bakı Nəqliyyat Agentliyinin sərnişinlərin "rahatlığını" təmin etmək üçün təşkil etdiyi "ekspress marşrutlara" müraciət etməli olduq.

Oyunun bitməsindən sonra sərnişinlərin metro stansiyalara çatdırılmasında bilərəkdən çox böyük əngəllər yaradılıb. Belə ki, BNA tərəfindən stadionun çıxışında 1 neçə ərazidə metronun "28 May", "20 Yanvar" və "Qara Qarayev" stansiyaları istiqamətinə gedən marşrutlarına minmək üçün hansı istiqamətdə hərəkət etmək lazım olduğunu düzgün əks etdirməyən tablolar yerləşdirilib. Millət isə həmin tablolara uyğun olaraq hərəkət etsə də, sonradan məlum oldu ki, tablolar "Koroğlu" stansiyasına aparır. Aldadılmış camaat avtobuslara minmək üçün geri qayıtmalı və təxminən 1 km məsafəni o soyuq havada qət etməli oldu.

Ən böyük biabırçılıq isə sonra baş verdi. Belə ki, Bakı Nəqliyyat Agentliyinin əməkdaşları milləti stadiondan "boşaltmaq" üçün azarkeşləri bilərəkdən səhv məlumatlarla başqa stansiyaya gedən avtobuslara əyləşdiriblər. Marşrut hərəkətə gəldikdən sonra isə məlum oldu ki, bu marşrut "28 May"a deyil, öz xətti ilə, yollardan, məhlələrdən sərnişinləri 20 qəpiklə yığa-yığa Xırdalana gedirmiş. Sürücü bunu onunla əsaslandırdı ki, BNA bütün sürücülərə "Azarkeşləri stadiondan təcili çıxardın, sonra isə hara istəyirsiz boşaldın!" əmrini verib.

Qeyd edim ki, mən olduğum 119 nömrəli marşrutun dövlət qeydiyyat nişanı 10-TG-703- idi. Marşrut bizi "28 May" stansiyası əvəzinə nə az - nə çox, düz saat yarım ərzində 3 dəfə "Dərnəgül"ə (Ziya Bünyadov prospekti-red.), 2 dəfə isə Heydər Əliyev prospektinə qayıtmaqla bütün Bakının gəzməli-görməli yerlərini göstərə-göstərə metronun "20 Yanvar" metrosuna gətirdi. Hadisələrin video görüntüləri tərəfimdən qeydə alınıb. Bu hadisə ilə bağlı bütün lazımı orqanlara şikayət artıq ünvanlanır".

Azarkeş sərnişin BNA-nın dərhal məsələ ilə bağlı izahat verməsini tələb edir.

Qeyd edək ki, "Qarabağ" komandasının Bakı Olimpiya Stadionunda keçirilən digər 2 matçından sonra da azarkeşlərin BNA-nın təşkilatçılığı ilə cəlb edilmiş avtobuslarla daşınmasında problem və böyük narazılıq yaranmışdı. Lakin Agentlik hər dəfə günahı öz boynundan atmaq üçün müxtəlif bəhanələr gətirmişdi.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/601856.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR