Bu il Astarada 80 ton bal istehsalı gözlənilir

Bu il Astarada 80 ton bal istehsalı gözlənilir
19:08 7 Aprel 2015
262 Ölkə
Ölkə mətbuatı
A- A+


Astara, 7 aprel, Bağır Əliyev, AZƏRTAC
Arıçılıq Astara rayonunun əsasən dağlıq ərazisində yerləşən yaşayış məntəqələrində geniş yayılıb. Miki kəndində yaşayanların əksəriyyəti ata-babadan qalma bu peşəni indi də uğurla davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, bu il qış mövsümündə havaların əlverişli keçməsi astaralı arıçıların sevincinə səbəb olub. Görülən tədbirlər arıçıların yaz mövsümündə yüksək məhsul əldə etmələri üçün əlverişli şərait yaradıb. Arıçılıqla məşğul olan fermerlər və məhsul istehsalçıları bu il hər bir arı ailəsindən 16-17 kiloqramadək məhsul götürməyi planlaşdırırlar. Bu, ötən illə müqayisədə təxminən 5-6 kiloqram çoxdur.
Arıçı İntiqam Kazımov bildirib ki, əlverişli hava şəraiti ilə yanaşı, arı ailələrinə düzgün qulluq göstərilməsi və xəstəliklərə qarşı aparılan profilaktiki tədbirlər də yüksək məhsuldarlığa ümid verən səbəblərdəndir: “Arı ailələrində xəstəliklərə qarşı qabaqlayıcı mübarizə tədbirləri görmək vacib məsələdir. Payız fəslində arıçı bu tədbirləri görübsə, yazda onun yaxşı nəticəsinin şahidi olacaq”.
Digər arıçı Rəşad Ağayev isə arıların çiçək tozu gətirdiyini, ballama getdiyini, ona görə də yaxşı məhsul gözlənildiyini vurğulayıb.
Astara Rayon Arıçılar Cəmiyyətinin sədri Arif Nəzərovla söhbət zamanı qeyd etdi ki, rayonda istehsal olunan bal ekoloji təmizliyi və keyfiyyəti ilə seçilir. Astaralı arıçılar hər il Bakı şəhərində keçirilən bal məhsullarının yarmarkasında iştirak edirlər.
Ölkəmizdə məhsul istehsalçıları üçün yaradılan şəraitə, onlara göstərilən dövlət dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirən A.Nəzərov, rayonda arıçılıqla bağlı qablaşdırma sexinin və tədarük bazasının, mövcud laboratoriyanın isə lazımi səviyyədə olmamasının məhsul istehsalında bir sıra problemlər yaratdığını da diqqətə çatdırıb.
Qeyd edək ki, hazırda Astara rayonunda 9 min 151 arı ailəsi var. Bu arı ailələri 1146 təsərrüfatda saxlanılır. Ötən il rayonda 78 ton bal istehsal olunub. Bu il bu rəqəmin 80 tona çatdırılması nəzərdə tutulub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bu_il_Astarada_80_ton_bal_istehsali_gozlenilir-844353

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR