Ənvər Paşanın nəvəsi: “Babam Qurtuluş savaşından əvvəl Atatürkə bir neçə yüz min silah bağışlamışdı” - VİDEO

Ənvər Paşanın nəvəsi: “Babam Qurtuluş savaşından əvvəl Atatürkə bir neçə yüz min silah bağışlamışdı” - VİDEO
19:12 7 Aprel 2015
60 Digər
Ölkə mətbuatı
A- A+




“Azərbaycan son dərəcə böyük dövlət, Bakı gözəl və tərtəmiz bir şəhərdir. Təəssüratlarım gözlədiyimdən də üstün oldu. Bəzi yerlərdə modernlə qədimliyin bir sintezini gördüm”. Bu fikirləri APA TV-də yayımlanan “Manşet” proqramının qonağı, Türk tarixinin önəmli simalarından Ənvər Paşanın nəvəsi Osman Mayatəpək deyib.

 

Babası barədə xatirələrini bölüşən Osman Mayatəpək bildirib ki, Ənvər Paşa həm Türkiyədə, həm də dünyada tanınmış şəxsdir: “Amma Ənvər Paşa haqqında həqiqəti bilənlər bilməyənlərdən daha azdır. “Dədəm Ənvər Paşa” kitabını yazmağımın əsas səbəblərindən biri də bu idi. Osmanlı İmperiyası I dünya müharibəsində məğlub olduqdan sonra ölkəmiz işğal edildi. O zaman Mustafa Kamal Paşa Atatürk ortaya çıxdı və bir Qurtuluş savaşı başladı. Ənvər paşa həmin vaxt Batumda idi, amma geri qayıtmaq ehtimalı vardı. Hətta Ənvər Paşanın 1921-ci ildə Atatürkə yazdığı məşhur məktubu var. Məktubda xüsusi olaraq qeyd edir ki, əgər Sakarya müharibəsində uğur qazansan, mən gəlməyəcəyəm. Amma məğlubiyyətə düçar olsan, qayıdıb ordunun başına keçəcəyəm. Bunun qarşısını almaq üçün Kazım Qarabəkir Paşa o zaman Mustafa Kamala bir təklif edir, deyir ki, Ənvər Paşa qayıtmasın deyə ona qarşı qarayaxma kampaniyası başlamaq lazımdır. Səbəb Ənvər Paşaya hörmət etməmək, Ənvər Paşanı sevməmək deyildi. Düşünürdülər ki, Ənvər Paşa geri qayıdarsa, Qurtuluş savaşı məğlubiyyətə uğraya bilər. Və Kazım Qarabəkir Paşanın seçdiyi taktika müvəffəqiyyətli olur. Ənvər Paşaya qarşı həyata keçirilən kampaniya uzun sürür. Məsələnin təəssüf doğuran tərəfi odur ki, Kazım Qarabəkir Paşa ondan bir neçə il sonra mərdliklə, açıq şəkildə etiraf edir ki, mən və Mustafa Kamal bu kampaniyanı Ənvər Paşaya hörmətimiz olmadığına görə deyil, Qurtuluş savaşını xilas etmək üçün apardıq. Amma təəssüf ki, illər keçməsinə rəğmən, o zaman babamla bağlı uydurulan əhvalatlar hələ də danışılır”.

 

Osman Mayatəpək babasının Qurtuluş savaşına verdiyi dəstəkdən də danışıb: “Ənvər Paşa Qurtuluş savaşının başlayacağını əvvəlcədən görürdü. Bu səbəbdən bir neçə yüz min tüfəng və topu Anadolunun müxtəlif bölgələrində gizli yerlərə basdırır və o yerlərin siyahısını Atatürkə göndərir. Deyir ki, sənin ixtiyarına bir milyon əsgər və silah-sursat verdim, bunu Qurtuluş savaşının başlayacağını bildiyim üçün etdim”.

 

Ənvər Paşanın nəvəsi “erməni soyqırımı” ilə bağlı iddiaların uydurma olduğunu deyib: “Erməniləri tamamən ruslar, ingilislər və  fransızlar tərəfindən aldadılmış zavallı olaraq görürəm. Ermənilərə deyirlər ki, Osmanlı çökür, sizə dövlət quracağıq, bunun üçün isə üsyan etməlisən. O zaman Ənvər Paşa hərbi nazir olaraq təklif edir ki, təhlükəli bölgələrdə, hərbi bölgələrdə yaşayan, Osmanlı vətəndaş olan erməniləri yenə Osmanlı torpaqları içərisində daha təhlükəsiz bir bölgəyə göndərək. Bu prosesi həyata keçirən Talat Paşadır, amma ideya müəllifi babamdır. Ənvər Paşa deyir ki, onsuz da mənim ordum eyni zamanda 7 cəbhədə savaşır, bu işi həyata keçirməyə vaxtım yoxdur. Təsəvvür edin, imkanlar məhdud, pul məhdud, ordu onsuz da döyüşlərdədir, ara qarışıb, türk,  erməni, kürd  quldurları meydan sulayır, xəstəliklər yayılıb. Köçürmə zamanı ölənlər həm xəstəlikdən dünyasını dəyişib, həm bu quldurların basqınlarının qurbanı olublar. Baş verənlərin soyqırımı lə heç bir əlaqəsi yoxdur. Erməni diasporunun bir hissəsi və indiki Ermənistan hökuməti soyqırımı iddialarını nə olursa-olsun gündəmdə saxlamaq istəyir. Bu işin arxasında maddi maraqlar olduğunu düşünürəm. Ermənistanda yaşayıb da zavallı ermənilərdən 90 min nəfər gəlib Türkiyədə çörək pulu qazanır, bunu düşünsünlər. Paris və Londonda oturub da soyqırımı nağılı oxumaq qədər asan nə ola bilər?”

 

Osman Mayatəpək Sarıqamışda 90 min əsgərin şəhid olmasının Ənvər Paşanın ayağına yazılmasının səhv olduğunu deyir: “Noyabrın 1-də rus ordusu Ərzuruma qədər gəlmişdi, o vaxt o bölgəni qoruyan 3-cü ordunun komandanı Hasan İzzət Paşa Köprüköy ve Azap kəndində ruslara iki dəfə qalib gəlmişdilər. Amma Hasan İzzət Paşa əsgəri tarixində görünməmiş müvəffəqiyyətə imza atıb, rusları təqib edib sonuna çıxmaq əvəzinə ordunu geri çəkir. Yəni, qalib gələn ordu geri çəkilir. Hasan İzzət Paşa bunu qorxduğunda edir. Ənvər Paşa o zaman Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavininə deyir ki, get, araşdır, orada nə baş verdiyini anlaya bilmirəm. Sonradan fikrini dəyişib özü bölgəyə gedir. Dekabrın 19-da üçüncü ordunun komandanı Hasan İzzət Paşa birdən-birə səbəb göstərmədən istefa edir. Onu əvəzləyən Hafız Hakkı Paşa “böyük zəfər qazanacağam” deyərək Ənvər Paşanın əmrini dinləyib Sarıqamışa gəlmək yerinə, rusları təqib edərək Allahü Əkbər dağlarına çıxır. Amma dekabrın 29-da ordunun 80 faizini itirərək Sarıqamışa qayıdır. Sarıqamışdan bu qədər böyük itki verilməsinin ən böyük səbəbkarlarından biri Hafiz Hakkı Paşadır”.

 

(I hissə)


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378770

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR