Səudiyyə Ərəbistanı və İran arasında gərginlik hər keçən
gün artır. Səudiyyə Ərəbistanının liderliyi ilə keçirilən Ərəb
Birliyi xarici işlər nazirlərinin zirvə görüşündə “İrana qarşı
müharibə elan edilmədi” açıqlaması da qarşıdurmanın pik həddini
göstərir.
Publika.az xəbər verir ki, Səudiyyə Ərəbistanın “Al
Arabiya” xəbər saytının köşə yazarı Mişari Zeydi İranın bölgədə heç
kimi sağ buraxmayacaq planının olduğu iddiası ilə çıxış edib.
“Bu sadəcə Səudiyyə Ərəbistanının müharibəsi deyildir. Bu, bütün
ərəblərin və müsəlmanların, hətta bəşəriyyətin müharibəsidir. Bu
gün müharibəyə qatılmayanlar alçaqlar süfrəsində məğlub olacaqlar”,
- deyə ərəb yazar iddialarını davam etdirib.
Ərəblərin təhdidləri qarşısında İran da susmaq fikrində deyil.
ABŞ-ın CNBC telekanalına danışan İran rəsmilərindən biri “İran
sülhsevər dövlətdir, lakin yeganə seçim qalarsa, müharibəyə
hazırdır” deyə bildirib.
Diqqət çəkən məqamlardan biri də Səudiyyə vəliəhdi Məhəmməd bin
Salmanın bu proseslərdə baş oyunçu kimi təqdim edilməsidir.
Xüsusilə Səudiyyə Ərəbistan mediası İranın dini lideri Xameneinin
qarşısına şahzadə Salmanı çıxarır, onların fotosunu birgə yayır.
Bu, gənc vəliəhdin kral olmasa da, ölkəsində hər şeyə nəzarət
etdiyini sübut etməklə yanaşı, həm də yeni liderin o olacağına
işarədir. Qərb mediası isə Məhəmməd bin Salmanı “Mister Hər Şey”
(Mr. Everuthing) deyə təqdim edir.
Oksford Universitetinin Yaxın Şərq üzrə mütəxəssisi Tobi Matthiens
Səudiyyə və İran arasındakı hazırki vəziyyətin əvvəlki dövrlərlə
müqayisədə daha təhlükəli olduğuna diqqət çəkib.
Onun fikrincə, vəliəhd Salmanın İranı sərt şəkildə təhdid etməsi
iki ölkə arasında vəziyyətin nəzarətdən çıxması nöqtəsi ola
bilər.
“Vəliəhd ABŞ prezidenti Donald Trampla səmimi münasibətlərinə görə
bölgədə toxunulmazlıq statusu alıb. O, İranla Livan arasında quru
dəhlizi qurmağa nail oldu və bununla İrana qarşı həmlələrini
genişləndirdi”, - deyə Tobi Matthiens qeyd edib.
Yaxın Şərq üzrə amerikalı ekspert Cosua Landis Səudiyyənin İrana
qarşı Livan gedişini şərh edib: “Məhəmməd bin Salman Livanın baş
naziri Saad Haririnin İranla uzlaşdığını düşünür. Şahzadə düşünür
ki, Livan hökuməti dağılarsa və Hizbullaha dəstək kəsilərsə, Qərb
hər şeyi anlayacaq və Hizbullahı sıxışdıracaq. Mümkündür ki,
2006-cı ildə olduğu kimi Səudiyyə Ərəbistanı yenə də İsrailin
Livana hücum etməsinə şərait yaratsın. Lakin bu dəfə daha güclü
ordu ilə hücum ediləcək”.
“Financial Times” nəşrinin siyasi analitiki David Qartner hesab
edir ki, Livan Riyad və Tehran arasındakı vəkalət müharibəsinin
yeni məkanı olacaqsa, bu, Yaxın Şərqdə nəzarətdən çıxan toqquşma
ilə nəticələnəcək.
Asif