Ukraynada erməni maraqlarının təmini mümkünsüzdür

Ukraynada erməni maraqlarının təmini mümkünsüzdür
18:42 7 Aprel 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

Politoloqların fikrincə, Kiyevin Azərbaycan və Türkiyə kimi dost-müttəfiq dövlətlərə ehtiyacı var
Hər il olduğu kimi, bu il də ermənilər saxta soyqırımının dünya dövlətləri tərəfindən tanınması istiqamətində fəaliyyətlərini bir qədər də artırıblar. Aprel ayı başlayandan isə bu qondarma təbliğat daha da geniş vüsət alıb. Erməni lobbisinin maliyyə dəstəyi ilə bəzi dövlətlərin qanunverici orqanlarında “erməni soyqırımı”nın tanınması layihələri gündəmə gətirilib. Növbəti belə bir cəhd Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərində olan Ukraynada müşahidə edilib. Belə ki, Ukrayna Ali Radasına qondarma erməni soyqırımının tanınması haqqında 2530 saylı qanun layihəsi daxil olub. Qanun layihəsinin təşəbbüskarı Odessa vilayətinin Tatarbunar şəhərindən seçilən bitərəf millət vəkili, “Vidrojdeniya” deputat qrupunun üzvü Vitali Barvinenkodur. Ali Radanın saytında bu sənədin mətni barədə açıqlama verilməsə də, həm Azərbaycan, həm də qardaş Türkiyə ilə yaxşı münasibətləri olan Ukraynada erməni yalanlarına yer verilməsi cəhdi təəssüf doğuracaq haldır.

Mövzu ilə bağlı “Kaspi”yə fikirlərini bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, əgər belə bir məsələ gündəmə gələrsə, Ukrayna prezidenti və baş nazir öz sözlərini deyəcək, avantüranın qarşısını alacaqlar. Onun fikrincə, hazırda rəsmi Kiyevin müttəfiqlər, dost dövlətlərlə münasibətləri qoruyub saxlamağa daha çox ehtiyacı var, nəinki Türkiyə və Azərbaycanla əlaqələri gərginləşdirməyə: “Belə bir qanun layihəsi Ali Rada səviyyəsində müzakirəyə çıxarılıb qəbul olunarsa, avtomatik şəkildə Ukrayna-Türkiyə, Ukrayna-Azərbaycan münasibətləri gərginləşəcək. Bu isə rəsmi Kiyev üçün arzuolunan hal deyil. Ukraynanın Azərbaycan və Türkiyə kimi dost-müttəfiq dövlətlərə ehtiyacı var. Ermənistandan fərqli olaraq, hər iki dövlət Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Bu mövqeyini rəsmi Bakı hətta BMT-də də müdafiə edib. Bu amil Poroşenko və komandasının, eləcə də Ali Rada deputatlarının diqqətindən kənarda qala bilməz. Digər tərəfdən, Ermənistan Rusiyadan asılı bir dövlətdir, Kremlin icazəsi olmadan Serj Sarkisyan müstəqil addım ata bilmir. İndiki durumda isə Ukrayna ilə Rusiyanın münasibətləri gərgindir. Hətta ən pis halda “soyqırımı” Ali Rada tərəfindən tanınsa belə, rəsmi Moskva imkan verməz ki, Ermənistanla Ukrayna yaxınlaşsın, sıx münasibətlər qursun. Bu qətnamənin qəbulu Ukraynaya kiçik və mənasız Ermənistanı qazandıra da bilməyəcək. Əksinə, Kiyev daha böyük dost itkilərinə məruz qalacaq. Ona görə də Ukraynada imkan verilməməlidir ki, bir-iki nəfər avantüristin hazırladığı qətnamə Ali Rada səviyyəsində müzakirəyə çıxarılsın, bununla da milli və dövlət maraqlarına ciddi xələl gəlsin”.

Ukraynanın dövlət və milli maraqlarına zidd qətnamənin gündəmə gətirilməsinin səbəblərinə toxunan E.Şahinoğlu deyib ki, erməni lobbisi hər bir ölkədə kəşfiyyat aparır, özünə yaxın insanlar tapıb onlar vasitəsilə saxta soyqırımını qanunverici orqanlara, müxtəlif təşkilatlara daşıtdırır. O, ehtimal edib ki, erməni lobbisi hansısa kanallarla buna görə Vitali Barvinenko və onun kimilərə yol tapıb, pul xərcləyib: “Odessada ermənipərəst qüvvələr də fəaldırlar. Həmin qüvvələr Ermənistan və ermənilərdən yanadırlar. Həmin qüvvələrin Kiyevin mərkəzində də fəallaşması barədə məlumatlar var. Xəbərlərdə qeyd olunur ki, Ukraynadakı ermənilər “soyqırımı” ilə bağlı paytaxt Kiyevdə bəzi yerlərə plakatlar da yapışdırırlar. Ukrayna prezidenti və baş nazir bu məsələyə ciddi təpki verməli, öz kəskin münasibətlərini ortaya qoyub mümkün təxribatın qarşısını almalıdırlar”.

Politoloq Natiq Miri də hesab edir ki, bu, erməni diasporunun, eləcə də Ukraynada fəaliyyət göstərən bir qrup erməni biznesmenlərinin təhriki, maliyyə dəstəyi ilə ortaya çıxan “qanun layihəsi”dir. O, həmin sənədi ciddiyə almağı əbəs sayır: “Ukraynanın strateji seçimi Avropa İttifaqı ilə bağlıdır. Bu ölkə assosiativ sazişə imza atıb. Ukraynanın postsovet məkanında çox isti münasibətləri olan ölkələr arasında Ermənistan yoxdur. Belə vəziyyətdə Ermənistanın dövlət maraqları heç vaxt Ukraynanın milli və dövlət maraqlarını üstələyə bilməz. Bu, ermənilər tərəfdən yalnız növbəti cəhddir. Fikrimcə, bu sənəd elə cəhd olaraq da parlamentdə qalacaq. İnanmıram ki, bu sənəd parlament səviyyəsində müzakirəyə çıxarılsın. Komitə iclaslarının birində bu sənədə qısa vaxtın ayrılması və rədd edilməsi daha çox inandırıcıdır. Odessalı deputatın hazırladığı sənədin taleyi bundan o tərəfə keçə bilməz. Belə bir məsələ Ali Rada, eləcə də Kiyev rəsmiləri səviyyəsində müzakirə olunacaq səviyyədə deyil. Ukraynanın xarici siyasətində saxta soyqırımını tanımaq, bununla da Ermənistanın dövlət maraqlarını güdmək prioritet məsələ deyil”.

N.Miri deyib ki, beynəlxalq təşkilatlarda Krım Muxtar Respublikasının işğalı məsələsi gündəmə gələndə Azərbaycan birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib: “Hazırda da Azərbaycan Ukrayna ilə GUAM kimi beynəlxalq təşkilatda müttəfiq səviyyəsində təmsil olunur. Gələcəkdə GUAM-ın strateji məqsədləri ciddi mənada önəm daşımağa başlayıb. Belə bir durumda uydurma soyqırımının tanınması barədə qanun layihəsi Ukraynanın nəyinə lazımdır ki? İndinin özündə, həmçinin gələcək perspektivdə də Ukraynada erməni maraqlarının təmin olunması mümkünsüzdür. Kimsə düşünə bilər ki, Ukraynada erməni əsilli daxili işlər naziri var və bunun proseslərə hansısa təsiri ola bilər. Ancaq reallıqda fərdlərin istəyi dövlət maraqlarını üstələyə bilməz. Ukraynada da hansısa nazir “erməni soyqırımı”nı parlament və ya dövlət səviyyəsində tanıtdıra bilməz. Bu addımın atılması rəsmi Kiyevin Azərbaycan və Türkiyə ilə münasibətlərinə ciddi xələl gətirə bilər. Gerçəkləri özündə əks etdirməyən qətnamə layihəsi hətta parlamentdə müzakirəyə yol tapsa belə, prezident Poroşenko bu məsələnin inkişaf etməsinə yol verməz. Ona görə də deputat Vitali Barvinenkonun hazırladığı layihə ermənilərin növbəti cəhdindən o tərəfə keçməyəcək. İndi nəinki Ukraynada, eləcə də qlobal səviyyədə ermənilər “soyqırımı” məsələsində ciddi məğlubiyyətlə üz-üzə qalırlar. Azərbaycan və Türkiyə dövlətlərinin erməni yalanlarına qarşı beynəlxalq səviyyədə apardığı ifşaedici kampaniyanın nəticəsi olaraq, biz 24 aprel tarixində bu məğlubiyyətin bir daha şahidi olacağıq”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/333301.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR