Misirin investisiya imkanları ilə tanış olacaqlar

Misirin investisiya imkanları ilə tanış olacaqlar
19:48 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Qahirə, 7 aprel, AZƏRTAC
Misirin sənaye və ticarət naziri Münir Fəxri Əbdülnur bildirib ki, yaxın vaxtlarda Azərbaycanın nümayəndə heyəti bu ölkəyə səfər edəcək. Misirin aparıcı nəşrlərinin çoxunda dərc edilmiş bu bəyanatdan məlum olur ki, nümayəndə heyətinə Azərbaycanın ən iri şirkətlərini təmsil edən 50-yə yaxın biznesmen daxil olacaq.
Nazirin sözlərinə görə, səfərin məqsədi Misirin investisiya imkanları ilə tanış olmaq və bu ölkənin özəl sektoru ilə əməkdaşlıq etmək üçün yeni layihələr hazırlamaqdır. İki ölkənin sahibkarları arasında işgüzar danışıqlar Azərbaycan-Misir birgə iqtisadi komissiyasının Qahirədə, hər iki ölkənin vəzifəli şəxslərinin iştirakı ilə keçiriləcək iclası çərçivəsində aparılacaq.
Misir qəzetləri yazırlar ki, bu barədə razılaşma Misirin sənaye və ticarət naziri Münir Fəxri Əbdülnur ilə Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin görüşündə əldə edilib. Danışıqlar zamanı ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin və genişləndirilməsinin zəruriliyi məsələləri müzakirə edilib, hər iki ölkənin investisiya imkanları nəzərdən keçirilib.
Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev xüsusi vurğulayıb ki, Azərbaycan Misirlə iqtisadi əməkdaşlığın intensivləşdirilməsində maraqlıdır. Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün böyük imkanlar var və birgə iqtisadi komissiyanın iclasının keçirilməsi hər iki ölkədə özəl sektorun nümayəndələri arasında əlaqələrin daha da möhkəmlənməsi üçün yaxşı bir fürsət olacaq.
Məlumatın tam versiyası ilə aşağıdakı link üzrə tanış ola bilərsiniz:
http://www.almasryalyoum.com/news/details/700195

Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Misirin_investisiya_imkanlari_ile_tanis_olacaqlar-844387

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR