Bakı, 7 aprel, AZƏRTAC
Respublikaçı senator Rend Pol ABŞ prezidenti postuna namizədliyini irəli sürəcək. O, bu barədə məlumatı özünün rəsmi saytında bildirib.
AZƏRTAC ABŞ KİV-lərinə istinadla xəbər verir ki, 2016-cı ildə keçiriləcək seçkilərdə Respublikaçılar partiyasından mümkün namizədlər sirasında Florida ştatının keçmiş qubernatoru Ceb Buşun (keçmiş prezident kiçik Corc Buşun qardaşı), senatorlar Marko Rubio və Ted Kruzun, Nyu-Cersi ştatının qubernatoru Kris Kristinin, həmçinin Viskonsin ştatının qubernatoru Skott Uokerin də adı çəkilir.
Qeyd edək ki, martın 18-də amerikalı investor Donald Tramp NBC telekanalında Ağ evin başçısı postuna özünün mümkün namizədliyinin hazırlanmasına dair komitənin yaradılmasını elan etmişdi. Biznesmen 1999-cu ildə bu qəbildən olan qərargah qursa da, heç vaxt prezident postuna rəsmi olaraq namizədliyini irəli sürməyib.