Elektron kənd təsərrüfatı sistemi yaradılır

Elektron kənd təsərrüfatı sistemi yaradılır
20:05 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi aqrar sektorun inkişafına təkan verəcək
Bu il Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunmuşdu. “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” da artıq təsdiq edildi. Kənd təsərrüfatı sahəsində ölkəmizdə nə qədər işlər görülsə də, həllini gözləyən bir çox problemlər var idi ki, bunlar tədbirlər planında əks olunub. Ən diqqət çəkən məsələlərdən biri elektron kənd təsərrüfatı sisteminin yaradılması ilə bağlıdır. Son illər Azərbaycanda bir çox sahələrdə elektronlaşdırma işləri aparılır və bu sahədə də elektronlaşmanın aparılması vətəndaşlar üçün bir çox xidmətləri daha da asanlaşdıracaq.

İqtisadçı alim Vüqar Bayramov deyir ki, tədbirlər planının əsas hədəfi aqrar sektorunun inkişafına nail olmaqdır: “Tədbirlər planı aqrar sektorun dövlət tərəfindən dəstəklənməsini nəzərdə tutur. Kənd təsərrüfatı Azərbaycan üçün prioritet sahədir və məşğul əhalinin 38 faizi aqrar sektorda çalışır. Bu baxımdan kənd təsərrüfatının dövlət tərəfindən dəstəklənməsi və inkişaf etdirilməsi olduqca vacibdir. Eyni zamanda, tədbirlər planı kənd təsərrüfatının Ümumi Daxili Məhsulda payının artırılmasına xidmət edir. Məşğul əhalinin 38 faizinin bu sektorda çalışmasına baxmayaraq, hələ də aqrar sektorda kənd təsərrüfatının payı 6 faizdən azdır. Məqsəd eyni zamanda, aqrar sektorda formalaşan dəyərin həcminin artırılmasından ibarətdir. Bu baxımdan, tədbirlər planında əsas məqsəd aqrar sektorda yeni dəyərin artırılması və istehsalın dəstəklənməsindən ibarətdir. Bununla bağlı aqrar sektora yönəldilən subsidiyaların və dövlət yardımlarının sistemləşdirilməsi, hesablanması və tətbiqi mexanizminin təkmilləşdirilməsi, o cümlədən lizinq, mineral gübrələr, texnoloji avadanlıqların verilməsi sahəsində, fəaliyyətlərin genişləndirilməsi və fermer təsərrüfatlarının bu xidmətlərə əlçatanlığının təmin edilməsi əsas səbəblərdəndir. Azərbaycanda regionlar üzrə istehsal olunan məhsulları öncədən proqnozlaşdırmaq və planlaşdırılmasını həyata keçirmək mümkün deyildir. Hər bir region öz iqliminə və torpağına görə müvafiq məhsulların istehsalı üzrə ixtisaslaşa bilib. İqlim, torpaq və digər faktorlar nəzərə alınaraq istehsalın ixtisaslaşdırılması, həyata keçirilməsi ilə bağlı xeyli problemlər var idi. Bu məsələnin tədbirlər planına daxil edilməsi yaxşı haldır. Eləcə də, məhsulların istehsalını öncədən müəyyənləşdirmək olacaq. Söhbət ondan gedir ki, əgər bir il soğanın qiyməti yüksək olurdusa, fermer təsərrüfatları növbəti il soğan əkməyə üstünlük verirdilər. Növbəti il isə soğan çox əkilirdi deyə, məhsulun qiyməti kəskin aşağı düşürdü, əksər hissəsi isə çürüyürdü. O baxımdan, istehsalın həm Azərbaycan, həm də qonşu ölkələrin bazarının tələblərinə uyğun formalaşdırılması, bununla bağlı, logistik mərkəzlərin yaradılması və fermer təsərrüfatlarına bu məlumatların öncədən çatdırılmasına ehtiyac var”.

V.Bayramov bildirdi ki, tədbirlər planında digər istiqamət aqrar sektorun potensialının gücləndirilməsidir. Xüsusilə Taxıl Fondu daxil olmaqla aqrar sektorda fəaliyyət göstərən bir sıra agentliklərin potensialının gücləndirilməsi əsas hədəflərdəndir. Tədbirlər planının innovativ tərəfi isə aqrar sektorda elmi təminatın və kadr hazırlığının təkmilləşdirməsindən ibarətdir: “Aqrar elm mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi əsas səbəblərdən biri olduğu üçün bu sektorda daha innovativ yanaşma həyata keçirilməsinə imkan verəcək. Aqrar sektorda istehsal olunan məhsullar bazara yalnız xammal formasında çıxarılmamalıdır. Eyni zamanda, istehsal edilərək hazır məhsul kimi daxili və xarici bazara çıxarılmalıdır. Məsələn, fermer təsərrüfatları pomidor yetişdirir. Pomidorun xammal şəklində bazara çıxarılması mövsümündə onların qiymətinin aşağı düşməsinə, məhsulların bir qisminin xarab olmasına, gəlirlərinin azalmasına gətirib çıxarır. Əgər fermer təsərrüfatları aqroparkların yaradılması yolu ilə öz məhsullarını yalnız xammal formasında deyil, eyni zamanda, turşu, tomat və digər məhsullar istehsal etməklə bazara çıxararsa, bu, həm kənd təsərrüfatından gələn gəlirləri çoxaldacaq, həm də ixracatı artıracaq. İstehsal olunan məhsulların xarab olmasına imkan verməyəcək. Bu baxımdan, innovasiyanın tətbiqi tədbirlər planının əsas hədəflərindəndir”.
İqtisadçının sözlərinə görə, elektron kənd təsərrüfatı sisteminin yaradılması da tədbirlər planında əsas hədəflərindəndir. Bu həm də fermerlər üçün yeni informasiya və məlumat bazasının yaradılması deməkdir: “Fermer təsərrüfatları elektron sistemə çıxış imkanları əldə edəcəklər. Elektron sistemdə bazarlar, onların strukturu, aqrar seqmentlər üzrə təhlillərlə tanış ola biləcəklər. Fermer təsərrüfatları, iş adamları istehsal olunan məhsulların xərc strukturu ilə tanış olma imkanları əldə edəcəklər. Eyni zamanda, kənd təsərrüfatı məhsullarının həm topdan, həm pərakəndə satış qiymətləri ilə bağlı daimi olaraq monitorinqlər aparılacaq. Həmin monitorinqlər iyul ayından etibarən keçiriləcək. Monitorinqlərin nəticəsi ictimaiyyətə elan olunacaq və əhali bu monitorinqlərin nəticəsində də qiymətlərlə bağlı öncədən məlumat əldə edəcəklər. Bu, süni qiymət artımlarına qarşı mübarizəni də gücləndirəcək. Monitorinqlərin nəticəsində xərc bəlli olacaq, mövcud qiymətlər səviyyəsi aydınlaşacaq. Bu iş adamlarına süni şəkildə qiymət artımları etməyə imkan verməyəcək. Eyni zamanda, bu, bazarda bir sıra məhsullar üzrə formalaşmış yüksək qiymətlərin aşağı düşməsinə belə gətirib çıxaracaq”.
V.Bayramov onu da bildirdi ki, tədbirlər planının həyata keçirilməsində medianın rolu yüksəkdir: “Aqrar sektorda görülən işlər barədə ictimaiyyətin məlumatlı olması və şəffaflığı artırmaq üçün təbliğatın aparılması vacibdir. Bütövlükdə bu tədbirlər planının həyata keçirilməsi “Kənd təsərrüfatı ili”ndə aqrar sektorun həm Ümumi Daxili Məhsuldakı payını, həm də iqtisadiyyatdakı rolunu gücləndirməyə imkan verəcək”.

Milli Məclisin İqtisadiyyat komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov bildirdi ki, kənd təsərrüfatının inkişafı üçün bir çox diqqət çəkən məqamlar tədbirlər planında əks olunub. Onlardan biri Azərbaycan üçün ən önəmli məsələlərdən hesab olunan qeyri-neft sektorunun inkişafıdır: “Çünki ölkəmizdə neft hasilatı aşağı düşməyə başlayıb. O cümlədən, neftin qiymətində də ciddi enmələr var. Buna görə də indi qeyri-neft sektorunun inkişafına böyük əhəmiyyət verilir. Qeyri-neft sektorunun əsas qollarından biri də kənd təsərrüfatıdır. Cənab Prezident 2015-ci ili “Kənd təsərrüfatı ili” elan edib və bununla əlaqədar tədbirlər planı da təsdiq edildi. Kənd təsərrüfatında imkanlar geniş olsa da, həllini gözləyən məsələlər də çoxdur. Tədbirlər planında onlar öz əksini tapıb. Şoran və əkilməyən torpaqlar müəyyən edilməli və yaxşı vəziyyətə gətirilib dövlət tərəfindən orada əkin işləri təmin edilməlidir. Torpaqdan daha səmərəli istifadə etmək üçün bu məsələlər icra olunmalıdır. Fermer təsərrüfatları yaradılır. Beyləqanda iki taxıl fermer təsərrüfatı yaradılıb. Kənd təsərrüfatı məhsullarının emalı üçün bölgələrdə kiçik sənaye və emal müəssisələri yaratmaq lazımdır”.

V.Əhmədovun sözlərinə görə, tədbirlər planında əks olunan önəmli məsələlərdən biri də kənd təsərrüfatında ixracyönümlü məhsulların istehsalıdır: “İxrac yönümlü məhsulların istehsalını artırmaq lazımdır ki, Azərbaycanın gəlir gətirən əsas mənbələrindən biri kənd təsərrüfatı olsun. Məhsulun keyfiyyəti ilə bərabər, qablaşdırılması və digər məsələlərinə də diqqət yetirmək lazımdır. Rayonlarda kiçik emal müəssisələrinin tikilməsinə daha çox ehtiyac var. “Kənd təsərrüfatı ili”ndə bu sahədə müəyyən artımların olacağına inanıram. Amma daha ciddi artımlara nail olmaq üçün kənd təsərrüfatına investisiya yatırımına diqqət yetirmək lazımdır. İldə 8-10 faiz artıma nail olmaq üçün kənd təsərrüfatına heç olmasa, 500-600 milyon manat investisiya qoymalıyıq”.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə bildirdi ki, tədbirlər planında əks olunan məsələlər kənd təsərrüfatının inkişafına təkan verəcək: “Aqrar sektorun inkişafı ilə bağlı bir çox işlərin görülməsi planlaşdırılır. Respublika Süni Mayalama Mərkəzinin yenidən qurulması vacib məsələlərdəndir. Ümumilikdə isə kənd təsərrüfatı məhsulları istehsalının dəstəklənməsi, bu sahədə elmi təminatın və kadr hazırlığının yaxşılaşdırılması, informasiya texnologiyaları üzrə infrastrukturun gücləndirilməsi və elektron kənd təsərrüfatı sisteminin yaradılması, təbliğat və təşviqat işlərinin təşkili ilə bağlı məsələlər tədbirlər planında öz əksini tapıb. Qeyd olunan məsələlər il ərzində həyata keçiriləcək”.

Kaspi.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/333298.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR