“İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” - Bolqarıstanda tədbir

Avstriya tarixçisi Erix Fayqlın bolqarcaya tərcümə edilən “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabının təqdimatı keçirilib.

Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a verilən məlumata görə, Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanovanın dəvətinə əsasən, institutun direktoru, akademik Yaqub Mahmudov və tarixçi alim İlqar Niftəliyev də tədbirdə iştirak edib. Yaqub Mahmudov tədbirlə bağlı açıqlamasında deyib: “10 ilə yaxındır ki, “İpək Yolu üzərində Odlar yurdu – Azərbaycan tarixi” kitabı Azərbaycan tarixini dünyaya olduğu kimi, təhrifsiz çatdırır. Bu kitab Avropada Azərbaycan tarixini obyektiv əks etdirən ilk fundamental əsərdir. Kitabın əsas bölmələrindən biri Dağlıq Qarabağ münaqişəsinə həsr olunub. Dövlət Təhlükəsizliyi Xidməti, Tarix İnstitutu və AzərTAC-ın birgə layihəsi əsasında işıq üzü görən kitabı bolqarcaya Bolqarıstanın Ehtiyatda olan Zabitlər və Serjantlar İttifaqının üzvü, ehtiyatda olan polkovnik Todor Enev tərcümə edib”.

Bundan əlavə, tarixçi alimlər İradə Məmmədova və Arzu Məmmədova Türkiyənin Ankara şəhərində keçirilən “Türk Dili Danışan Ölkələr Qurultayı”nda iştirak ediblər. İ.Məmmədova “Azərbaycan və rus dillərindən türk dilinə tərcümədə hərbi termin məsələsi və xarici adların türk dilində yazılışı problemləri” və A.Məmmədova “Sovetlər Birliyində dil siyasəti və onun Türk dilinin mövqeyinə və inkişafına təsiri (Azərbaycan nümunəsində)” mövzusunda məruzələrlə çıxış ediblər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında və Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu, Türk Dil Qurumu və Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş qurultayda 50-ə yaxın ölkədən 320 alim iştirak edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR