Müasir İncəsənət Muzeyində Azərbaycanın tanınmış rəssamı İnna Kostinanın fərdi sərgisi açılıb

20:03 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Aprelin 7-də Müasir İncəsənət Muzeyində Azərbaycanın tanınmış rəssamı İnna Kostinanın “Anima” adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində muzeyin icraçı direktoru Xəyyam Abdinov sərginin əhəmiyyətindən danışıb. Bildirilib ki, sərgidə rəssamın 55 əsəri nümayiş olunur. Bu qeyri–adi əsərlərdə süjet xətti xüsusi əhəmiyyət daşımır. Əsərlərdə əsasən güllər, qadın və musiqi mövzusu yer alır. Bütün bunlar psixologiyadan gələn “Anima” anlayışı ilə əlaqələndirilir. Bu anlayış təbiətə sirayət edən və müxtəlif səviyyələrdə bütün canlılara xas olan qadınlığı və ümumilikdə qadın varlığı anlamını ifadə edir.
Tədbirdə çıxış edən İ.Kostina diqqətə çatdırıb ki, bu onun 24-cü fərdi sərgisi olsa da, yenə də həyəcanlıdır. Sərginin təşkilində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirən rəssam burada nümayiş etdirilən əsərlərindən tamaşaçıların zövq alacağına ümidvar olduğunu bildirib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Sərgidə nümayiş olunan əsərlərə baxarkən güllər mövzusunda hər hansı divarı bəzəyən, bizim üçün vərdiş halına çevrilmiş və gözoxşayan xırda gül dəstələri görmürük. Rəssam bizi “bitkilər aləmi”nin sirlərinə doğru aparır. Fırça ustası bizi gün işığından kəskin şəkildə ayırır və dəqiq hərəkət edən atom strukturuna qərq edir. Biz sanki kosmosda, qravitasiya qanunlarından kənarda oluruq və qalaktikaların yaranma enerjisini müşahidə edirik. İ.Kostina üçün güllər obrazı yüksək tezlikli rəng dəyişmələrinin ziyafət aləminə cəlb olunmaq üçün bir vasitədir. Əsas odur ki, əşyaların cizgiləri dəqiq görünmür. Rəssam diqqətimizi obyektin şəffaf sərhədlərinə yönəldir.
Qadın və erotika tematikasına həsr olunan silsilədə üslub baxımından dəqiqlik sanki üstünlük təşkil edir. Lakin əsərlərdəki obrazları qeyri-adi qrotesk səviyyəsinə çatdıran asketik kompozisiya və həddən artıq ifadəlilik əsərləri açıq-aydın nəzərə çarpan heroqliflərə, simvollara çevirir. Bu simvollar vasitəsilə kompozisiyalar cazibə qüvvəsi sayəsində bütöv və möhkəm bir xəttə birləşir. Müəllif heç vaxt əsərlərini düşüncənin məhsulu olaraq yaratmır, yalnız qəlbinə və onu heç bir halda yanıltmayan, özünün qadın intuisiyasının diktəsinə əsaslanaraq ərsəyə gətirir.
İ.Kostina 1962–ci ildə Bakıda dünyaya gəlib. O, 1984-cü ildə “1905–ci il Xatirəsinə” Moskva İncəsənət Texnikumunun rəngkarlıq fakültəsini bitirib. 1984-1989–cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda bədii film və televiziya üzrə quruluşçu rəssam ixtisası üzrə təhsil alıb. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rəngkarlıq və kino kafedrasında dərs deyir. Azərbaycan Rəssamlar İttifaqı və Respublika Kinematoqrafçılar İttifaqının üzvüdür.
Rəssam bir sıra yerli və beynəlxalq müsabiqələrin laureatıdır və 250–dən artıq müxtəlif sərginin iştirakçısıdır. İ.Kostina fərqli üslubu ilə tanınır. Həmçinin rəssam “batik” texnikası ilə ipək üzərində rəsm işləyən dünyaca məşhur rəssamlardan biridir.
1987–ci ildən başlayaraq rəssamın əsərləri dünyanın İtaliya, Norveç və Almaniya kimi 30–dan çox ölkəsində müxtəlif muzey və qalereyalarda nümayiş olunur.
Onun əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Müasir İncəsənət Muzeyində, Tomsk Vilayət İncəsənət Muzeyində, Gürcüstanda “Old Gallery” və Karvasla Muzey Mərkəzində, İtaliyada “IL Leone” İncəsənət Mərkəzində, həmçinin Azərbaycanda və dünyanın 25-dək ölkəsində şəxsi kolleksiyalarda saxlanılır.
İ.Kostinanın ən maraqlı mükafatlarından biri “IL Leone” İncəsənət Mərkəzində keçirilən fərdi sərgisində aldığı “Mükafat Roma – 2010” olub.
Rəssam 1995–ci ildən istedadlı uşaqlar üçün təşkil olunan “7 əlvan kəpənək” studiyasına rəhbərlik edir.
İ.Kostina 1996–cı ildən Norveçin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Şəkidə keçirilən “Kağız 1”, “Kağız 2” incəsənət simpoziumlarının əlaqələndirici direktorudur. Bu simpoziumlar yaradıclıq fəaliyyətini stimullaşdırmaqla yanaşı, dünya miqyasında Azərbaycan incəsənət xadimlərinin şöhrətini artırmağa xidmət edir.
Rəssamın Müasir İncəsənət Muzeyində sərgisi mayın 5-dək davam edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Muasir_Incesenet_Muzeyinde_Azerbaycanin_taninmis_ressami_Inna_Kostinanin_ferdi_sergisi_achilib-844412

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR