Bircə o addımı atmayın!

Bircə o addımı atmayın!
21:17 7 Aprel 2015
113 Sosial
Ölkə mətbuatı
A- A+

Dünyanın inkişaf etmiş ölkələrində qeydə alınan intihar hadisələri heç də kasıb ölkələrdəkindən az deyil.
 
Görünür, insanın öz canına qıyması, sadəcə, maddi ehtiyaclarla bağlı deyil. İnkişaf etmiş Avropa ölkələrində bəzi gənclər intihar hadisəsinə belə müəyyən qədər romantika kimi baxırlar. Bir qədər əvvəl İspaniyadan Almaniyaya uçan təyyarənin Fransa ərazisində qəzaya uğramasını da mütəxəssislər köməkçi pilotun intiharı ilə əlaqələndirirlər. Və bu intihar yüz əlli insanın ölümü ilə nəticələndi. Həmin pilotun keçmiş sevgilisinin müsahibəsində diqqəti çəkən belə bir məqam vardı ki, həmin pilot hələ bir il əvvəldən hər kəsi heyrətləndirəcək və onu dünyada tanıtdıracaq addım atacağını söyləyibmiş.
 
Ölüm - qaçılmaz sonluqdur, həm də Allahın dəyişməz ədalətinin təzahürüdür. Özünüz düşünün, kimsə bir başqasının yerinə ölə bilsəydi, kasıblar zənginlərin yerinə ölər, zənginlər də dünyanı tutub durardılar. Dinimiz son nəfəsə qədər çalışmağı tövsiyə edir, bir an belə olsun əl-qolunu boşaldıb ölümü gözləməyi xoş saymır. İnsan hansı yaşda olur olsun, xeyirli olmaq, dünənki yaxşılıqlarının üstünə yenisini əlavə etmək haqqında düşünməlidir.
 
Vəziyyətiniz nə qədər ağır olur-olsun, nə qədər ümidsiz görünür-görünsün, siz ümidinizi kəsməyin. Balığın qarnında dua edən Yunus əleyhissəlamı düşünün. Siz də onun kimi ən səmimi duyğularınızla Allah-Təalaya yönəlin, halınızı ərz edin və imdad diləyin.
 
Nə edirsiniz edin, bircə o addımı atmayın. Qurani-Kərimdə intihar yasaqlayan ayələr var:
 
- Özünüzü öldürməyin;
 
- Allah-Təala bəndəsinə onun çəkə bilməyəcəyi yükü yükləməz;
 
- sizin üçün xeyirli bildiyiniz bir çox şeylərdə sizin üçün zərərlər, zərərli bildiyiniz şeylərdə də faydalar var;
 
- günahınız yerlə göyün arasını dolduracaq qədər olsa belə, Allahın mərhəmətindən ümidinizi kəsməyin...
 
Elə bir məqam yoxdur ki, həmin məqam üçün dinimiz intihara icazə qapısı açmış olsun. İntihar - Allahın binasını yıxmaqdır. Cana qıymaq İslamda ən böyük günahlardan biridir. Öz canına qıymaq isə başqasını öldürməkdən daha ağır günahdır. Peyğəmbərimiz Həzrəti Məhəmməd intihar etmiş bir səhabənin cənazə namazını qılmayıb.
 
Allah-Təala heç bir çiyinə çəkə bilməyəcəyi yükü yükləməz. İntihar - Allah-Təalanın mərhəmətinə inanmamaqdır, imtahana qarşı dözümsüzlükdür, səbirsizlikdir. İstər Quranda, istərsə də hədisi-şəriflərdə elə bir məqam göstərilməyib ki, həmin məqamda intihara bəraət olsun.
 
Peyğəmbərimiz bir hədisi-şərifində belə buyurur: özünü boğaraq öldürən şəxs cəhənnəm üçün boğmuş olur. Özünü vuraraq öldürən cəhənnəm üçün vurmuş olur.
 
Bəzən insan çox ağır, çıxılmaz vəziyyətə düşdüyünü zənn edir, amma unuduruq ki, çıxılmaz hesab etdiyimiz o durum da ötəridir.
 
Allah-Təala Nisa surəsində: “Özünüzü öldürməyin, şübhəsiz ki, Allah sizə qarşı çox mərhəmətlidir” buyurmaqdadır.
 
İntihar söhbətindən sonra Allah-Təala mərhəmətini xatırladaraq bizə ayılmağı, qəflət halından çıxmağı nəsihət edir.
 
Peyğəmbərimiz öncəki ümmətlərdə də intiharın yasaq olduğunu bildirir: Əvvəlki ümmətlərdən birində yaralı bir adam vardı. Yarasının ağrısına dözə bilməyərək bir bıçaq götürdü və əlini doğradı. Kəsdiyi yerin qanı dayanmadığı üçün öldü. Allah-Təala onun bu halı üzərinə: “Qulum can haqqında Mənim önümə keçdi, mən də ona cənnəti haram qıldım” buyurdu.
 
İntihar edənin axirətdəki cəzası intihar şəklinə uyğun olaraq verilir. Hədisi-şəriflərdə bu haqda belə bildirilir: “Kim özünü bıçaq kimi kəsici alətlə öldürərsə, cəhənnəm atəşində ona həmin alətlə əzab verilər”.
 
Ən ağır anında belə insan Allahdan ümidini kəsməməlidir. Hər gecədən sonra bir gündüz, hər çətinlikdən sonra bir rahatlıq var. Bəndənin Allaha yönəlməsi və Ondan yardım istəməsi sıxıntı və problemlərin çözülməsinin başlanğıc nöqtəsidir. Allaha sığınan bəndə Ondan güc alır, Allaha inanan kimsə bu inancın verdiyi dəyanətlə, mətanətlə hər cür sıxıntı qarşısında duruş gətirir.
 
Canına qıyan insan Allahın binasını yıxmış olur və Bina Sahibinə bu əməlinin hesabını verəcəyini də ağlından çıxarmasın.
 
Canınıza qıymayın, nə olur, qıymayın! İntihar cəsarət deyil, qorxaqlıqdır, fərarilikdir.
 
Əmin olun ki, intihar edən mütləq peşman olur, Vallah peşman olur, Billah peşman olur.
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/24188.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR