Dövlət Miqrasiya Xidmətinin nümayəndə heyəti Almaniyada səfərdədir

Dövlət Miqrasiya Xidmətinin nümayəndə heyəti Almaniyada səfərdədir
16:57 24 Noyabr 2017
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti Almaniyaya səfər çərçivəsində Bilefeld Əcnəbilərlə İş üzrə Mərkəzi İdarəsinin (İmmiqrasiya idarəsi) rəhbəri Torsten Boehlinqlə görüşüb.
DMX-dan "Report"a verilən məlumata görə, görüşdə dünyada miqrasiya proseslərinin tənzimlənməsinin, miqrantların hüquqlarının qorunmasının ən aktual problemlərdən biri olduğuna diqqət çəkilib. 
F.Nəbiyev Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri, iş prinsipləri, regional miqrasiya idarələri, vahid miqrasiya məlumat sistemi, qanunsuz miqrantların saxlanılması mərkəzləri haqqında ümumi məlumat verib. 
O bildirib ki, Azərbaycan üçün miqrantların hüquqlarının müdafiəsi prioritet məsələdir. Vurğulanıb ki, Azərbaycanda miqrantların hüquqlarının müdafiəsi beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir və miqrasiya idarəetmə mexanizmi yaxşı nümunə kimi göstərilir: "Dünyanın multikulturalizm mərkəzlərindən biri olan Azərbaycanda bütün etnik qrupların və dinlərin nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayır".
Bu günə qədər Azərbaycanda miqrantlara münasibətdə milli, etnik və dini zəmində hüquq pozuntusunun qeydə alınmadığını deyən xidmət rəisi vurğulayıb ki, təhlükəsiz ölkələr sırasına daxil edilən Azərbaycan mötəbər beynəlxalq konfransların, simpoziumların, o cümlədən idman oyunlarının keçirildiyi bir məkana çevrilib.
Bu gün ölkəmizin turizm sektorunda yüksəliş dövrününün yaşanmasını konkret faktlarla təqdim edən F.Nəbiyev bildirib ki, Azərbaycana gələn turistlərə qoyulan viza tələbləri kifayət qədər sadələşdirilib. 2017-ci ilin əvvəlindən “ASAN Viza” sisteminin tətbiqi nəticəsində 3 gün, o cümlədən 3 saat ərzində turist vizasının alınması mümkündür".
Görüşdə qeyd olunub ki, son dövrlər ölkəmizdə humanist və nizamlı miqrasiya istiqamətində tədbirlər görülür. BMqT ilə 2016-cı ildə “Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihənin həyata keçirilməsinə dair Əməkdaşlıq Sazişi”nin imzalanması və hazırda isə könüllü qayıdış sahəsində beynəlxalq, o cümlədən Almaniya təcrübənin öyrənilməsinin əhəmiyyəti vurğulanıb.
Sonra F.Nəbiyev deyib ki, ölkəmiz 1992-ci ildən sığınacaq məsələləri ilə bağlı beynəlxalq sənədlərə qoşulub. 2008-ci ildən etibarən Dövlət Miqrasiya Xidmətində ayrıca struktur bölmə kimi Qaçqın (sığınacaq axtaran) statusunun müəyyənləşdirilməsi şöbəsi fəaliyyətə başlayıb və hazırda idarə kimi fəaliyyətini davam etdirir. Qaçqın məsələləri ilə bağlı milli qanunvericilik beynəlxalq sənədlərə uyğunlaşdırılıb. Sığınacaq məsələləri ilə bağlı DMX Aİ-nin TAİEX texniki yardım aləti, “Şərqi Avropada və Cənubi Qafqazda sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü”, “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” və “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək MOBİLAZE” layihələri, həmçinin Praqa prosesi, Almatı prosesi, Budapeşt prosesi çərçivəsində geniş əməkdaşlıq əlaqələri qurub.
Xidmət rəisi məlumat verib ki, Ermənistan ölkəmizin ərazisinin 20 faizini işğal edib və 25 ildən çoxdur ki, Azərbaycan əhalisinin hər 9 nəfərindən biri qaçqın və ya məcburi köçkün həyatı yaşayır. Bu dünyada qaçqın və ya məcburi köçkünlərin sayına görə ən yüksək göstəricidir. Doğrudur, Azərbaycan Hökuməti qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədi ilə 6 milyard manat həcmində vəsait xərcləyib, 100-ə yaxın qəsəbə salınıb və onların mənzil məişət şəraiti yaxşılaşdırılıb.
Məlumat verilib ki, son dövrlər digər ölkələrdə icazəsiz yaşayan Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə bir sıra dövlətlərlə readmissiya sazişləri imzalanıb. Avropa İttifaqı ilə 2014-cü ildən qüvvəyə minmiş readmissiya sazişindən sonra, Almaniya tərəfindən Azərbaycan vətəndaşlarının ölkəmizə readmissiyasına başlanılıb. Lakin readmissiya həyata keçirilən zaman Avropa İttifaqı tərəfinin, eləcə də Almaniyanın yol verdiyi nöqsanlar, hüquqpozmalar qeyd olunub. Yəni, bildirişsiz göndərmə, dərhal çıxarılma, ailə vəhdəti prinsipinin pozulması, belə ki, eyni ailənin üzvlərinin ayrı-ayrı göndərilməsi hallarının olduğu qarşı tərəfin diqqətinə çatdırlıb. Qeyd olunub ki, Azərbaycana readmissiya olunan şəxslərin cəmiyyətə reinteqrasiyası üçün Xidmət tərəfindən səylər gücləndirilib. İş yükü nəzərə alınaraq, DMX-nin tərkibində 2014-cü ildə Readmissiya məsələləri idarəsi yaradılıb. Eyni zamanda readmissiya olunan şəxslərlə bağlı işin operativ həll edilməsi məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət İşçi Qrupu formalaşdırılıb. Həmçinin, bu məsələ ilə bağlı da BMqT və MSİBM ilə mütəmadi olaraq əməkdaşlıq edilir.
Görüşdə əminlik ifadə edilib ki, qurumlararası əməkdaşlığın gücləndirilməsi və daha sıx görüşlərin təşkili hər iki ölkənin miqrasiya proseslərinin tənzimlənməsində yeni imkanlar açacaq. Sonda tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bundan əlavə nümayəndə heyəti Bilefeld şəhərində yerləşən sığınacaq axtaran şəxslərin vəsatətlərinə baxılmasına dair qərar qəbul edilənədək yerləşdirildikləri Qəbul mərkəzində, eləcə də Berlin şəhərində fəaliyyət göstərən və əsas məqsədi qayıdış və readmissiya sahəsində fəaliyyət göstərən qurumlara dəstək verməkdən ibarət olan Qayıdışın idarəolunması siyasətinə dəstək mərkəzində olub, hər iki mərkəzin funksional vəzifələri ilə tanış olublar.


Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/dovlet-miqrasiya-xidmetinin-numayende-heyeti-almaniyada-seferdedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR