Bilik Fondu Naftalanda

Bilik Fondu Naftalanda
22:03 7 Aprel 2015
189 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun ənənəvi görüşlərindən biri kurort şəhəri Naftalanda keçirilib.
Naftalan Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə baş məsləhətçisi Afət Mustafayeva Naftalan sanatoriyası barədə fondun əməkdaşlarına məlumat verib. Şöhrəti dünyanı dolaşan Nafatalan neftinin möcüzəsindən söz açan A.Mustafayeva bildirib ki, Avropadan, MDB ölkələrindən, daha çox Rusiyadan sanatoriyaya çəliklə gələnlər 15-20 gündən sonra çəliklərini qoyub geri qayıdıblar. Beləliklə, sahibsiz çəliklərin sayı çoxalıb və burada "Çəlik" muzeyi yaranıb. Müəyyən səbəblərdən həmin muzey fəaliyyətini dayandırıb. Ancaq xeyli sayda çəlik, şəfa tapanların minlərlə təşəkkür məktubları qorunub saxlanır. Yaxın gələcəkdə muzeyin yenidən bərpa olunması planlaşdırılır.
Səhərdə geniş quruculuq-abadlıq işləri gedir. Binalar fasadlanıb, onların qarşısındakı meydançalar yaşıllaşdırılır, mənzillər istilik sistemi ilə tam təmin olunub, kommunikasiya xətləri əsaslı yenilənib. Bütün bu işlər yekunlaşandan sonra ara yollara asfalt döşənməsinə başlanacaq. Naftalanlılarn ali məqsədlərindən biri şəhərin əvvəlki şöhrətini özünə qaytarmaqdır. Proses belə davam etsə, ildə 80 min ziyarətçisi olan şəhərin tarixi təkrarlanacaq.
Daha sonra Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov və əməkdaşlar şəhərdəki məktəblərdə və bağçada olublar.
Şəhər icra hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Ülfət Əliyev qonaqlara şəhər barədə geniş məlumat verib. Bildirilib ki, Naftalanda ağacəkmə kampaniyasına xüsusi diqqət ayrılır. Nəticədə şəhər şam ağacları ilə əhatə olunub.
Naftalan şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov ilə görüşdə Prezident İlham Əliyevin şəhərə göstərdiyi müstəsna qayğısından söz açılıb. Şəhərin infrastrukturunun məhz turistlərə xidmət göstərmək üçün nəzərdə tutulduğunu xatırladan icra başçısı bu istiqamətdə təhsil verən texniki peşə məktəblərinin vacibliyini vurğulayıb.
O.Səmədov müxtəlif formalarda əməkdaşlığa hazır olduqlarını bildirib. Fondun icraçı direktoru deyib ki, rəhbərlik etdiyi qurum Naftalanın icra hakimiyyəti və digər strukturları ilə layihələrə başlaya bilər.
Daha sonra fondun əməkdaşları Heydər Əliyev Mərkəzində şəhər ictimaiyyəti ilə maraqlı fikir mübadiləsi aparıblar. O.Səmədov Bilik Fondunun fəaliyyəti barədə geniş məlumat verib, hər kəsi fond ilə əməkdaşlığa çağırıb. O qeyd edib ki, fondun təşkil etdiyi mühazirələrdə yerli mütəxəssislərə üstünlük veriləcək.
Suallar cavablandırılıb, təkliflər qeydə alınıb.
Fondun beynəlxalq layihələri barədə aparıcı məsləhətçi Sərxanbəy Xudiyev danışıb. Mətbuat katibi Ceyhun Musaoğlu isə Könüllülər Birliyi barədə ətraflı məlumat verib, Naftalan sakinlərini fondun könülləri olmağa dəvət edib.
Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev Bilik Fondunun qısa müddətdə geniş fəaliyyət sahələrini əhatə etməsindən razılıqla söz açıb, şəhər sakinlərinin fondun layihələrində iştirak etməyi arzuladıqlarını bildirib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bilik_Fondu_Naftalanda-844425

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR