Əlli iki aktyorun iştirakı ilə 21 günə çəkilmiş “100 kağız”ın möhtəşəm qala-gecəsi

22:13 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, Abdulla Suvar, AZƏRTAC
Aprelin 7-də Nizami Kino Mərkəzində rejissor Şahin Zəkizadə tərəfindən əlli iki aktyorun iştirakı ilə 21 günə çəkilmiş “100 kağız” filminin qala-gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi gecədə bütün iştirakçıları salamlayan Şahin Zəkizadə ekran əsəri barədə məlumat verib.
Rejissor deyib: “Filmin ideyası 14 il əvvəl yaranıb. Ekran əsərində baş verən hadisələr bu günümüzlə səsləşir. Film tragikomediya janrındadır. Aktyor seçimini “Frends Films Production” şirkətinin yaradıcı qrupu ilə birlikdə etmişəm. Çəkilişləri Bakıda və Şamaxıda aparılan bu film qısa bir vaxtda araya-ərsəyə gəlib. Kinoda artıq sənətdə öz sözünü demiş komediya ustalarımız yer alıb.
Yaradıcı heyəti təbrik edən xalq şairi Söhrab Tahir bildirib ki, qısa bir vaxtda çəkilən belə bir ekran əsəri bir daha göstərir ki, bu gün Azərbaycanda müasir filmlər çəkmək üçün lazimi imkanlar var. Əvvəllər belə ekran əsərlərini çəkmək üçün ən azı 2 il vaxt lazım gəlirdi.
Səhnəyə dəvət olunan filmin yaradıcı heyəti bu işdə onlara köməklik göstərənlərə minnətdarlıqlarını bildiriblər.
Sonra hamının səbirsizliklə gözlədiyi ekran əsri təqdim olunub.
Ekran əsərində cərəyan edən hadisələr yüz manatlıq əsginas üzərində qurulub. Əsginas əldən ələ keçərək, sahibini dəyişir. Sahiblər isə son dərəcə maraqlı obrazlardır - həkim, yol polisi, müğənni, falabaxan, molla və digərləri.
Bu filim komediyadan daha çox tragikomediyadır. Finalında gülüş deyil, göz yaşları var. Filmdə bir ideya, xətt var və bütün qurulan süjet xətti həmin ideyaya xidmət edir. Bu dramaturji cəhətdən mükəmməl bir komediyadır. Ekran əsərində baş qəhrəman yoxdur, baş qəhrəman məcazi mənada 100 manatlıq əsginasdır.
Filmin baş prodüserləri Tahir Tahiri, Seymur Səfərov, ssenari müəllifləri Fərid Rzayev, Şahin Zəkizadə, redaktoru İlqar Fəhmi, quruluşçu operatoru Rövşən Namazov, icraçı prodüseri Aqil Adiloğlu, quruluş və geyim üzrə rəssamı Aygün Mahmudova, qrim rəssamı Natalya Netrunenkodır.
Ekran əsrində əsas rolları xalq artistləri Valeh Kərimov, Cəfər Namiq Kamal, əməkdar artistlər Naibə Allahverdiyeva, Dilarə Əliyeva, Nicat Kazımov, Pərviz Məmmədrzayev, Təvəkkül Əliyev, müğənni Roza Zərgərli və aktyorlar Bəhram Bağırzadə, Azər Axşam, Qurban İsmayılov, Əjdər Zeynalov və başqaları canlandırıblar.
Tamaşaçıların böyük maraqla izlədiyi bu filmə kinosevərlər aprelin 9-dan etibarən Bakının bütün kinoteatrlarında baxa biləcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Alli_iki_aktyorun_istiraki_ile_21_gune_chekilmis_100_kagizin_mohtesem_qala_gecesi-844426

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR