Cənubluların yarımmüdafiəçisi "Neftçi"ni təriflədi

Cənubluların yarımmüdafiəçisi "Neftçi"ni təriflədi
09:27 8 Aprel 2015
49 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az Topaz Premyer Liqasının XXVIII turunda “Neftçi” klubunu qəbul edəcək “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Manuel Skarlatakenin apasport.az-a müsahibəsini təqdim edir.
 
- Hazırlıq necə gedir? Əzəli rəqiblə qarşılaşacağınız hiss olunurmu?

- Bu elə qarşılaşmadır ki, komandaların turnir cədvəlindəki mövqeləri elə də əhəmiyyət kəsb etmir. Biz sonuncu, “Neftçi” birinci pillədə də yer ala bilər, amma oyunun əhəmiyyəti hər zaman üst səviyyədədir. Bu komandalar arasında rəqabət hər zaman davam edir. Həmin ab-hava qalıb və hiss olunur.
 
- Reallığı nəzərə alsaq, “Xəzər Lənkəran” əzəli rəqibi ilə rəqabəti davam etdirməyə qadirdimi?

- Düzdür, cütün favoriti “Neftçi”dir. Turnir cədvəlinə baxdıqda da belə görünür. Amma burada söhbət bir oyundan gedir. Həmin oyun zamanı isə istənilən nəticə qeydə alına bilər. Buna görə də yaxşı hazırlaşırıq.
 
- Əvvəlki mövsümlərdə “Xəzər Lənkəran” da iddialı idi. Lakin cari mövsümdə qarşınıza hansısa yüksək yerlərdən birini tutmaq tələbi qoyulmayıb. “Neftçi” ilə matça köklənmək üçün motivasiya nə olacaq?

- Doğma meydanda oynayan zaman xoş atmosfer yaranır. Azarkeşlərimiz tribunaları doldurur, maraqlı görüntü yaradır, bizi dəstəkləyirlər. Ümid edirəm ki, bu dəfə də elə olacaq. Motivasiyamız isə doğma meydan amili və azarkeşlərimizi sevindirmək olacaq.
 
- Əvvəllər oyundan bir neçə gün əvvəl küçələrdə “Xəzər Lənkəran”ın bayrağı asılır, hər yerdə bu qarşılaşma haqda danışılırdı. Bəs bu dəfə necə, stadiondan kənarda həmin ab-hava yaşanırmı?

- Əvvəlki ajiotaj indi hiss olunmur. Çünki son oyunumuzu 2 gün əvvəl keçirmişik. Yenə qarşıma çıxan azarkeşlər bu oyun haqda sual verir, fikrimizi öyrənməyə çalışırlar. Yəni baxırsan ki, hələ də maraqlananlar var.
 
- Sonuncu dəfə “Neftçi”nin hansı oyununu izləmisiniz?

- Deyəsən, elə izlədiyim son qarşılaşma öz aramızdakı oyun olub. 0:2 hesabı ilə uduzsaq da, gənc futbolçularımız yaxşı mübarizə apardılar. “Neftçi” yaxşı komandadır. Hücumameylli futbolçularını xüsusilə qeyd etmək istərdim.
 
- Rəqibiniz Lənkərana itkilərlə gələcək. Kardosa, Rauf, Məqsəd, Denis kimi futbolçuların itkisini “Xəzər Lənkəran” üçün üstünlük saymaq olarmı?

- Həmin futbolçuların olmamağı bizim üçün yaxşı haldır. Amma onların heyəti genişdir. Zədəli və cəzalı futbolçuları əvəz edənlərin olacağına əminəm.
 
- Əvvəlki kimi nəzərə çarpmırsınız. Zəif təsir bağışlamağınızın səbəbi nədir? Zədədən sonra hələ formanızı tam bərpa edə bilməmisiniz?

- Bunun səbəbləri var. 4 ay zədəli oldum, məşqlərdən uzaq qaldım. Üstəlik, heyətin dəyişməsinin, gənclərə üstünlük verilməsinin də oyunumuza təsiri var. Lakin istənilən halda, formamı bərpa etmək üçün zamana ehtiyacım var.
 
- Siz müdafiənin mərkəzində oynasanız da, “İnter”lə qarşılaşmada yarımmüdafiəçi funksiyasını yerinə yetirirdiniz. Fərqli mövqedə yer almağınız çətinlik yaratmadı?

- Mərkəz müdafiəçisi ola-ola, fərqli mövqedə oynamağın bir qədər çətindir. Üstəlik, nəzərə almaq lazımdır ki, qış fasiləsi zamanı təlim-məşq toplanışında da iştirak etməmişəm və tam hazır deyiləm. Bu da bir tərəfdən çətinlik yaradır. İstər-istəməz bu cür çətinliklər olur. Amma baş məşqçi bunu məsləhət bilirsə, komandanın uğur qazanması naminə bunu etməliyəm.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/333345.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR