Fikrət Yusifov: “Səudiyyə Ərəbistanından Azərbaycana milyardlarla dollar cəlb edə bilərik”

10:32 8 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 08 Aprel 2015 10:29 ]


Bakı - APA-Economics. “Dünyada kəşf edilmiş neft ehtiyatlarının ¼-dən çoxu Səudiyyə Ərəbistanının payına düşür və bu rəqəm kəşf edilən yeni yataqların hesabına getdikcə daha da artır. Dünyanın bir nömrəli neft ixracatçısı olan bu ölkənin gündəlik neft ixracının həcmi 9 milyon barelə yaxındır. OPEC-də həlledici mövqe sahibi olan bu ölkə dünya bazarlarında neftin qiymətlərinin formalaşmasında da geniş imkanlara malikdir və bunun belə olduğunu bu ölkə dəfələrlə hamıya nümayiş etdirə bilib”.

 

APA-Economics”in məlumatına görə, bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycanın iqtisadi perspektivlərini şərh edərkən deyib.

 

Uzun illərdir Azərbaycanla Səudiyyə Ərəbistanı arasında hərtərəfli münasibətlərin mövcud olduğunu qeyd edən F. Yusifov bu münasibətlərin təməlinin 1994-cü ildə qoyduğunu xatırladıb: “Bu münasibətlərin təməli müstəqil Azərbaycanın Səudiyyə Ərəbistanına səfər etmiş ilk dövlət başçısı kimi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hesab edirəm ki, Prezident İlham Əliyevin bu ölkəyə səfəri məhz iki ölkə arasındakı mövcud iqtisadi əlaqələrin əsaslı şəkildə genişləndirilməsinə hesablanıb. Ümumiyyətlə, bu səfər dünyada baş verən həm siyasi və həm də iqtisadi proseslər kontekstində çox səmərəli və tam yerinə düşəndir. Cənab prezident yaranmış situasiyanı dəqiq hesablayıb”.

 

Səudiyyə Ərəbistanı Krallığının rəhbərliyinin və oradakı imkanlı iş adamlarının Azərbaycana marağının son dövrlər artdığını deyən F. Yusifovun fikrincə əməkdaşlığın dərinləşməsi Azərbaycan üçün kifayət qədər ciddi səmərə verəcək.

 

BİAB sədri hesab edir ki, Azərbaycan bu ölkədən təkcə aqrar sektora milyardlarla dollar vəsait cəlb edə bilər: “Səudiyyə Ərəbistanında əkinlə məşğul olmaq həddən ziyadə baha başa gəlir. Suvarma üçün su yalnız böyük dərinliklərdən artezian quyuları vasitəsilə əldə edilir ki, bu da məhsulun maya dəyərinin çox baha başa gəlməsinə olmasına gətirib çıxarır. Digər tərəfdən, su ehtiyatları da getdikcə tükənmək üzrədir. Səudiyyə Ərəbistanında torpaq da kənd təsərrüfat məhsullarının yetişdirilməsi üçün münbit deyil. Elə bu səbəbdəndir ki, hökumət artıq bir sıra məhsulların istehsalına verilən subsidiyaları dayandırıb. Bunun əvəzində isə Asiya və Afrikanın münbit torpaqlarının uzun müddətə icarəyə götürülməsi və həmin torpaqlarda əkinçiliyin təşkil edilməsi yolu ilə ölkənin ərzaq məhsullarına olan tələbatının ödənilməsinə qərar verilib. Səudiyyə Ərəbistanı Ukraynanın aqrar layihələrinə bir milyard dollar vəsait ayırmaq barədə qərar qəbul edib. Bu imkanlardan Azərbaycan niyə yararlanmasın? Hesab edirəm ki, iqtisadi münasibətlərin dərinləşdirilməsi yolu ilə Azərbaycan çox böyük və hərtərəfli dividentlər əldə edə bilər. Ümumiyyətlə, neft ölkəsi olan Azərbaycanın dünya neft sənayesində dominantlıq edən  Səudiyyə Ərəbistanı Krallığı ilə əməkdaşlığı daha da genişləndirməsi ölkəmiz üçün ancaq müsbət perspektivlər vəd edir”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378815

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR