Prokurorluq orqanlarına işə qəbulla əlaqədar sənədlərin qəbulu aprelin 24-dək davam etdiriləcək

10:58 8 Aprel 2015
54 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq uçun namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 100 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə əlaqədar prokurorluğa qulluğa qəbul olunmaq arzusunda olan namizədlərin sənədlərinin qəbulu davam etdirilir.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, bu gün də uğurla davam etdirilən şəffaf və obyektiv meyarlar əsasında müsabiqə yolu ilə qulluğa qəbulun keçirilməsi yeni nəsil prokurorluq işçilərinin formalaşmasında mühüm vasitə olub, prokurorluq orqanlarının kadr heyətinin mütəmadi olaraq, yüksək hazırlıqlı, zəruri peşə keyfiyyətlərinə və zəngin dünyagörüşünə malik gənc mütəxəssislər hesabına komplektləşdirilməsinə şərait yaradıb.
Prokurorluq orqanlarında işləməyi arzu edən və qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən gənc hüquqşünaslar Baş Prokurorluğa müraciət edərək zəruri sənədləri təqdim etməklə müsabiqədə iştirak edə bilərlər.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sənədlər aprelin 24-dək qəbul olunacaq. Sənəd qəbulu başa çatdıqdan sonra test imtahanının tarixi, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ hüquqi aktların siyahısı və qulluğa qəbulla əlaqədar digər məsələlər barədə kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və Qəbul otağında yerləşdirilmiş lövhədə məlumat veriləcək.
Müsabiqə, o cümlədən tələb olunan sənədlərin siyahısı ilə bağlı 437-28-56, 492-62-23, 492-63-62, 492-74-32 nömrəli telefonlar vasitəsilə əlavə məlumat almaq olar.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Prokurorluq_orqanlarina_ise_qebulla_elaqedar_senedlerin_qebulu_aprelin_24_dek_davam_etdirilecek-844463

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR