Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında gənclər və idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

12:33 8 Aprel 2015
47 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 8 aprel, Səxavət Quliyev, AZƏRTAC
Aprelin 8-də Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) prezidenti, Səudiyyə Ərəbistanının gənclər və idman naziri, Olimpiya Komitəsinin prezidenti Əlahəzrət Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz Əl Səud ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında gənclər və idman sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Azərbaycanın Gənclər və İdman Nazirliyinin (GİN) fəaliyyəti haqqında qonağa məlumat verən Azad Rəhimov gənclərin layihələrinə rəhbərlik etdiyi qurum tərəfindən qrantların ayrıldığını diqqətə çatdırıb. Nazir qeyd edib ki, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı İHİF ilə müqavilə imzalanıb. Bu yarışlara ciddi hazırlaşan Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunması üçün bütün imkanlardan istifadə edəcək.
Qonaq Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib, ölkəmizdə yaradılan idman infrastrukturunun dünya standartlarına cavab verdiyini xatırladıb. O, 2017-ci ildə Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunları zamanı dünyanın diqqətinin yenidən məhz Azərbaycana yönələcəyini vurğulayıb.
Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ile_Seudiyye_Arebistani_arasinda_gencler_ve_idman_sahesinde_emekdasligin_perspektivleri_muzakire_olunub-844502

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR