Bu gün akademik Kamal Abdullanın doğum günüdür

Bu gün Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın doğum günüdür.

Metbuat.az-ın məlumatına görə, rektor, akademik, 2014-2017-ci illərdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri olan, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, Azərbaycan Yaradıcılıq Fondunun sədri, Bakı Slavyan Universitetinin sabiq rektoru (2000-2014), dilşünas, ədəbiyyatşünas, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun üzvü və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının sədri olan Kamal Abdulla 4 dekabr 1950-ci ildə Bakıda ziyalı ailəsində doğulub.

Atası müəllim, anası həkim olan akademik, 1968-ci ildə Bakıda 190 saylı orta məktəbi bitirib. 1968-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1973-1976-cı illərdə SSRİ EA Dilçilik İnstitutunun “Türk dilləri” şöbəsinin əyani aspirantı olub. 1977-ci ilin yanvar ayında Moskvada “Sintaktik paralelizm” (“Kitabi-Dədə Qorqud” dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyasını, 1984-cü ildə isə Bakıda “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” adlı doktorluq dissertasiyasını müdafiə edib.

Türk xalqlarının qədim epik ədəbiyyatları sahəsində araşdırmalar müəllifidir. Elmi və publisistik məqalələri Azərbaycanda və ondan kənarda mütəmadi çap olunur. Dilçiliyə, Ədəbiyyatşünaslıq və ədəbi tənqidə, Qorqudşünaslığa dair bir çox kitabların müəllifidir. Bir çox xarici universitetlərdə mühazirələrlə çıxış edib, bir sıra beynəlxalq simpozium, konfrans və kollokviumların təşkilatçısı və iştirakçısı olub. 200-dən çox məqalə, 20-dən çox dərs vəsaiti və monoqrafiya müəllifidir.

Kamal Abdulla bədii yaradıcılıqla da məşğul olur – pyesləri, hekayələri, romanları, esseləri və şeirləri Azərbaycanda və xarici ölkələrdə çap olunur. 1990-cı ildən Azərbaycan Yaradıcılıq Fondunun (keçmiş Azərbaycan Mədəniyyət Fondunun) sədri, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin, Teatr Xadimləri Cəmiyyətinin, Azərbaycan Badminton Federasiyasının prezidentidir. 2010-cu ildən 2014-cü ilin mart ayına qədər AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi olub. 2009-cu ildə həyata keçirilməyə başlayan "Kitabi Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə" 10 illik beynəlxalq layihənin (Almaniyanın Mayns Universiteti və Folkenştayn Cəmiyyəti ilə birgə) ideya müəllifi və təşkilatçılarından biridir.

Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilib. Prezident İlham Əliyevin 1 iyun 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR