Hər kəs öz zəmanəsinə bənzəyir

20:17 9 Yanvar 2015
158 Sosial
Ölkə mətbuatı
A- A+

Həzrəti Əlinin bir sözü yaşadığımız bu illər üçün son dərəcə aktual səslənir: Övladlar öz valideynlərindən daha çox, zəmanəsinə bənzəyərlər.
 
Peyğəmbərimizin tərbiyəsini almış bu möhtərəm zatın söylədikləri hər nəslin öz əcdadını inkar etməsinə bəraət anlamında deyil, sadəcə, dəyişən zamanla bəşər övladının da dəyişdiyini göstərən ideal bir həqiqətdir. Bəli, hər kəs öz zəmanəsinin övladıdır. Bir zamanlar “qloballaşma” sözünün nə mənaya gəldiyini tam anlamasaq da, indi bu məfhumun altında dayanan mətləbləri başa düşə bilirik. Dünyanın ən müxtəlif ünvanlarında yaşayan, ən müxtəlif irqlərə, xalqlara, dinlərə və dillərə mənsub olan insanlar internet yolu ilə bir araya gəlir, eyni düşüncəni paylaşır və bu proses zamanı həmişə də zəif güclüdən nəsə götürür, etiraf eləməsə də ona bənzəməyə çalışır. Nəsillər arasındakı anlaşılmazlıq tarixin bütün mərhələlərində yaşanıb, amma dünyanın dəyişməsi ilə ortaya çıxan fərqliliklərin nəsillər arasında bu qədər açıq-aydın görünməsi elə bilirik ki, müşahidə olunmayıb.
 
Dünya dəyişir, həm də çox sürətlə dəyişir. Bu gün dünyanı texniki kəşflərlə dəyişənlərin özləri belə bu dəyişikliyin hansı ünvana varacağını təsəvvür belə edə bilmirlər. Sadəcə, hər kəs bir axına düşüb gedir və bu gedişatın kimə nə vəd edəcəyini də proqnozlaşdırmaq çox çətindir.
 
***
 
Min ilin ən çətin, ən sürətli illərini yaşayırıq. Elm, texnika elə bir həddə çatib ki, dünənki bu gün üçün əskidir, yararsızdır; günün tələblərinə ayaq uydurmaq böyük bir problemə çevrilib; hər nəsil özündən əvvəlkini təkzib edir; hər mövsümdə dünyanın başı üstündə əcaib bir bəla, xəstəlik əsib keçir...
 
Və belə bir zaman dilimində biz valideynlər övladlarımızı istədiyimiz kimi yetişdirməyə çalışırıq. İstədiyimiz də odur ki, ağıllı olsunlar, böyük-kiçiyin yerini bilsinlər, elm öyrənsinlər, başqalarına möhtac olmasınlar, kimsəyə zərər verməsinlər...
 
Amma heç ağlımıza da gətirmək istəmirik ki, övladlarımız bizim kimi olmaq istəmirlər. Nəinki bizim kimi, heç bizim istədiyimiz kimi də olmaq istəmirlər.
 
***
 
“Dünya dəyişir” deyirik. Bu, qaçılmaz həqiqətdir, amma dünya nə qədər dəyişsə belə dəyişməz həqiqətlər və qanunlar mövcuddur. Əsas məsələ o həqiqətlərlə yaşamaq və onları ən böyük miras kimi övladlarımıza verməkdir. Əgər bunu bacarsaq, dünya nə qədər dəyişir-dəyişsin, bizim üçün heç bir qorxusu yoxdur. Yox, əgər gecikiriksə, dəyərlərimizi gələcək nəsillərimizə ötürməkdə tərəddüd göstəririksə, o zaman gələcəyimizi itirməyə namizəd oluruq. Əsl təhlükə də elə budur. Övladımız həqiqətdən, doğru düşüncədən məhrum olandan sonra qürbətdə sultan olsa, nə faydası?!
 
Tərbiyədə təməl prinsiplər var, doğru istiqamət var, vazkeçilməz həqiqətlər var, bunları düşünmək və bu istiqamətdə iş aparmaq mühümdür. Bütün bunları düşünərkən, həyata keçirərkən də bəzi məsələləri böyütmək, “illah da mən deyən olmalıdır” israrı ilə davranmaq istənilən nəticəni verməz. Lazım gələndə güzəştə getməyi də bacarmalıyıq.
 
***
 
Əgər bir insanın həyatında bir-birinə zidd, hətta bir çox məqamlarda biri digərini inkar edən mərhələlər yer alırsa, məsələ daha da qəliz hala gəlir. Necə ki, bizim yaşadığımız bu zaman dilimində olduğu kimi. Yaşı əllini keçmişlərimizin hamısı sovet illərində doğulub, o illərin ideologiyası ilə formalaşıb və nə qədər inkar eləsə də, canında, düşüncələrində özündən xəbərsiz o illərin bir parçasını yaşadır. Bu nəslin nümayəndələrindən biri kimi mən özümün də, tanıdığım yaşıdlarımın da, bir qədər böyüklərin də bu mövzuda tez-tez problemlər yaşadığını, hətta stress keçirdiklərini bilirəm. Problemin kökü isə bizim ayrı-ayrı gənclərlə deyil, ümumilikdə zamanla, zamanın tələbləri ilə anlaşmaqda qəbul etmək istəmədiyimiz gerçəklərdir. Yeniyetmə yaşına gəlmiş övladınız saçını istədiyi kimi daraya, üzünü istədiyi kimi qırxa, istədiyi kimi geyinə bilər. Bu onun səlahiyyətidir, əgər sərt müdaxilə ilə mənzərəni istədiyiniz şəklə salmağa çalışsanız, nəticə gözlədiyinizdən daha ağır ola bilər. Ona görə də aradakı pərdəni götürmədən onun bu halına guya çox da əhəmiyyət vermirmiş görüntüsü ilə sevgi, nəvaziş dolu, amma xəfif bir üslubda məsləhətinizi verib, işin üstündən keçmək lazımdır. Yəni bu müdaxilə o qədər incə olmalıdır ki, yeniyetmə onun bu halından sizin məmnun olmadığınızı hiss edə bilsin.
 
***
 
Bir şey uğrunda savaşmaq bəzən qılıncla, bəzən də zərif bir üslubla olur. Bu məsələ o cür zərif davranış tələb edir, çünki təbiətdə olduğu kimi, insan münasibətlərində də əksər hallarda təsir əks-təsirlə cavablanır. Bəlkə bu cavab bir az gec gəlir, amma əksər hallarda gəlir və ona görə də bu üslub heç zaman faydalı hesab olunmayıb. Tərbiyənin ən səmərəli yolu örnək olmaqdır, övladı tərbiyə etməyin yolu özünü tərbiyə etməkdən keçir. Əgər siz övladı halal yetişdirmisinizsə, onun sizə qarşı hər hansı haqlı ittihamı yoxdursa, demək bu məsələdə Allah qarşısında borclu çıxmayacaqsınız. Üstəlik, onu da unutmayaq ki, övlad yetişdirmək, öz gələcəyi üçün sərmayə qoymaqdan daha çox, Allah qarşısında bir borcu yerinə yetirməkdir. Ona görə də heç əsəbiləşməyin, səsinizi də qaldırmayın, astaca məsləhət verin və haqq vermək mümkündürsə, bir az da övlada haqq verin, onu başa düşməyə, günün dəbini anlamağa çalışın. Vəssalam.
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318132.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR