ABŞ bu gün Qüdsü İsrailin paytaxtı elan edəcək?

ABŞ prezidenti Donald Tramp bu gün dünyanın həyəcanla gözlədiyi açıqlamanı verəcək.

Metbuat.az-ın məlumatına görə, bu barədə Ağ Evdən məlumat verilib. Məlumatda bildirilir ki, seçki vədinə uyğun olaraq, ABŞ prezidenti Donald Tramp bu gün müqəddəs şəhər olan Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanıyacaq. Ağ Ev, ABŞ liderinin kameraların qarşısına keçərək, gözlənilən bəyənatı verəcəyini açıqlayıb. Bəyənat hələ verilməsə də, bu artıq dünyanın ən böyük xəbər agentliklərinin manşetində yer alıb. Manşetlərdə “Tramp, Qüdsü İsrailin paytaxtı elan ediləcək” yazılıb.

Trampın qərarını ilk dəfə açıqlayan Ağ Ev sözçüsü Sarah Sanders deyib: “Prezident bir çox liderlə danışıb və danışmağa da davam edəcək. Bu qərarı özü açıqlayacaq”.

Adları açıqlanmayan səlahiyyətli şəxslər, Trampın ABŞ səfirliyinin Qüdsə köçürülməsi üçün hazırlıqların başlanması əmri verdiyini bildiriblər. Məlumata görə, Vaşinqton rəhbərliyi səfirlik üçün yeni bina tikəcək, buna görə də köçürülmə bir neçə ilə başa gələ bilər. Qeyd edək ki, Təl-Əvivdəki səfirlikdə təxminən 1000 adam işləyir.

Məlumata görə, İsraildə əhali bayram edir. Demək olar ki, bütün qəzetlər sevindirici xəbəri dərc ediblər. “Haaretz”dəki xəbərdə isə bildirilir ki, İsrail, Şərqi Qüds və İordan çayının qərb sahilində yarana biləcək qarşıdurmaya hazırlıq görür.

Qeyd edək ki, İsrail, 37 il əvvəl Qüdsü paytaxtı elan etsə də, bu, dünyada qəbul edilməyib.

Günay Elşadqızı / METBUAT.AZ

Tramp Qüds qərarını təxirə saldı - Səbəbi isə...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR